Səhifə 4 / 9 · 33%

Tülkü Gəldi Qəbiristanlığı bir o qədər də böyük qəbiristanlıq deyildi və bu qədər planı vermək, əlbəttə, ağır idi. Qəbirin birinin qazılması 4 manat 42 qəpik idi, yer almaq üçün vəsiqə 44 qəpik, qəbirin üstündə yazı lövhəsi 1 manat 87 qəpik idi, tabutla dəfn eləmək 41 manat 50 qəpik, bəzədilmiş tabutla 46 manat 92 qəpik idi. İstifadəyə verilən maşının (katafalkın) saatı 3 manat 15 qəpiyə, mafə 27 manat 42 qəpiyə, orkestr isə 54 manat 78 qəpiyə idi. Adət-ənənəyə görə tabutdan, demək olar ki, istifadə edilmirdi, camaat ölüsünü mafə ilə aparıb dəfn elətdirirdi, orkestri də, əslində, heç kim dəvət etmirdi, imkanı olan öz ölüsünü basdırmaq mərasiminə məşhur sənətkarları dəvət edirdi, imkanı olmayanlar isə dəfn mərasimini musiqisiz keçirirdi (Qəbiristanlıq İdarəsinin orkestri isə – tarçı, kamançaçı, dəf çalan, klarnetçi, zurnaçı və iki nəfər də xanəndə – əsas etibarilə Bakı yaxınlığındakı Abşeron kəndlərində toylara gedirdi və hər toydan da Əbdül Qafarzadəyə çatacaq məbləği gətirib ya Vasiliyə, ya Mirzəibiyə, ya da Ağakərimə verirdi).

Tülkü Gəldi Qəbiristanlığında hər gün orta hesabla 8 ilə 15 arası ölü dəfn edilirdi və hökumətin qoyduğu o ucuz qiymətlə o boyda planı doldurmaq mümkün deyildi. Əbdül Qafarzadə planı doldurmaqdan ötrü ölü sahiblərinə satmaq üçün nazik dəmirdən əklillər qayıran kiçik bir sex açmışdı və həmin rəngli dəmir əklilləri məcburi olaraq ölü yiyələrinə satırdı. Düzdü, o sex indi, əslində, daha əklil düzəltmirdi, çünki dəmir əklil alan ölü yiyələri o əklilləri heç bilmirdilər ki, qəbiristanlıqda hara atırdılar və Qəbiristanlıq İdarəsinin işçiləri də onları təzədən yığıb sexə gətirirdi, yağışın, küləyin altında çox qalanları ayda bir dəfə təzədən rəngləyirdilər və təzə əklillər kimi camaata satırdılar; sex, sənədlərə görə, gündə 8-15 arası (dəfn olunanların sayı qədər) əklil istehsal edirdi və bu qədər də əklil satırdı, amma, əslində, bütün il boyu 30-40 əklil tamam kifayət edirdi – dəmir dözümlü material idi.

İndi sex əklil əvəzinə çamadan, diş fırçası, sabunqabı, ayaqqabı geyinmək üçün dabançəkən, qapı dəstəyi, asılqan, vanna asılqanı, iri palto düymələri, cürbəcür daraqlar istehsal edirdi, bir sözlə, Əbdül Qafarzadə o sexi əməlli-başlı fabrikə çevirmişdi, müasir avadanlıq, Pribaltikadan gətirtdiyi texnika və s. Əbdül Qafarzadə bu məhsulların da bəzisini qeydiyyatdan keçirmişdi, guya, çamadanı, diş fırçasını və palto düymələrini əklillərdən qənaət edilmiş qalıqların hesabına buraxır və bu məmulatın kiçik bir qismini (rəsmi sənədlərdə göstərilən material qalıqlarının verdiyi imkan müqabilində) rəsmi müqavilə bağladığı ticarət müəssisəsinin vasitəsilə plan hesabına dövlət kassasına keçirirdi.

Lakin planı doldurmaq üçün bunlar da azlıq edirdi və Əbdül Qafarzadə məcbur olurdu ki, dəfn mərasimləri ilə bağlı rəqəmləri şişirtsin. Xüsusən, ilin sonuna yaxın bəzən elə olurdu ki, bir gündə cəmi beş dəfn mərasimi keçirilirdi, amma Əbdül Qafarzadə bunu hesabatda 25 dəfn mərasimi kimi qeyd elətdirirdi, özündən ölü adları, ölü ünvanları yazdırırdı və dövlətin də kassasına pulu öz cibindən keçirirdi, illik planı da həmişə 4-5 min manat artıqlaması ilə yerinə yetirirdi, hər il keçici Qırmızı Bayraq, cürbəcür Fəxri fərmanlar alırdı, kommunal-məişət müəssisələrinin yarışında mükafata layiq birinci, ikinci, üçüncü yerləri tuturdu (təkcə elə həmkarlar təşkilatından iyirmidən çox təşəkkürnamə almışdı) və Qəbiristanlıq İdarəsində bütün bu keçici Qırmızı Bayraqlar, Fəxri fərmanlar, Təşəkkürnamələr üçün ayrıca bir guşə yaratmışdı. Fəxri fərmanları, Təşəkkürnamələri öz əklil sexində düzəldilmiş, gümüş suyuna çəkilmiş haşiyələrə saldırmışdı, divardan asdırmışdı.

Sexdə düzəldilən həmin haşiyələr Əbdül Qafarzadənin xoşuna gəlirdi və o, yaxın gələcəkdə bu cür haşiyələri kütləvi surətdə istehsal etmək istəyirdi; xüsusən, kənd yerlərində elə haşiyələr yaxşı gedəcəkdi; böyüdülmüş ailəvi fotoşəkilləri, ailə başçısının böyüdülmüş fotoşəklini, ailələrdəki cavanların əsgərlikdən göndərdikləri fotoşəkilləri o haşiyələrə salıb evin divarından asmaq üçün. Əbdül Qafarzadənin belə işlərdə xüsusi duyumu var idi və indi də duyumu ona deyirdi ki, iri rayonlardan, heç olmasa, onunun ticarət rəhbərliyi ilə sövdələşə bilsə, bu haşiyələr yaxşı gəlir gətirəcək. Sonralar o haşiyələrin də satışını çamadanlar, diş fırçaları, daraqlar kimi daha da genişləndirmək olardı: Dağıstanda, başqa Qafqaz əyalətlərində, Rostov vilayətində ticarətlə bağlı Əbdül Qafarzadənin nüfuzlu və işgüzar tanışları var idi (Gürcüstanla Ermənistana isə elə Azərbaycan kimi baxırdı).

Əbdül Qafarzadə bu cür danışıqları işin başında duran adamlarla aparırdı, dükan müdirləri, hətta univermaq müdirləri səviyyəsinə enmirdi və bütün əməliyyatın təşkilini də öz üzərinə götürürdü, çünki bütün yer üzündə ən çox etibar elədiyi bir adam var idisə, o da özü idi. Sövdə tuturdu, çox yaxşı, tutmurdu, əvəzinə ortaya başqa bir xeyirli iş çıxırdı. Haşiyələri də gizli istehsal etməyəcəkdi, zavodlarla, fabriklərlə, məktəblərlə müqavilə bağlayacaqdı. Fəxri Fərmanlardan, qruppa ilə çəkilmiş fotoşəkillərdən ötrü müxtəlif ölçülü ayrıca (yəni dövlət üçün nəzərdə tutduğunu) haşiyələr düzəltdirib, pulunu köçürmə yolu ilə ucuz qiymətə onlara satacaqdı və bu rəsmi pul da, əlbəttə, plan hesabına dövlət kassasına keçiriləcəkdi, üstəlik də Qəbiristanlıq İdarəsi qənaət etdiyi üçün mükafatlandırılacaqdı, iclaslarda, yuxarı təşkilatlara verilən hesabatlarda qabaqcıllar arasında nümunə göstəriləcəkdi.

Düzdü, hər dəfə illik plan artırılanda Əbdül Qafarzadənin düşünüb gördüyü tədbirlər nəticəsində onun öz şəxsi qazancı da qat-qat artıq dərəcədə artırdı, planın artırılması onun üçün, əslində, şəxsi bir təşəbbüskarlıq, işgüzarlıq amilinə çevrilirdi, amma buna baxmayaraq, hər dəfə Qəbiristanlıq İdarəsinin illik planı artırılanda əsl təsərrüfatçı bir adam kimi, pulun qiymətini və qədrini bilən bir nəfər kimi, Əbdül Qafarzadədə sövq-təbii bir etiraz baş qaldırırdı və yeri gələndə özünü saxlaya bilmirdi, xitabət kürsüsünə qalxıb fikirlərini söyləyirdi (hərçənd yaxşı bilirdi ki, heç kim planı azaltmayacaqdı və əslində, dediyi fikirləri havaya püfləyir – elə yaxşısı da bu idi!).

Həmin günəşli aprel səhəri Rayon İcraiyyə Komitəsindəki müşavirədə də Əbdül Qafarzadə söz istəyib xitabət kürsüsünə qalxdı.

– Yoldaşlar! Planları yerinə yetirmək bizim hər birimizin təxirəsalınmaz vəzifəsidir. Müəyyən olunmuş planlar yerinə yetirilməlidir və bu barədə heç bir söhbət ola bilməz. Mən, az qala, otuz ildir ki, rəhbər təsərrüfat işlərində işləyirəm, bir dəfə də olmayıb ki, planı artıqlaması ilə yerinə yetirməyim...

Rayon Partiya Komitəsinin birinci katibi M.P.Qəribli, doğrudan da, müşavirədə iştirak edirdi və həmişə yorğun, yuxusu olan bu altmış beş yaşlı adam, Əbdül Qafarzadənin sözünü kəsdi:

– Bunları biz bilirik, yoldaş Qafarzadə, yüksək də qiymətləndiririk. Sizə də qabaqcıl, təcrübəli, vicdanlı bir təsərrüfat işçisi kimi, hörmətimiz var. Odur ki, özünüzü tərifləməyin. Onsuz da, biz sizi tərifləyirik, başqalarına nümunə göstəririk.

Birinci katib zala baxıb yorğun gözləri ilə gülümsədi, sonra saatına baxdı: səhər yerindən duranda çay-çörək yeməyə vaxtı olmadı, tələsik raykoma getdi, günün ikinci yarısı keçirəcəyi büro iclasının gündəliyini bir də gözdən keçirdi, gündəliklə bağlı şöbələrə yeni tapşırıqlarını verdi, tələsik özünü bu müşavirəyə çatdırdı, saat on ikidə isə Rayon Yaşıllaşdırma İdarəsinin müşavirəsinə getməli idi (bu idarəni mərkəzi qəzetdə tənqid eləmişdilər), indi isə on ikiyə işləyirdi və belə məlum olurdu ki, birinci katib Yaşıllaşdırma İdarəsinə gedənəcən yenə də çörək yeməyə vaxt tapmayacaqdı; acından bu adamın qarnı quruldayırdı və o, narahat olurdu, rəyasət heyətində yanında oturmuş rayon rəhbərlərinə baxırdı ki, görsün, onlar bu qurultunu eşidirlər, yoxsa yox; rayon rəhbərləri isə, əlbəttə, özlərini eşitməzliyə vururdular.

Birinci katib gözünü saatdan çəkib yenə də Əbdül Qafarzadəyə baxdı:

– Məni düzgün başa düşün.

Əbdül Qafarzadə də birinci katibə baxdı, başı ilə təsdiq etdi və dedi:

– Mən sizi lap yaxşı başa düşürəm, yoldaş katib. Hörmətinizə görə də, qiymətinizə görə də çox sağ olun. Amma mən özümü tərifləmirəm, mən kommunistəm. Sözümün canı var. – Sonra yenə üzünü zala tutdu. – Düz iyirmi beş ilə yaxındır ki, yoldaşlar, mən, – heç birinizin ora işi düşməsin, – Qəbiristanlıq İdarəsinin müdiriyəm. Bizim də planımız var və canımızı qoyub yenə də həmişəki kimi, planı artıqlaması ilə yerinə yetirəcəyik. Mən hörmətli yoldaş birinci katibin burada olmasından istifadə edib bu barədə sizin qarşınızda söz verirəm. Bu belə. Amma indi gəlin məsələyə bir az, necə deyim, insafla baxaq. Keçən il bizim qəbiristanlıqda inişilə nisbətən 218 nəfər az adam dəfn olunub. Neyləmək lazımdı? Əlbəttə, sevinmək lazımdı, çünki 218 nəfər az adam ölüb. Amma necə sevinəsən? Bəs plan? Axı, planı artıqlaması ilə yerinə yetirməkdən ötrü gərək çox adam dəfn eləyəsən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri