Səhifə 6 / 9 · 56%

Əbdül Qafarzadə işin içində olan, işdən baş çıxaran təcrübəli bir adam idi və buna görə də tamam əmin idi ki, Sovet İttifaqında fəhlədən tutmuş partiya işçilərinə qədər, təsərrüfat rəhbərlərindən tutmuş şairlərə və alimlərə qədər hökumətdən maaş alan, pul qopardan adamların azı altmış faizi kapitalist ölkələrində acından ölərdi, çünki bu adamlar burada heç nə eləməyib maaş alırdılar, pul qazanırdılar; elədikləri də ancaq özləri üçün idi: trolleybus sürücüsü hökuməti aldadıb bilet pulunu özü üçün qazanırdı və o puldan öz briqadirinə də verirdi, briqadir bir az böyüyünə verirdi, o – trolleybus parkının rəisinə, rəis özündən böyüyünə, o da bir az yuxarıya və o trolleybus biletindən qəpiyin yüzdə biri də olsa, gedib çıxırdı lap yuxarılara, az qala, Allahın yanına... həmin yüzdə bir qəpiyi vur milyona, vur milyarda, vur trilyarda, neçə manat eləyir?

Stalin cəllad idi– əlbəttə, buna söz ola bilməz. Xruşşovun da ipinin üstünə odun yığmalı deyildi – bu da məlum məsələdi. Ən yaxşısı şübhəsiz ki, bu Brejnev idi: təriflə, öz işini gör. İndi Brejnevin vaxtında ki, rüşvət belə ayaq alıb yeriyir, ordenlər, medallar da, deputatlıq da rayon ölçülü bu cür (M.P.Qəribli kimi!) balaca hakimi-mütləqlərdən tutmuş lap yuxarılaracan rüşvətlərlə alınır, yalançı əmək raportları bütün dünyanı başına götürüb, kənd sovetindən tutmuş partiya qurultaylarınacan bütün ölkə miqyasında keçirilən iclaslar teatr tamaşalarına çevrilib (çıxış edənlər də – artistlərə!), haradan istəyirsən və hara istəyirsən, ezamiyyətə getmək, əslində, qonaqlığa getmək olub, vallah, billah, buna ancaq Sovet İttifaqı dözə bilər... Bütün bunları fikirləşəndə Əbdül Qafarzadə az qalırdı Sovet İttifaqının təəssübünü çəksin... Sonra gülümsəyirdi: eybi yox, gələcəkdə hər şey düzələcək...

Əbdül Qafarzadə həmin günəşli aprel səhəri Rayon İcraiyyə Komitəsindəki müşavirədə çıxışını gələcəklə başa vurub xitabət kürsüsündən aşağı düşdü, sonra daha iki çıxış oldu, sonra saat on ikiyə az qaldığı üçün birinci katib qalxıb özü maşavirənin işinə yekun vurdu və bir o qədər çıxış eləyənlərin içində təkcə Əbdül Qafarzadənin çıxışının üzərində dayandı:

– Görürsünüz, yoldaşlar, – dedi. – Belə baxsan kiçik bir təsərrüfatın rəhbəridir. Lakin iqtisadi problemlərdən tutmuş vətəndaşlıq problemlərinəcən, hər şeyi necə dəqiq bilir, öz fikirlərini səlis ifadə edir, ən başlıcası isə, Bakı sakinlərinin təəssübünü çəkir, xalqın interesini güdür. Masştabla fikirləşir, başa düşürsüz, masştabla. Sizin çoxunuz danışdı burda, lakin əlinizdə kağız olmayanda adam başa düşmür ki, nə deyirsiniz. Amma Qafarzadənin danışığında dəmir məntiqə fikir verdiniz? Niyə belədir? Ona görə ki, işlə yaşayır, işə canı yanır, ona görə ki, işdən başı çıxır, bilir nə edir və kiminçün edir. Sizin çoxunuzu qoymuşuq rəhbər işə, lakin çoxunuzun öz işinizdən xəbəriniz yoxdur. Elə bilirsiniz mən bilmirəm? Bilirəm. Bütün siqnallar gəlib çatır mənə. Cavanlar çoxdu bu zalda, bax, öyrənin bu təcrübəli təsərrüfat işçisindən, öyrənin Qafarzadədən. Sən də, Kazımlı, – birinci katib üzünü Fərid Kazımlıya tutdu və yenə də bircə anın içində birinci katibin sifətinin ifadəsi dəyişdi, bayaqdan nəsihətlər verən, xeyirxah tərzdə danışan ağsaqqal adamın əvəzinə indi Fərid Kazımlıya tamam qəddar bir adam baxırdı, – onun sözünü kəsmə!..

Fərid Kazımlı yenə göz-görəti kiçildi, əridi, az qaldı tamam yox olsun, amma, buna baxmayaraq, bu zalda oturanların demək olar ki, hamısı yaxşı bilirdi, Fərid Kazımlı nə qədər kiçilsə də, ərisə də bu, müvəqqəti balacalaşmadı – zalda əyləşənlərin işi dolanıb, fırlanıb, yenə də gəlib Fərid Kazımlıdan keçirdi.

– Lakin, yoldaş Qafarzadə, – birinci katib bu dəfə də üzünü zalda oturmuş Əbdül Qafarzadəyə tutdu, – məntiq məntiq yerində, plan isə plan yerində. – Birinci katib bu sözlərin təsirini daha da artırmaqdan ötrü barmağını üç-dörd dəfə xitabət kürsüsünə vurdu və əvvəlcə rəyasət heyətində oturanlar, sonra da onlara baxan zaldakılar əl çalmağa başladılar.

Birinci katib planın vacibliyi barədə danışdı, zala toplaşmış bütün təsərrüfat rəhbərlərinə planların artıqlaması ilə yerinə yetiriməsi üçün var qüvvələrini səfərbərliyə almaqlarını tapşırdı, lazım bildiyi göstərişlər verdi, tez-tez saatına baxa-baxa (və qarnı quruldaya-quruldaya...) geridə qalanlara xəbərdarlıq etdi və çıxışını bu sözlərlə qurtardı ki, bütün planlar (bu sözləri də deyəndə barmağını üç-dörd dəfə xitabət kürsüsünə vurdu və təkrar etdi: «–Bütün planlar!») artıqlaması ilə yerinə yetirilməlidir ki, rayon bütün göstəricilər üzrə sosializm yarışının qalibi olsun. Axırda da lap gül elədi:

– Yoldaş Qafarzadə düz deyir, müdrik deyir. Gələcək naminə hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Bax beləcə... Bu da sənin gələcəyin.

İclas qurtaran kimi, Əbdül Qafarzadə elə Rayon İcraiyyə Komitəsinin binasının birinci mərtəbəsindən evə zəng elədi ki, görsün Qaratel necədir. Dəstəyi Qaratel özü götürdü, dedi ki, yaxşıdır, Sevil də gedib konservatoriyaya, sonra da soruşdu ki, günortaya nə bişirsin, Əbdül Qafarzadə acıqlandı ki, heç nə bişirmək lazım deyil, uzan, istirahət elə, özüm gəlib bir şey düzəldərəm.

Əbdül Qafarzadənin Rayon İcraiyyə Komitəsindən çıxıb Qəbiristanlıq İdarəsinə gəlməyi heç qırx dəqiqə çəkmədi, amma kabinetinə girən kimi (gözləmə otağında da tösmərək bir oğlanla arıq və əcaib bir kişi, deyəsən, onu gözləyirdi...), katibə qız (İdarədə katibə ştatı yox idi, bu qızı fəhlə ştatı ilə – guya, qəbirqazandı – işə götürmüşdü) xəbər verdi ki, Rayon İcraiyyə Komitəsinin sədri Fərid Kazımlı yoldaşın katibəsi Ayna xanım zəng eləyib, sədr sizi çağırır.

Əbdül Qafarzadə yazı mizinin üstündəki təzə qəzetlərə baxdı. Bu adam siqaret çəkmirdi, içkiyə aludə deyildi – hərdənbir kefinə düşəndə yüz-yüz əlli, uzaq başı iki yüz qram araq içərdi, amma bircə gün də qəzetsiz dayana bilməzdi (bir də ki, tarixi kitabları çox xoşlayırdı). Qəzet, elə bil ki, narkotik bir maddə kimi, Əbdül Qafarzadənin gündəlik həyatına daxil olmuşdu və qəzetlərin oxunuşu da xüsusi bir rituala çevrilmişdi: günorta təxminən on iki ilə bir arası – yəni indiki vaxt – yazı mizinin arxasına keçirdi, çeşməyini dəyişirdi, həmişə eyni bir ardıcıllıqla düzdüyü qəzetləri – əvvəlcə Azərbaycan dilində, sonra rus dilində – bir-bir götürüb oxumağa başlayırdı, özü də birinci səhifədən yox, sonuncu səhifədən oxumağa başlayırdı və bütün sahələrə həsr olunmuş yazıları oxuyurdu və bu vaxt Qəbiristanlıq İdarəsində işləyənlərin, ora gəlib-gedənlərin hamısı bilirdi ki, kişi məşğuldur, qəzet oxuyur və ona mane olmaq olmaz.

Nə isə, həmin günəşli aprel günü Əbdül Qafarzadənin qəzetinin vaxtı keçirdi, amma buna baxmayaraq, gözlərini mizin üstündəki təzə qəzetlərdən çəkib katibə qıza baxdı, gülümsədi və o cavan katibə qız Əbdül Qafarzadənin təbəssümünü özü bildiyi kimi yozdu və qızardı: o cavan katibə cəmi on gün idi ki, Qəbiristanlıq İdarəsində işə başlamışdı və bu on gün müddətində qızı yaxşı başa salmışdılar ki, Əbdül Qafarzadə kimdir və əlbəttə, çalışıb onun rəğbətini qazanmalıdır; qız artıq bilirdi ki, Əbdül Qafarzadə istəsə, Tülkü Gəldi Qəbiristanlığının yanındakı Sulu dərənin suyunu bir günün içində boşaldar, əgər istəsə, Bakının girəcəyindəki o Qurd qapısı dikdiri ki var, bircə günün içində yerlə yeksan elətdirər. Məktəbi bitirdikdən sonra bir neçə il instituta girə bilməmiş və gəlib qəbiristanlıqda katibə işləməyə məcbur olmuş bu gözəl cavan qız ürəyində Əbdül Qafarzadədən həm qorxurdu, həm də bütün içinə qəribə bir maraq çökmüşdü: baxırsan, adi adamdı, işə avtobusla gəlib-gedir, heç kimlə işi yoxdur, geyim-keçimi də, düzdü, səliqəlidi, amma on gündü əynində elə eyni kostyumdu... İyirmi ildən artıq bu idarədə makinaçı işləyən Bədurə xanım isə üç gün bundan əvvəl Əbdül Qafarzadənin kabinetinə işarə edərək «– Çalış... – demişdi. – İnstituta da qoyar səni, aspiranturaya da düzəldər, sonra da lap professor eləyər...» Düzdü, Bədurə xanım bu sözləri deyib gülmüşdü, amma o gülüşdə gizli bir kin-küdurət var idi...

Amma o gözəl katibə qız nahaq qızarırdı, çünki o dəm Əbdül Qafarzadənin təbəssümünün bu qıza heç bir dəxli yox idi və ümumiyyətlə, Əbdül Qafarzadənin on gündə bu qıza heç əməlli-başlı baxmağa vaxtı olmamışdı.

Əbdül Qafarzadə yenə də avtobusa minib əvvəlcə evə getdi, pencəyinin döş cibinə zərf qoydu, sonra Rayon İcraiyyə Komitəsinə getdi. Beş-altı nəfər sədrin qəbulunu gözləyirdi, amma Ayna xanım – ömrünün son on beş ilini yalnız Fərid Kazımlı ilə işləyən, Fərid Kazımlı bir-bir rəhbər vəzifələri dəyişdikcə o da öz işini dəyişib (Fərid Kazımlının idarə maşınının sürücüsü də belə idi) hər yerdə ona katibəlik eləyən bu yaşlı və təcrübəli qadın Əbdül Qafarzadəni görən kimi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri