Səhifə 9 / 9 · 89%

Mirzəibi səsini çıxartmadı, çünki o saat başa düşdü ki, söhbət elə bir işdən gedir ki, Mirzəibinin o işə qarışmağa səlahiyyəti çatmır.

Nəcəf Ağayeviç o girdə mizin arxasında üzbəüz oturduğu Nadejda Fyodorovnaya baxdı: əlbəttə, belə bir adamla, yəni Əbdül Qafarzadə ilə münasibətləri korlamaq heç vəchlə onların xeyrinə ola bilməzdi (şəxsən bu evə gəlməyi də, yəqin ki, bir növ, xəbərdarlıq idi!) və belə bir adamın bilavasitə özünün bu işə girişməyi Nəcəf Ağayeviç üçün təhlükəsizliyi təmin edirdi; hərgah bu xahişi rədd etsəydi, Əbdül Qafarzadənin simasında elə bir düşmən qazanacaqdı ki, iki nəfərdən ibarət bu kiçik ailə (beynəlmiləl ailə olsa da) həmişəki rahatlığı ilə yaşaya bilməyəcəkdi– bu, gün kimi aydın bir həqiqət idi.

Həkim Nəcəf Ağayeviç gözlərini Nadejda Fyodorovnadan çəkib Əbdül Qafarzadəyə baxdı: «– Çətin işdir...» Əbdül Qafarzadə: «–Bilirəm...» – dedi. Nəcəf Ağayeviç dərindən nəfəs aldı: «–Yalnız sizə dərin hörmətim olduğu üçün... taparam...» Əbdül Qafarzadə: «Çox sağ ol, həkim, – dedi. – Mən belə şeyləri yaddan çıxarmıram».

İki yüz əlli qəlp qızıl onluğun hamısını bir yerdə əlli min manata sövdələşdilər (Nəcəf Ağayeviç: «–Mənim özümə heç nə lazım deyil, – dedi. – Yalnız sizin xahişinizi yerinə yetirəcəyəm, lazımi adamlarla danışacağam, yaxşı sənətkar tapacağam... Özüm sizdən heç nə götürmərəm...») və Əbdül Qafarzadə Fərid Kazımlıdan aldığı iki yüz əlli min manat pulun (Fərid Kazımlı, görəsən, M.P.Qəriblidən nə qədər almışdı: üç yüz min? Yoxsa bir az da çox?) əlli min manatını həkim Nəcəf Ağayeviçə verdi və təxminən on gündən sonra, iki yüz əlli qəlp sikkəni əsl Nikolay onluğu kimi Fərid Kazımlıya təqdim etdi.

Əbdül Qafarzadə həmin əməliyyatdan nəqd iki yüz min manat mənfəət əldə etdi. Nəcəf Ağayeviç isə bu əməliyyatdan cəmi on min manat pul qazandı (qəlp sikkələri qırx min manata düzəltdirmişdi), amma bu əməliyyatın qiyməti onun üçün, həqiqətən, qat-qat artıq idi: Əbdül Qafarzadənin dostları sırasına keçirdi və Bakıda canavar kimi burun-buruna dayanmış rəqiblərinin arasında rahat bir ömür sürəcəkdi...

Əlbəttə, bir sellofan torba həmin qəlp sikkələr, əslində, bomba idi, haçansa partlayacaqdı, amma bunun daha Əbdül Qafarzadəyə dəxli yox idi. Bunun heç Fərid Kazımlıya da dəxli yox idi; adicə olaraq Fərid Kazımlı heç özü də bilmədən M.P. Qəribliyə bir sellofan torba dolusu bomba verirdi; bəlkə heç M.P.Qəriblinin də o bombadan xəbəri olmayacaqdı, o qəlp sikkələri həqiqi qızıl bilib ömrünün axırınacan istisinə qızınacaqdı... Bəlkə də xəbəri olacaqdı və o bomba partlayacaqdı? Partlayacaqdı və əlbəttə, M.P. Qəriblinin özünü infarkt edib öldürəcəkdi, çünki M.P. Qəribli kimə gedib şikayət edəcəkdi, kimə deyəcəkdi ki, məni, köhnə partiya üzvünü, rəhbər işçini, Rayon Partiya Komitəsinin birinci katibini aldadıblar, mənə Nikolay onluğu əvəzinə, iki yüz əlli dənə qəlp onluq veriblər?.. Hardan idi səndə bu qədər pul ki, iki yüz əlli dənə Nikolay onluğu almaq istəyirdin, ay yoldaş birinci katib? Hər halda, bundan sonrası Əbdül Qafarzadənin yox, M.P. Qəriblinin özünün qayğısı idi...

...Həmin aprel günü bu hadisə artıq keçmiş zamanların hadisəsi idi və o bomba hələ ki, partlamamışdı; diş həkimi Nəcəf Ağayeviçin çil-çil kürən sifəti, qıpqırmızı saçı, qaşı, kirpiyi Əbdül Qafarzadənin gözlərinin qabağından çəkildi və kişi Fərid Kazımlı ilə söhbətə qayıtdı:

– Qurddu deyirsən?

– Bəs nədi? Görmürdün, o vaxt deyirdi ki, ərizə verib gedəcəyəm... Bəs nə oldu?

– Vəzifə şirin şeydi də... – Bu sözlərin özü də ikibaşlı idi, çünki Fərid Kazımlı özü də vəzifə sahibi idi və indi onun qəbul otağında oturub qəbul gözləyən bir çox insanın müqəddəratı bu adamın əlində idi.

– Şirin şeydi, onda fason eləməsin... Qurddu, qurd.

Əbdül Qafarzadə bayaqkı sözlərini təkrar etməyi lazım bildi:

– Qurddu, qoy olsun də... Bəs, biz nəyik, dovşan-zadıq?

Bu açıq-aşkar hədə-qorxudan Fərid Kazımlı da öz payını götürməli idi. Rayon İcraiyyə Komitəsinin sədri:

– Vallah, – dedi, – sizin içinizdə baş çıxarmaq, sağ-salamat qalmaq çətin işdi... Sən hər tərəfdən özünü straxavat eləyirsən. Bəs, mən özümü necə straxavat eləyim? Hə? Bunu heç fikirləşmisən?

Əbdül Qafarzadə daha gülümsəmədi, həmişəki ciddi ifadə ilə:

– Bunu gərək sən özün fikirləşəsən də, başuva dönüm sənin – dedi. – Ayağa qalxdı və pencəyinin döş cibindən indicə evdə hazırladığı zərfi çıxarıb mizin üstündə sədrin qabağına qoydu.

Sədr zərfə baxdı, sonra mizin orta yeşiyini çəkdi və zərfi götürüb yeşiyə qoydu, Əbdül Qafarzadənin açıq-aşkar hiss elədiyi bir gileylə:

– Özün də aya-ilə dönmüsən... – dedi.

– Bağışla, bu dəfə bir-iki gün gecikdirdim, amma, vallah, işim yaman çoxdu, heç başımı qaşımağa vaxt tapmıram... Gedə bilərəm?

– Bir sözüm vardı sənə... – Fərid Kazımlı vəzifəcə özündən qat-qat aşağı olan Əbdül Qafarzadədən bir şey xahiş edəndə, həmişə tutulurdu, çətinlik çəkirdi. – Baldızım, oğlunu evləndirib axı...

– Mübarək olsun!

– İndi Moskvaya gedirlər, svadebni puteşestviyaya...

– Sağ-salamat gedib-qayıtsınlar!

– Moskvada qastinisa məsələsinə kömək eləyə bilərsən?

– Nə vaxt gedirlər?

– Sabah.

– Axşam zəng eləyib sənə deyərəm ki, hansı mehmanxanaya düşsünlər. Gedə bilərəm?

– Get də...

Əbdül Qafarzadə kabinetdən çıxmaq istəyəndə, birdən ayaq saxladı, sədrə tərəf gəldi:

– Deyəsən, mən də skleroz olmağa başlayıram... Sən elə elə ki, yol çəkmək üçün asfalt sexi açım. Nə imkanın varsa, elə. Qoy açım o sexi. Hələ ki, başqa adama demirəm, sənə deyirəm, kömək elə...

Bu da bir xəbərdarlıq idi, Fərid Kazımlı bunu yaxşı başa düşürdü və Əbdül Qafarzadənin də sözdə yox, həqiqətdə imkanlarını yaxşı bilirdi.

Əbdül Qafarzadə təkrar etdi:

– Kömək elə... həm qəbiristanlıqda abadlıq olsun, həm planı yaxşı verək, həm də ki... çox yaxşı olar. Uzağa getmirəm heç, bax, Bakının o köhnə məhəllələrində binalar ki, var e, hamısının damı qırdandı. Sayı-hesabı yoxdur o cür binaların, payızda, qışda da damları su buraxır, təmir elətdirə bilmirlər. Qırçı, day demək olar ki, yoxdu şəhərdə. Mən onların təmirinə başlasam, bilirsən nə olar? Bu pulu, sayıb qurtarmaq olmaz... Sənin də işlərin yaxşı olar...

Fərid Kazımlı yaraşıqlı çeşməyinin arxasından yenə də zəndlə Əbdül Qafarzadəyə baxdı və:

– Baxarıq... – dedi.

Əbdül Qafarzadə sədrin kabinetindən çıxdı.

Zərfdə, həmişəki kimi, min manat pul var idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri