3. Əbdül Qafarzadə
Səhifə 2 / 9 · 11%
Qaratel özünü pis hiss edəndə bunu ərindən gizlətmək istəyirdi, amma Əbdül Qafarzadənin gözündən heç nə yayınmırdı və o dərhal başa düşürdü ki, arvadın halı yenə də xarabdı. Bu səhər də o qəbiristanlıq görümündən sonra, elə bil, əvvəlcədən nəsə hiss etdi, mətbəxə keçib həmişəki kimi çayniki qazın üstünə qoymazdan əvvəl, gedib Qaratelə baş çəkdi.
Qaratel geyinib qonaq otağındakı divanda uzanmışdı, rəngi yenə də ağappaq ağarmışdı, bədəni buz kimi soyumuşdu, üşüm-üşüm üşüyürdü və Əbdül Qafarzadə yenə də hər şeyi (hətta müşavirəni də) yaddan çıxarıb arvadını ovuşdurdu, çay dəmləyib içirtdi, Qaratelin etirazlarına baxmayaraq, Sevilə zəng eləyib çağırdı və indi də kişi corablarının üstündən arvadının ayaqlarını ovxalaya-ovxalaya Sevili gözləyirdi ki, sonra evdən çıxsın.
Sevil Əbdül və Qaratel Qafarzadələrin kiçik qızı idi, daha doğrusu, yeganə övladı idi, yəni indi yeganə övladı idi, çünki böyük uşaqları oğlan idi, Sevildən iki yaş böyük idi. Orduxan altı il bundan əvvəl üçcə günün içində heyif olub getmişdi...
Bir həftə bundan əvvəl Sevilin iyirmi səkkiz yaşı tamam oldu və Əbdül Qafarzadə bu münasibətlə qızına «Qaz-24» avtomobili bağışladı. Bundan əvvəl onlara «Jiquli» almışdı, amma Ömər şəhərdə maşın sürəndə özünü itirirdi, o, «Jiquli»ni də üç-dörd dəfə vurmuşdu. Ömər pianoçu idi və Əbdül Qafarzadə həmin aprel səhəri Qaratelin ayaqlarını ovuşdura-ovuşdura Ömərin nazik, uzun barmaqlarını gözlərinin qabağına gətirdi, gülümsədi, çünki onun xoşuna gəlirdi ki, qızının ərinin beləcə zərif və yaraşıqlı barmaqları var. İndi «Jiquli» olmuşdu Ömərin şəxsən özünün maşını, «Qaz 24»ü isə Sevil sürürdü, çünki Sevil Ömərdən daha diqqətli, daha cəld idi, soyuqqanlı idi.
Sevil gecikirdi. Əbdül Qafarzadə Sevilgilə Bakının, demək olar ki, mərkəzində, geniş eyvanları dənizə baxan beşotaqlı kooperativ mənzil tikdirmişdi, daha doğrusu, əvvəlcə üçotaqlı mənzil tikdirmişdi, sonra onların qonşuluğundakı ikiotaqlı mənzildə yaşayan ailəni üçotaqlı bir mənzilə köçürtdü və Sevilgilin mənzili oldu beşotaqlı, ikimətbəxli, iki hamamlı və iki də tualetli. Ömərin babasili var idi və indi kefi nə qədər istəyirdi, otururdu tualetdə. Düzdür, Ömər belə şeylərin bir o qədər də qədrini bilən deyildi, yəni bu mənada ki, səhərdən-axşama kimi bütün fikri-zikri pianonun yanında idi və Əbdül Qafarzadə bəzən sidq-ürəkdən məəttəl qalırdı ki, insan nə qədər məşq eləyər, adamda nə qədər həvəs olar, səbr olar... Ömərin atası Mürşüd Gülcahani səfehin biri idi (özünü yazıçı hesab edirdi, amma it dəftərində adı yox idi...), bu isə elə hey çalışırdı, yorulmaq bilmirdi. Yaxşı ki, Sevil də musiqişünas idi, yoxsa bu qədər çalmağa dözmək mümkün olmazdı. İndi Sevilgilin səhərdən axşamacan piano səsi eşidən qonşularının işi lap çətinə düşmüşdü, çünki Sevilgilin səkkiz yaşlı oğlanları – Əbdül az qalmışdı Öməri də ötüb keçsin, nə oyuncaq bilirdi, nə televizor, videomaqnitafon bilirdi, məktəbdən (Bülbül adına xüsusi musiqi məktəbində oxuyurdu) qayıdan kimi portfeli bir tərəfə tullayıb keçirdi royalın arxasına, yeməsin, içməsin, elə hey çalsın və buna görə də Əbdül Qafarzadə nəvəsi üçün ayrıca bir royal almışdı; bu balaca musiqiçini o royalın arxasından ayırsaydı, təkcə babasının (yəni Əbdül babasının) gəlişi ayırardı – qapının zəngi vurulub arakəsmədən babasının səsi gələn kimi, nə çalmağından asılı olmayaraq, durub qaçırdı kişinin üstünə və Əbdül Qafarzadə onlardan çıxıb gedənəcən uşaq onun yanında otururdu.
Ömər mənzilin bir başında öz royalında çalırdı, balaca Əbdül də bu biri başında öz royalında. Yaxşı ki, Sevil özü çalan deyildi, yazan idi, hərçənd bu iki royalın arasında yazmaq da asan iş deyildi, amma Sevil zirək qız idi, ağıllı idi, namizədlik dissertasiyasını yazmışdı, müdafiə də etmişdi, doktorluq dissertasiyasını da bitirməyinə lap az qalmışdı. Düzdü, Əbdül Qafarzadə bu işdə qızına kömək eləyirdi, amma, onsuz da, indi təkcə öz qələmiylə dissertasiya yazan kimdi? Ömər də bəyəm öz gücünə konservatoriyada professor olmuşdu? Yalnız səfeh Mürşüd Gülcahani bu cürə fikirləşə bilər, hərçənd özü kitab nəşr etdirmək istəyəndə dovşan kimi qaçıb gəlirdi qudasının – Əbdül Qafarzadənin yanına...
Sevil konservatoriyada dosent işləyirdi, Ömərin isə professor kimi konservatoriyada xüsusi sinfi var idi, balaca Əbdül də ikinci sinifdə oxuyurdu, amma indiyə kimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dörd konsert vermişdi: simfonik orkestrlə birlikdə Motsartın reminor və Qaydnın remojor konsertlərini çalmışdı. Səkkiz yaşında uşaq...
Sevil oğluna atasının adını qoymuşdu. Əbdül Qafarzadə nə qədər eləmişdi, olmamışdı, «– Köhnə addı, çoxdan dəbdən düşüb. Gəl uşağa yaxşı, təzə bir ad qoyaq». – demişdi, amma Sevil dediyindən dönməmişdi, «Ya xoçu, çtobı on bıl kak papa, bıl paxoj na papu...» – demişdi, o yazıq, o nakam Orduxan da: «– Pust kak xoçet, tak i delayet. V konçe konçov ona mat...» – demişdi və uşağın da adını qoymuşdular Əbdül (təkcə elə «Əbdül» olsaydı, yenə dərd yarı idi, əslində, «Əbdüləli» idi, çünki Əbdül Qafarzadənin adı pasportda «Əbdüləli» idi, «Əbdüləli Qafarzadə» və Sevil də tərslik eləyib uşağın adını elə beləcə qoymuşdu).
Bu uşaq qəribə uşaq idi; təkcə o mənada yox ki, bu balaca məxluqda anadangəlmə böyük musiqi istedadı var idi (bu, həqiqətən, belə idi, Əbdül Qafarzadənin tanışlarının-filanın köməyi ilə yaradılmış istedad deyildi) və bu, Əbdül Qafarzadənin daxilini bir fəxarət hissi ilə, işıqlı bir təbəssümlə doldururdu, bəzən kişini lap kövrəldirdi də, çünki həmişə heç nədən bir şey düzəldən bu adam indi öz zəhmətinin müqabilində həmişəki kimi boşluq yox, nəsə ələ gələn, çəkisi olan bir şey görürdü (yaratdığı şəraitin, çəkdiyi xərcin müqabilində nəvəsinin istedadı dayanırdı); nəvəsi hələ lap balaca ikən Əbdül Qafarzadə onlara gedəndə uşaq atılırdı babasının qucağına, kişini bərk-bərk qucaqlayırdı və belə anlarda Əbdül Qafarzadə bütün cismi ilə hiss edirdi ki, yorğunluğu bədənindən çıxır, ona elə gəlirdi ki, uşaq babasını həddən artıq çox istədiyi üçün, Əbdül Qafarzadənin yorğunluğunu, ürəyinin ağrısını, bütün dərdini-sərini öz zərif, köməksiz canına çəkir və doğrusu, kişini dəhşət basırdı, qorxurdu ki, uşaq xəstələnər; qəribə uşaq idi... Buna görə də Əbdül Qafarzadə çalışırdı ki, nəvəsini qucağına az götürsün, qızıgilə az getsin, amma az gedəndə də darıxırdı, ürəyi qüssə ilə dolurdu, özü özünü məzəmmət eləməyə başlayırdı. Bütün bunlar hamısı əsəblərin gərginliyindən idi. Orduxandan sonra Əbdül Qafarzadənin əsəbləri xarab olmuşdu (əslinə baxsan sıradan çıxan təkcə Qaratel yazıq deyildi...), başqaları bəlkə də bunu görmürdü, hiss etmirdi («Dəmir kimi kişidir» – deyirdilər), amma özü bilirdi... Özü bildiyini bilirdi... Allah Orduxana rəhmət eləsin, onun ölümü bir ürək dolusu dərd idi, əlacsızlıq idi və keçib getmək bilmirdi...
Əbdül Qafarzadə arvadının ayaqlarını ovxalaya-ovxalaya:
– Bərk eləmirəm? – soruşdu. – İncitmirəm?
Qaratel ərinə baxdı və dərdli-dərdli gülümsədi:
– Yox...
Əbdül Qafarzadə arvadının bu cür baxışına dözə bilmirdi, ürəyi, elə bil, çəkisizlik içinə düşürdü, xatirələr kişini əlinə alıb uzaqlara aparırdı, o vaxtlara ki, balaca uşaq idi və rəhmətlik anası da ona beləcə baxırdı; Qaratelin baxışındakı o məhrəmliyi, o doğmalığı Əbdül Qafarzadə bu dünyada ancaq uşaq vaxtı anasının gözlərində görmüşdü.
Qaratel:
– Sən işdən avara olma, get, – dedi. – Nigaran qalma mənnən...
Əbdül Qafarzadə həmişəki ciddiliyi ilə:
– Bəsdi!..– dedi və Qaratelin ayaq barmaqlarının ucunu ovmağa başladı.– Bəlkə corabı çıxarım ayağından, əlimin istisi keçsin bədəninə?
Qaratel eləcə yorğun-yorğun, dərdli-dərdli gülümsədi:
– Yox, lazım deyil... Yaxşıyam day... Vallah yaxşıyam. Sevili də nahaq çağırdın. Uşaq işin-gücün buraxıb indi başıalovlu gələcək...
– Heç nə olmaz.
Əlbəttə, Əbdül Qafarzadə Qarateli Moskvaya apara bilərdi. SSRİ-nin ən yaxşı həkimlərinə göstərə bilərdi, amma onda gərək Qaratelin əlini-qolunu bağlayıb aparaydı, çünki Qaratel həkimə getməyə, müalicə olunmağa heç cürə razılıq vermirdi, heç həkim Bronşteyni də yaxına buraxmırdı, Qaratel həkimdən qorxmurdu, yox, Orduxandan sonra Qarateldə heç bir həvəs, heç bir maraq qalmamışdı, birdən-birə göz-görəti qocalıb əldən düşmüş bu qadın üçün həyatın, yaşamağın daha heç bir mənası yox idi.
Bu yaxınlarda Əbdül Qafarzadənin özü həkimə (bu səfeh Mürşüd Gülcahaninin bir professor yerlisi var, Mürsəlbəyli, onun yanına) getmişdi və bundan sonra da özünə söz vermişdi ki, bir də heç vaxt həkimə getməyəcək. Həkimin ki, əlinə düşdün, vəssalam...
Axır vaxtlar hərdənbir ürəyi təngnəfəs olurdu, öskürürdü və təxminən on gün bundan əvvəl evlərinin yaxınlığındakı poliklinikada işləyən və uzun illərdən bəri Qafarzadələr ailəsinə tibbi xidmət göstərən həkim Bronşteynin yanına getdi. Bronşteyn vaxtilə Vilnüsdə tibbi təhsil almış, başı çox qəzavü-qədər çəkmiş, müharibədən sonra Bakıda məskən salmış yəhudi bir həkim idi. Yaşı yetmişi keçməyinə baxmayaraq, bu adam başına və nazik bığına qapqara rəng qoyurdu və həmişə həkim Bronşteyni görəndə Əbdül Qafarzadəni gülmək tuturdu (bəzən tük uzandığı üçün Bronşteynin saçının və bığının dibi ağappaq olurdu və belə bir çallıq, doğrusu, o şəvə kimi qapqara cavanlıq rəngini çox pis vəziyyətdə qoyurdu).
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-3-ebdul-qafarzade
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Mən Lalə istəyirəmLalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı. Nənəm deyir:– Mənim Laləm, Laləciyim...
Belə də iş olar?Heç bilmirəm nə edim... Belə də iş olar?..Mən Səliməm. Amma hamı mənə «Balaca Səlim» deyir. Niyə «balaca»? Bilmirəm..
Başqa şairlərin şeirləri
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!