Səhifə 5 / 9 · 44%

Bu dəfə Əbdül Qafarzadənin sözünü Rayon İcraiyyə Komitəsinin sədri Fərid Kazımlı kəsdi:

– Bəs, necə olsun, yoldaş müdir, nə təklif eləyirsiniz? Plansız təsərrüfat olar?

Zala pıçıpıçı düşdü, rəyasət heyətində oturmuş rəhbər işçilər təəccüblə Fərid Kazımlıya baxdılar, çünki birinci katibin iştirak etdiyi iclasda başqa rəhbər işçilərin replika verməsi, çıxış edənin sözünü kəsməsi əxlaqdan kənar hesab olunurdu. Fərid Kazımlı da bunu, əlbəttə, çox gözəl bilirdi və yəqin elə buna görə də yavaş-yavaş qızarırdı. Birinci katib isə yuxulu gözləri ilə zala baxa-baxa heç bir hərəkət eləmədi, amma ürəyində fikirləşdi ki, deyəsən, lap açıq-aşkar qocalıram... Adi etikanı da gözləmirlər.

Əbdül Qafarzadə eyni təmkin və ciddiliklə:

– Mənim xüsusi bir təklifim yoxdu, yoldaş Kazımlı, – dedi. – Amma onu demək istəyirəm ki, dəfn işləri ilə məşğul olan idarələrə adi iqtisadi meyarları tətbiq etmək olmaz. Anası, bacısı, oğlu, nə bilim, dayısı, bibisi, xalası, əmisi ölmüş adamların hesabına, necə deyərlər, onların göz yaşının, ürək ağrısının hesabına planı artırmaq nə dərəcədə bizim ideologiyamızla düz gəlir? Hansı vicdandan, hansı insafdandı? Axı, söhbət hamam təsərrüfatından, ya da ki, dəlləkxanalardan getmir. Söhbət qəbiristanlıqdan gedir. İndi mən deyim, siz də, yoldaşlar, qulaq asın. Maliyyə Nazirliyi qəbiristanlıqlardan gələn gəlirlərin, demək olar ki, hamısını bizdən alır və kommunal təsərrüfatının, məişət xidmətinin maddi ehtiyacı olan sahələrinə ayırır. Misal üçün, mənzillərin təmirinə. Deməli, buradan nə nəticə çıxır? Fikir verirsiz? Mənzillərin yaxşı təmir olunması üçün ötrü, insanlar da çox ölməlidir ki, əzizləri onları plan hesabına dəfn eləsin? O biri tərəfdən də belə çıxır ki, kimsə, misal üçün, atasını dəfn eləyirsə, heç özünün də xəbəri yoxdur ki, eyni zamanda tanımadığı-bilmədiyi bir kimsənin də mənzilinin təmirinə kömək eləyir. Bu heç adicə etikaya sığışmır. Bizim cəmiyyətimiz isə, dünyada ən humanist cəmiyyətdir və bizim cəmiyyətimizin göz yaşları hesabına başa gələn bir şeyə nə maddi, nə də mənəvi ehtiyacı var.

Fərid Kazımlı yenə də özünü saxlaya bilmədi və yenə də Əbdül Qafarzadənin sözünü kəsdi:

– Deməli, siz planın əleyhinə çıxırsınız?

Bu, əbəttə, lap ağ oldu və birinci katib üzünü çevirib yanında oturmuş Fərid Kazımlıya baxdı; M.P.Qəriblinin bu baxışında qocalığın və yorğunluğun hələ məğlub edə bilmədiyi bir hökmranlıq, amiranəlik, qəzəb var idi. Birinci katibin sifətindəki bu ifadə bircə anın içində yarandı və Fərid Kazımlı kimi hündürboylu, enlikürəkli, əzələli idmançı bədəninə sahib olan bir adam o baxışların müqabilində bir göz qırpımında kiçildi, əridi, az qaldı yox olsun, ən başlıcası isə bütün zal bu kiçilmənin, ərimənin şahidi oldu. Sonra birinci katib üzünü Əbdül Qafarzadəyə tərəf çevirdi:

– Davam edin, yoldaş Qafarzadə.

Əbdül Qafarzadə daimi təmkini və ciddiliyi ilə:

– Çox sağ olun, yoldaş katib, – dedi. – Yox, yoldaşlar, mən planın əleyhinə çıxmıram. Mən onun əleyhinə çıxıram ki, bir sıra sahələrin, idarələrin, o cümlədən, bizim idarənin spesifikası nəzərə alınmır. Bütün bunlar planın artırılması ilə bağlı məsələlərdir. Amma, bir halda ki, mən bu hörmətli xitabət kürsüsünə...

Bəzən bu cür iclaslarda xitabət kürsüsündəcə, nitq söylədiyi yerdəcə Əbdül Qafarzadəyə elə gəlirdi ki, bu sözləri deyən, danışan, beləcə zala baxan, zalda tanış sifətlər görən, əlini düyünləyib xitabət kürsüsünə döyəcləyə-döyəcləyə özü öz dediklərini təsdiq eləyən adam o deyil, kimsə tamam başqa bir adamdır; eyni zamanda, həm bu hissi keçirir, həm də nitqinə davam edirdi, elə bil ki, beynin bir hissəsi nitq edirdi, o biri hissəsi isə bu nitqə, dediyi bu sözlərə təəccüb edirdi və dünyanın faniliyi müqabilində bütün ciddi-cəhdlərin mənasızlığını fikirləşirdi.

–... qalxmışam, qoy başqa dərd-sərimizi də deyim. Yoldaşlar, qəbiristanlıqdakı yol insanı ən son mənzilə aparan yoldur, sonuncu yol. Bunun böyük rəmzi mənası var. İnsanlar son mənzilə abad yolla getməlidirlər. Bəs bizim qəbiristanlıqdakı yol, cığır nə gündədir? Bərbaddan da bərbad. Kələ-kötür, çala-çuxur, palçıq, darısqal... Qəbiristanlığın ortasında iki maşın qabaq-qabağa gəlsə, hansı sürücünün zoru güclüdü, o biri gərək maşını qəbiristanlığın axırına qədər dal-dala versin. Nə qədər demək olar?! Nə qədər yuxarı təşkilatlara bu barədə yazmaq olar?! Heç nə istəmirik, elə özümüzə icazə versinlər, beş-on ştatdan ibarət kiçik bir yol təmiri sexi açaq, yollarımızı düzəldək, hər il təmir eləyək, lap gedək başqa qəbiristanlıqlara da köməklik göstərək, onların da yolu pisdir, əlimizdən gələni əsirgəməyək. Orasını da deyim ki, indiyəcən qəbiristanlıqda hər işi əllə görürük. Yazıq fəhlə qardaşımızdı... Beldi, külüngdü, vedrədi... Bir dənə də olsun ekskavatorumuz yoxdur. Bir dənə də olsun buldozerimiz yoxdu. Bir dənə də olsun kompressorumuz yoxdu. Onda, bəs, hansı texniki inqilabdan danışırıq? Nə isə, yoldaşlar... – Və indicə deyəcəyi sözlərin daxilində doğurduğu gizli istehza çeşməyin arxasından baxan boz gözlərinin dibinə güclə seziləcək bir işartı verdi, tez də çəkilib getdi və əlbəttə, heç kimin o istehzadan xəbəri olmadı. – Bir sözlə, onu deyirəm ki, yoldaşlar, biz gələcək üçün işləyirik. Gələcək üçün yaşayırıq... Hər şey gələcək naminə...

Bu – Əbdül Qafarzadənin sevimli sözləri idi və hər dəfə, ya xitabət kürsüsündən, ya əmək veteranı kimi, pionerlərlə görüşəndə, ya da rəsmi adamlarla söhbət zamanı bu sözləri deyəndə daxilən həzz alırdı; bu sözlər onun özünün özü ilə gözəl bir zarafatı idi...

İnqilabçılar gələcək naminə canlarından keçdi. Dvoryanlar, bəylər, həmin işıqlı gələcək naminə öz zümrələrindən ayrıldı, Qaraqum çöllərində güllələndi, fəhlələr, axmaq kəndlilər işlərini-güclərini buraxıb gələcək naminə mübarizə apardı, evdə çörək gözləyən ac balalarının güzəranını daha da ağırlaşdırdı. Gələcək naminə sürgünlərə getdilər, gələcək naminə vərəm tutub Sibir tayqalarında qurda-quşa yem oldular, gələcək naminə çarı taxtdan saldılar, amma o gələcək gəlib çıxmaq bilmir ki, bilmir... Stalin gələcək naminə özü də gecə-gündüz işlədi, adam həyatı keçirmədi (deyirlər Kremldə də üstünə şinel salıb meşin divanda yatırmış...), camaatı da işlətdi gələcək naminə, qırdı camaatı, həbsxanalara doldurdu və bu da işıqlı gələcək naminə idi. Müharibə zamanı milyon-milyon cavan o gələcək naminə canını qurban verdi. Xruşşov Stalinin cəsədini mavzoleydən çıxartdırdı, qorxunu-ürkünü götürdü (ona görə də indi bu boyda ölkədə bu cürə özbaşınalıq yaranıb!), amma gələcək naminə işləmək davam etdi və Xruşşov bütün dünyaya car çəkdi ki, o gələcək iyirmi ildən sonra gələcək, iyirmi ildən sonra kommunizm qurulacaq (yəni belə çıxırdı ki, Əbdül Qafarzadə indi kommunizmdə yaşamalıydı. Yaxşı yadındadı, o zaman ki, Xruşşov iyirmi ildən sonra kommunizm yaranacağını elan etdi, onda Qaratel soruşdu: «Yəni doğrudan kommunizm olacaq?» Əbdül Qafarzadə: – «Əlbəttə,» – dedi. «–Necə olacaq?» – «Necə olacaq? Necə lazımdı, başuva dönüm sənin, elə də olacaq. İyirmi ildən sonra səhər yerindən duracaqsan, görəcəksən ki, qəzetlər yazıb: daha kommunizmdir. Televizor da deyəcək ki, day kommunizmdir. Radio da deyəcək ki, bilin və agah olun: day kommunizmdə yaşayırıq. Şairlər də şerlər yazacaq ki, yaşasın belə kommunizm. O ki, qaldı kommunizmdə fəhlənin acından qarnının quruldamağına, adamın qarnı quruldayar də, kommunizm olanda nə olar?!»)...

Brejnev dostumuz gəldi, özü nişan, orden, medal qalmadı, hamısını taxdı döşünə, o qədər artıq kalori qəbul etdi ki, indi dili söz tutmur, yazıb əlinə verdikləri kağızı da oxuya bilmir, oxuyanda da cürbəcür elə səslər çıxarır ki, adam başa düşə bilmir, bədbəxt oğlu bədbəxt nə deyir? Amma camaat yenə həmin gələcək naminə işləyir, gələcək naminə raportlar verir, gələcək naminə planlar doldurulur, gecə-gündüz keçirilən təntənəli iclaslarda gələcək naminə Brejnevin adına əvvəlcədən hazırlanmış məktublar qəbul edilir, hamı (yəni o raportları, o məktubları düzəldənlər və oxuyanlar yox, bədbəxt işləyən camaat!) özü üçün yox, gələcək nəsillərin rifahı üçün, yaxşı yaşaması üçün işləyir, işləyir, işləyir. Bəs o gələcək nə vaxt gələcək?

Əbdül Qafarzadə o mücərrəd gələcək naminə işləməyi (...ölməyi) dünyanın ən axmaq və mənasız bir işi hesab edirdi və hərdən gecələr, yuxuya getməzdən əvvəl dünyanın işləri barədə və o cümlədən, həmin gələcək barədə fikirləşəndə bu adam belə bir qərara gəlirdi ki, insan ki, necə nağıllar yaradıb, əsatirlər yaradıb, bu sistem də eləcə bir gələcək məfhumu yaradıb və o məfhumun köməyi ilə yüz milyonlarla əhalini idarə edir. Buna görə də əhali heç nəyə inanmır və cəmiyyət də buna görə bu qədər pozulub. Hamıdan əvvəl Əbdül Qafarzadənin özü gözəl bilirdi ki, bu xitabət kürsüsündən partiyanı da, hökuməti də, quruluşu da beləcə ələ salırsa və camaat – əksəriyyəti partiyaçıdır, komsomolçudur!– da beləcə əl vurursa, bundan artıq ictimai əxlaq pozğunluğu ola bilməz. Quldarlıq dövründə də belə olmayıb, qədim Romada da belə şey görünməyib. Əslində, bir cürə fikirləşib, bir cürə hərəkət edib, xitabət kürsülərindən isə bunun tamam əksini demək, mətbuatda bunun tamam əksini yazmaq – heç bir cəmiyyətdə bu dərəcədə bir riyakarlıq olmayıb və Əbdül Qafarzadə fikirləşəndə həmin riyakarlığı o qədər canlı təsəvvür edirdi ki, gülümsəyib başını bulayırdı: «– Pay atonan...».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri