Əmiraslan bəy Xan sarayının həyətində onlara tərəf gələndə İbrahim xan Gövhər ağanı yelləncəkdə yelləyirdi.

Gövhər ağa:

– Bərk itələ!– dedi.– Bərk yellə!

İbrahim xan Əmiraslan bəyi görüb:

– Bəsdi,– dedi.– Düş, qaç.

Gövhər ağa da Əmiraslan bəyi gördü və başa düşdü ki, getmək lazımdı, yelləncəkdən düşüb, könülsüz-könülsüz uzaqlaşdı.

İbrahim xan qızın ardınca baxdı, sonra Əmiraslan bəydən soruşdu:

– Nədi? Neçə vaxtdı görürəm, özünə yer tapa bilmirsən.– Bir az hirsli təkrar etdi:– Nədi?

Əmiraslan bəy:

– Xan sağ olsun, üzr istəyirəm ki, cəsarət edib sizdən izn istəyirəm.

– Nə izn?

– İzn verin, mən bir günün içində o rus qarnizonunu dağıdıb, onları Qarabağdan qovum! O 500 soldata sizdən bircə gün vaxt istəyirəm, bacarmasam, vurdurun boynumu!

– Sonra?

– Sonra da Allah kərimdi!

İbrahim xan yanıb-töküldü:

– A kişilər!– dedi.– Ay mənim qardaşlarım! Ay bəylər! Ay qəhrəmanlar! Təkcə Allaha ümidin axırını Cavad xan göstərmədi sizə? Nə üçün sizin gözünüz bu qədər bağlıdı? Bu qədər avamlıq olmaz axı!.. Nə üçün siz elə bilirsiz ki, mən bu torpağı sizdən az istəyirəm?! Nə üçün siz elə bilirsiz ki, mənim ruslardan sizdən az zəhləm gedir?! Sən qovdun qarnizonu, başa düşdüm! Bəs, Sisianov gəlib bütün bu eli-obanı topa tutanda nə edəcəksiz?! Nə elədi səndən əvvəlki qoşunbaşı? Saday bəy ki, bütün Qarabağ igidləri onun başına and içirdi! Nə elədi? Getdi Cavad bəyə kömək eləməyə, üç nəfər-beş nəfər əsgər öldürdü, özünü də məhv elədi!

İbrahim xan susdu və araya sükut çökdü.

Handan-hana Əmiraslan bəy soruşdu:

– Bəs biz nə etməliyik, xan sağ olsun? Əsgərlər analarımızın, bacılarımızın gözü qabağında erməni arağı içib, keflənib qışqırmalıdı, bizi də vecinə almamalıdı?

İbrahim xan:

– Dözmək lazımdı!– dedi.

Yenə sükut çökdü və bu dəfə sükutu İbrahim xan özü pozdu:

– Mən məlumat almışam ki, Abbas Mirzə rusların üstünə böyük hücuma hazırlaşır. Səbr elə… Görək, nə olur?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri