Səhifə 3 / 6 · 33%

– Yox, on iki yaşım. – O həmişə belə cavab verirdi ki, on yeddi yaşında olmağı doğruçu çıxsın, indi də belə dedi, amma hiss elədi ki, yavaş-yavaş dilxor olur. Həm də ona görə dilxor olur ki, Ağahüseynin adı yenə də hardansa girmişdi başına; əlini içi dovşan dərili qolsuz kürkdən çəkdi. – Lap on bir yaşım var.

– Yaxşı, yaxşı, burnunu sallama. – Sənubər onun burnunu tutub dartdı, elə ehmallıca dartdı ki, sifətindəki qızartı keçib getdi. – Doğrudan, sənin atan böyük adamdır?

Haradansa Sənubərin başına girmişdi ki, onun atası böyük adamdır guya, özü də idarəyə maşınla gedib-gəlir.

– Adamdır də... – O nə qədər fikirləşirdisə də bu suala başqa cavab tapa bilmirdi; bir dəfə istəmişdi ki, atası barədə yalandan təsirli, lap faciəli bir əhvalat quraşdırıb danışsın, amma danışmamışdı, çünki yaşından və oxuduğu sinifdən başqa daha yalan demək istəmirdi Sənubərə; atası teatrda rejissor idi və nədənsə, ona elə gəlirdi ki, atasının rejissor olduğunu bilsə, Sənubəri gülmək tutacaq, həm də o, Sənubərin gözündən düşəcək – niyə belə fikirləşirdi, heç özü də başa düşə bilmirdi.

– Əgər böyük adamdırsa, niyə sənə palto almır?

O ən çox bu cür sözlərdən dilxor olurdu, çünki bu cür sözlərdən sonra özünü bu balaca otaqda əsl kişi hiss edə bilmirdi və bu cür sözlərdən sonra həmişə çıxıb gedirdi və bir müddət özünü vaxtında doğulmayan, həyata vaxtında gəlməyən insan sanırdı, heç kimin onu başa düşmədiyini, hamının ona yad olduğunu fikirləşirdi, özünü faciəli tənhalıqda hesab edirdi, sonra yenə də yavaş-yavaş bu pilətənin iyi burnuna gəlirdi, bu pilətənin istisini hiss edirdi. Sənubərin köşək gözlərini görürdü, onun nazik qabırğalarını ovcunun altında duyurdu və dərindən nəfəs alırdı ki, nə yaxşı dünyada bu balaca otaq var, nə yaxşı dünyada bu nöyüt pilətəsi var, nə yaxşı dünyada Sənubər var. Sənubərin də köşək gözləri var.

– Mən getdim.

Sənubər divanın üstündən ayağa qalxıb onun qolundan yapışdı.

– Bir az otur. Yaxşı da, otur bir az.

O, dediyi sözdən dönən deyildi – hər halda özü barədə bu fikirdə idi.

– İşim var.

– Yaxşı da, otur bir az. Daha heç nə demərəm, vallah. Otur bir az.

O əyilib palazın üstünə düşmüş şalı qaldırdı və hiss etdi ki, doğrudan da, bir az oturmalıdır, çünki Sənubər lap uşaq kimi yalvarırdı; o, lap təəccüb etdi, çünki Sənubər heç vaxt bu cür uşaq kimi yalvarmazdı, ona elə gəldi ki, bu saat çıxıb getsə, Sənubər bu balaca otaqda yetim qalacaq.

O, divanda oturdu.

– Mənim bir dənəmsən! Səndən başqa heç kimim yoxdur, bircə dənəmsən mənim! – Sənubər dizləri üstə çöməlib onun yanında oturdu və ona qısılaraq boynunu qucaqladı.

– Yaxşı, bəsdir. – O yenə də özünü əsl kişi hiss edirdi.

Sənubər ona daha da bərk qısıldı. Bu gün nə isə birtəhər idi. Sənubər, elə bil lap kimsəsizləşmişdi, lap balacalaşmışdı. Birdən-birə o özünü Sənubərin həyatdakı yeganə mənəvi dayağı hesab etdi və qızın saçlarından öpdü. Sənubərin saçının iyi həmişə onu məst edirdi və o bu qoxudan çəkinirdi, çünki, bu zaman dünyanın ən sentimental adamı olurdu – bunu özü də bilirdi, amma heç nə edə bilmirdi.

O, cibindəki siqaretlərdən birini çıxartdı və başını pilətəyə uzadıb siqareti odda yandırdı, – bu otaqda siqareti həmişə belə yandırardı. Siqaretdən xoşu gəlmirdi və bilirdi ki, heç zaman əməlli-başlı siqaret çəkən olmayacaq, amma bu balaca otaqda hərdən elə anlar olurdu ki, o nə deyəcəyini, nə edəcəyini bilmirdi və bu zaman siqaret çəkirdi.

Sənubər bu gün, doğrudan da, lap qəribə olmuşdu; hərdən ondan ayrılırdı, birinci dəfə görübmüş kimi heyran-heyran ona baxırdı, sonra yenə ona qısılırdı. O isə, bu baxışlar altında özünü Sənubərin qəyyumu sanırdı və nə isə təntənəli bir söz demək istəyirdi, amma nə deyəcəyini bilmirdi.

O, Sənubərin saçlarını bir də öpdü və dedi:

– Biz evlənəndən sonra həmişə bu otaqda ikimiz bir yerdə olacağıq.

O, doğrudan da, belə fikirləşirdi və buna inanırdı da; əslində indidən öz evlərində özünü qonaq hiss edirdi; o, hələ lap uşaqlıqdan kinorejissor olmaq istəyirdi, məktəbi qurtarandan sonra gedib Moskvada kinematoqrafiya institutuna girəcəkdi, amma indi fikirləşirdi ki, məktəbi qurtarandan sonra daha Moskvaya getməyəcək, Bakıda qalacaq, öz evlərindən çıxacaq, gedib bir yerdə işləyəcək – çox güman ki, şoferlik edəcək, çünki maşın sürə bilir və onlar evlənib bu otaqda yaşayacaqlar. Əvvəllər bircə şey onu düşündürürdü ki, bəs, Sənubərin anası harada qalacaq? O istəyirdi ki, yalnız ikisi – Sənubər və o bu otaqda yaşasınlar, başqa heç kim. Sənubərin anası da başqalar sırasında idi. İndi Sənubərin anası özü öz ayağı ilə çıxıb gedir, Ağahüseynə ərə gedir – özü bilən yaxşıdır.

– Heç nəyə əl vurmayacağıq bu otaqda, elə beləcə qalacaq.

Birdən Sənubər dartınıb ondan aralandı və onun heç vaxt görmədiyi bir nifrətlə qışqırdı:

– Allah vurmuşdu bu otağı! Zəhləm gedir bu otaqdan! Bezmişəm bu otaqdan. Hər daşına tüpürüm bu otağın.

O, heyrətlə Sənubərə baxırdı. Sənubər isə bu heyrətin fərqinə varmırdı. O heç təsəvvürünə gətirə bilməzdi ki, bu balaca otağa – onların otağına – bu qədər nifrət edir. Axı, niyə, niyə axı? – O, sinəsini dəlik-deşik edən bu sualı Sənubərə vermədi, nədənsə, birdən-birə Sənubərə yazığı gəldi, bilmədi niyə, yenə də Sənubərin saçlarını öpmək istədi, amma Sənubər başını kənara dartdı:

– İşin olmasın məndə! Burax məni, – dedi! – Azı on yaş kiçikdir anamdan! Mən neyləyəcəyəm? Çıxıb gedəcəklər, kef eyləyəcəklər özləriyçün! Bəs, mən neyləyəcəyəm? Bu dörd divar arasında qalıb neyləyəcəyəm?

Sənubər nə danışırdı, necə yəni mən bu otaqda neyləyəcəyəm, bəs, o?

Bircə anın içində hiss etdi ki, ürəyinin lap dərinliklərinə kimi təhqir olunub və buna dözmək mümkün deyildi; o, ayağa qalxıb otaqdan çıxdı. Sənubər dərhal sakitləşdi, elə bil üstünə soyuq su tökdülər, onun ardınca atılıb dedi ki, getmə, daha deməyəcəyəm, yalan deyirəm, elə-belə deyirəm, getmə, tək qalmaq istəmirəm, istəmirəm tək qalım burda, getmə.

O, tələsik arakəsmədən keçib dəhlizə çıxdı və qapını ardınca çırpdı, qorxdu ki, yenə tab gətirməz, yenə qalar orda; siqareti tullayıb pilləkənlərlə aşağı düşdü.

Sulu qar yağırdı. Onun kauçuk altlı çəkmələri qənbərin üstündə sürüşürdü, az qalırdı yıxılsın, amma o, səkiyə çıxmırdı – belə dilxor vaxtlarında həmişə qənbər döşənmiş bu küçənin tən ortası ilə düşərdi, bu, son dərəcə kinematoqrafik idi və o, hərdən özünü lap ekranda da görərdi.

Bu saat o yenə həyatın vəfasızlığı barədə düşünürdü, heç kimin onu başa düşmədiyindən sinəsi od tutub yanırdı.

Əlləri şalvarının cibində küçənin ortası ilə üzüaşağı düşə-düşə birdən yenə də nöyüt pilətəsinin iyini və istisini duydu, amma bu duyğu həmişəki kimi onu o saat qızışdırmadı – Sənubərin bayaqkı sözlərindən tamam sarsılmışdı: « – Mən bu dörd divar arasında qalıb neyləyəcəyəm?» Bəs, o! Bəs, o kimdir?

O, yenə də uğursuz taleyi barədə düşünməyə başladı, soyuq da ki, xəncər kimi kəsirdi.

Arxadan bir maşın siqnal verdi, sürücü də pəncərədən başını çıxarıb qışqırdı ki, küçənin ortasına niyə düşmüsən belə, başın bədəninə ağırlıq edir? O, tələsik səkiyə çıxdı, heç sürücüyə cavab verməyə də macal tapmadı – maşın ötüb getdi və bu maşın birdən-birə onun bədbin fikirlərini də dağıtdı və o, yenə də qorxdu ki, indicə geri dönüb təzədən Sənubərgilə gedəcək, ayaqlarını altına yığıb pilətənin qabağında oturmuş Sənubər də köşək gözləri ilə ona baxıb gülümsəyəcək: «Hə, nə oldu, bəs, çıxıb getmişdin?»

O, Vovagilə gedirdi ki, paltosunu götürsün, amma özü də hiss edirdi ki, paltonu götürmək istəmir, çünki Sənubər tək-tənha qalmışdı o balaca otaqda; ömründə Sənubəri bu cür görməmişdi, ömründə təsəvvür etməzdi ki, Sənubərin balaca cüssəsinə bu qədər nifrət sığışa bilər; niyə, axı, niyə bu balaca otağa – onların otağına – bu qədər nifrət edir? Deməli, bütün bu beş ay ərzində Sənubər ondan gizli bu balaca otağa – onların otağına – nifrət edirmiş... İndi tək oturub, orda nöyüt pilətəsinin qabağında, divanın üstündə, ayaqlarını da həmişəki kimi yığıb altına, şal da dizlərinin üstündədir, özü də gözünü pilətəyə dikib nazik barmaqları ilə şalın saçaqlarını oynadır; bənizi lap ağarmışdı, dodaqları titrəyirdi acığından, hamısı da bu balaca otağa görə – niyə, niyə axı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 dəq
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 dəq
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 dəq
Baladadaşın toy hamamı

Polad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.

26 dəq

Başqa şairlərin şeirləri