Səhifə 8 / 9 · 78%

Əlbəttə, Fərid Kazımlı başa düşürdü ki, bu pulun hər min manatının azı iki yüz manatını Əbdül Qafarzadə özünə götürəcək və Əbdül Qafarzadə də bilirdi ki, Fərid Kazımlı hər bir qızıl onluğun qiymətini M.P.Qəribliyə min manat yox, aşağısı min iki yüz manat deyəcək. Düzdü, Əbdül Qafarzadənin də, Fərid Kazımlının da əldə edəcəkləri o pula ehtiyacları yox idi, amma bu bir şakər idi, oyun idi, bəlkə də lap xəstəlik... Amma – Əbdül Qafarzadənin boz gözləri gülümsədi – bu işləri hələ bilmək olmaz.

Səhərisi gün Fərid Kazımlı xəbər verdi ki, M.P.Qəribli deyilən qiymətə razıdır.

Diş həkimi Nəcəf Ağayeviç Əbdül Qafarzadənin, daha doğrusu, Mirzəibinin çoxdankı müştərisi idi; bu kürən və naməlum yaşlı kök adam, həqiqətən, gözəl bir diş həkimi idi və Bakının, dişi xəstələnmiş, xüsusən də ağzında protez gəzdirən bir çox sakinlərinin arasında böyük nüfuzu var idi, amma o xəstələrin və protez sahiblərinin çoxunun xəbəri yox idi ki, həkim Nəcəf Ağayeviç, eyni zamanda, uzun illərdir ki, gizlin qızıl alveriylə də məşğuldur və bu sahədə də müştərilər arasında böyük nüfuz sahibidir.

Ümumiyyətlə, həkim Nəcəf Ağayeviç çox diribaş adam idi və evində işlətdiyi alman diş qurğusunun qarşısında inamla dayandığı kimi, həyatın da hər üzünə hazır bir usta idi. O vaxtlar bütün ölkə, o cümlədən, Azərbaycan Respublikası da Sov. İKP-nın XXVI Qurultayına hazırlaşırdı, hər yerdə söhbət iqtisadiyyatın, təsərrüfatın, maddi-mədəni quruculuğun hər bir sahəsində, eləcə də xalqlar dostluğu sahəsində əldə edilmiş misilsiz nailiyyətlərdən gedirdi, hamı mükafatlandırılırdı, fəxri adlara layiq görülürdü, şairlər keçici Qırmızı bayraqlar haqqında uzun və əsl bayram təntənəsinə layiq şerlər yazırdı, qəzetlər, xitabət kürsüləri, radio və televiziya Leonid İliç Brejnevin atalıq qayğısından danışırdı, gözəl artist Vyaçeslav Tixonov hər axşam Mərkəzi televiziyada özünəməxsus bir sənətkarlıqla L.İ.Brejnevin əsərlərini oxuyurdu (buna görə də SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü!). Belə bir vaxtda, mətbuatın, təntənəli iclasların, görüşlərin bu cür ruh yüksəkliyi ilə dolu coşğun bir çağında həkim Nəcəf Ağayeviçin yeganə qayğısı Bakının havası nisbətən təmiz olan dağlıq hissəsindəki mənzilinin küçəyə baxan böyük eyvanını şüşəbənd elətdirməkdən ibarət idi.

Məsələ burasında idi ki, binanı tikəndə Bakının küləyini nəzərə almamışdılar, həmin eyvanı həmişə külək tuturdu və küləyin əlindən hətta yayda da eyvana çıxıb hava almaq, çay içmək, nərd oynamaq, demək olar ki, mümkün deyildi, amma o eyvanı şüşəbənd eləmək üçün də heç cürə icazə almaq mümkün deyildi (guya, şüşəbənd salınsaydı, təkcə o onmərtəbəli binanın yox, yeni salınmış bütün o yeni prospektin arxitekturası pozulurdu). Həkim Nəcəf Ağayeviç usta çağırıb bir-iki dəfə bu eyvanı şüşəbənd eləməyə cəhd göstərmişdi, amma axşam milis idarəsindən gəlib sökmüşdülər; bir sözlə, iş gəlib elə bir nöqtəyə dirənmişdi ki, tanışlıq da,rüşvət də kömək eləmirdi. Bir şüşəbənd məsələsindən ötrü yüksək rütbəli şəxslərə müraciət etmək ayıb idi, yerinə düşməzdi, kiçik rütbəli şəxslər isə yüksək rütbəli şəxslərin qorxusundan icazə verə bilmirdilər.

Günlərin bir günü həkim Nəcəf Ağayeviç dörd-beş usta çağırıb əvvəldən hazırlatdığı taxtalardan, şüşələrdən bircə gecənin içində şüşəbənd düzəltdirdi və dördüncü mərtəbədəki o şüşəbəndin küçəyə baxan hissəsində iri və yaraşıqlı qırmızı hərflərlə: Sov. İKP-nin XXVI qurultayına eşq olsun!

– sözlərini yazdırdı, Leonid İliç Brejnevin marşal paltarında, döşü Qızıl ulduzlarla, Lenin mükafatlarıyla, saysız-hesabsız orden və medal lentləri ilə dolu böyük şəklini (bu şəkli də Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda əvvəlcədən sifariş verib, çəkdirib evə gətirmişdi) o şüarın üstündən asdırdı və bununla da kifayətlənməyib L.İ. Brejnevin Sov. İKP MK-nın yenicə seçilmiş katibi K.U.Çernenko ilə birlikdə 1978-ci ilin sentyabr ayında Bakıya gələrkən Azərbaycan paytaxtına Lenin ordeni təqdim olunmasına həsr edilmiş təntənəli iclasda dediyi və bütün Sovet İttifaqına səs salan sözləri: Şiroko şaqayet Azerbaydjan!

– rus dilində (bunu da iri qırmızı hərflərlə elə həmin Bədii Fondda yazdırmışdı) şüşəbəndin yan tərəfindən asdırdı;bundan sonra nə milis idarəsində, nə rayon İcraiyyə Komitəsində, nə də yuxarı təşkilatlarda heç kim çürət eləyib gəlib bu şüşəbəndi sökə bilmədi. Rayon İcraiyyə Komitəsi növbədənkənar iclasında xüsusi qərar qəbul edib, binanın görkəmi memarlıq baxımından korlanmasın deyə, təcili surətdə o onmərtəbəli binanın bütün küçə eyvanlarını şüşəbəndə çevirdi. O zaman Nadejda Fyodorovna özünü saxlaya bilməyib başını bulaya-bulaya tənə ilə ərinə dedi: «– İm vsem to oboşlos besplatno! A tı, durak, istratil stolko deneq!». Qonşular, əlbəttə, bu işdən çox razı qalmışdılar, hamının, hətta Nəcəf Ağayeviçdən zəhləsi gedənlərin də ürəklərində bu kürən adama bir minnətdarlıq hissi baş qaldırmışdı, amma Rayon İcraiyyə Komitəsinin göstərişi və Evlər İdarəsinin ciddi-cəhdi ilə o yeni şüşəbəndlərə o qədər şüarlar vurmuşdular, o qədər Leonid İliç Brejnevin şəkillərini asmışdılar ki, mənzillərə işıq düşmürdü və Nəcəf Ağayeviç bu fürsətdən istifadə edib öz eyvanına vurduğu şüarları, L.İ.Brejnevin şəklini gecələr xəlvətcə bir-bir çıxartdı, heç kim də bunun fərqinə varmadı. Düzdü, şüşəbənd Nəcəf Ağayeviçə pulla başa gəlmişdi, amma qonşulardan fərqli olaraq, indi onun mənzilinə işıq düşürdü və Nadejda Fyodorovna da təskinliyi bunda tapırdı.

Həkim Nəcəf Ağayeviçin arvadı, gözəl diş texniki Nadejda Fyodorovna rus idi və hökumətdən bir şey qopartmaq istəyəndə (ya işləmək üçün əlverişli poliklinika tələb edəndə, ya növbədənkənar avtomobil almaq istəyəndə, ya rəsmi sənəti, yəni həkimliyi ilə bağlı xarici ləvazimat və aparatura uğrunda mübarizə aparanda və s.) azərbaycanlı Nəcəf Ağayeviç bu cəhəti xalqlar dostluğuna nümunə kimi, xüsusi olaraq, vəzifəli yoldaşların nəzərinə çatdırırdı, lazım olanda, Azərbaycan KP MK-ya, Sov.İKP MK-ya, Siyasi Büroya, L.İ.Brejnevə, hətta xüsusi ehtiyac hiss edəndə Leninin mavzoleyinə («Əziz Vladimir İliç! Sən ölməmisən, sən bizim üçün daima canlısan! Buna görə də beynəlmiləl ailəmiz adından sənə müraciət edirik...») şikayət teleqramları vururdu və sonsuz olduqları üçün iki nəfərdən ibarət bu ailə Bakıda, olsun ki, ən firavan həyatlardan birini sürürdü. Nadejda Fyodorovna ağappaq idi, Nəcəf Ağayeviç isə qıpqırmızı idi, amma bu adamlar bir-birilərini o qədər sevir və başa düşürdülər ki, sifətdən bir-birilərinə bənzəməsələr də, elə bil, ər-arvadlıqdan əvvəl əkiz bacı-qardaş olmuşdular.

Fərid Kazımlı ilə həmin qızıl söhbətindən sonra, Əbdül Qafarzadə Qəbiristanlıq İdarəsinə gedib Mirzəibini yanına çağırdı və tapşırdı ki, həkim Nəcəf Ağayeviçə sifariş göndərsin, axşam bir yerdə həkimin evinə gedəcəklər. Mirzəibi təəccüb etdi, çünki Əbdül Qafarzadəyə qızıl lazım olanda özü heç vaxt həkim Nəcəf Ağayeviçgilə getməzdi, bu iş tamamilə Mirzəibinin öhdəsinə düşürdü; düzdü, Əbdül Qafarzadə həkim Nəcəf Ağayeviç tərəfdən arxayın idi, bilirdi ki, bu kürən adam ehtiyatlı, tədbirlidir, dünyanın işlərindən baş çıxara bilir və indiki zamanda, ölkəni bürümüş bu təntənə içində belə bir adamın ilişməsi ehtimalı sıfra bərabərdir, amma, buna baxmayaraq, özü heç vaxt bilavasitə Nəcəf Ağayeviçlə əlaqəyə girməmişdi, vasitəçi həmişə Mirzəibi olmuşdu.

Əbdül Qafarzadə belə lazım bilirdisə, deməli, belə də olmalı idi– Mirzəibi həkim Nəcəf Ağayeviçlə danışdı, axşam Əbdül Qafarzadə ilə birlikdə o gözəl şüşəbəndli mənzilə getdilər. Nadejda Fyodorovna gözəl diş texniki, ərinin gözəl köməkçisi olmaqla bərabər, gözəl də çay dəmləyirdi və Əbdül Qafarzadə üstünə tərtəmiz süfrə salınmış, gümüş çəngəl-bıçaq düzülmüş meyvəli, şirniyyatlı girdə mizin arxasında oturub o gözəl çaydan (hayıf ki, hili yox idi) bir-iki qurtum aldı, sonra armudu stəkanı nəlbəkiyə qoydu və «– Mənə iki yüz əlli dənə qızıl onluq lazımdır» – dedi.

Əlbəttə, həkim Nəcəf Ağayeviçin də, Nadejda Fyodorovnanın da Bakıda bilmədiyi şey yox idi və hərdən qızıl alverini Mirzəibi ilə eləsələr də, bu qızılın, əslində, kimə çatdığını bilirdilər. Nəcəf Ağayeviç bu dəfə Əbdül Qafarzadənin özünün gələcəyini eşidəndə başa düşdü ki, söhbət nəsə əsaslı bir məsələdən gedir. Deməli, çox qızıl istəyirmiş, ona görə özü gəlib.

Həkim Nəcəf Ağayeviç arvadının dəmlədiyi çayı həmişəki ləzzətlə içə-içə: «– İki yüz əlli dənə onluq?» – soruşdu. - Əbdül Qafarzadə «– Hə, iki yüz əlli dənə onluq, – dedi. – Ancaq... iki yüz əllisi də falşivi olsun.» «– Nə?» – Çay az qaldı həkim Nəcəf Ağayeviçin boğazında qalsın. «– Falşivi?» – Əbdül Qafarzadə boz gözlərini həkim Nəcəf Ağayeviçin gözlərindən çəkməyərək başının hərəkəti ilə sözlərini təsdiq edə-edə həmişəki sakitliyi ilə dedi: «– İki yüz əllisi də falşivi olsun».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri