On ildən sonra
Səhifə 5 / 6 · 67%
– Bu saat sənin üçün yemək bişirəcəyəm, oturub bir yerdə yeyəcəyik. – Sənubər onun cavabını gözləmədən arakəsməyə çıxdı, arakəsmədəki pəncərə sürahisinin altındakı karton yeşiyi çəkib altı-yeddi kartof, bir-iki soğan götürdü, bir göz qırpımında soyub çuqun tavaya tökdü, arakəsmədəki balaca dolabdan bir şüşə günəbaxan yağı çıxarıb tavaya tökdü və tavanı gətirib nöyüt pilətəsinin üstünə qoydu və bir azdan günəbaxan yağının iyi və cızıltısı otağı bürüdü.
O, ikinci siqareti çıxarıb taxta kətilə sarı əyildi və tavanın altından pilətənin odunda yandırdı, siqaretdən dərin bir qullab vurub günəbaxan yağında kartof qızardan Sənubərə baxa-baxa özünü dünyanın ən xoşbəxt insanı hiss etdi; sonra ayağa qalxıb bu balaca otaqda – onun və Sənubərin otağında – bir az var-gəl etdi, nöyüt pilətəsinin yanında dayanıb dodaqlarını Sənubərin saçlarında gəzdirdi. Sənubər üzünü ona tutub:
– Bu saat hazır olacaq, – dedi, özü də elə dedi, elə baxdı ki, o özünü saxlaya bilməyib yenə də dodaqlarını Sənubərin saçlarında gəzdirdi.
... O, yerində uzanıb qollarını başının altında çarpazlamışdı. Qonşu otaqdan atasının xorultusu gəlirdi. Anası da yatmışdı, qardaşı da yatmışdı, nənəsi də yatmışdı, amma o yata bilmirdi. Əslində o yatmaq istəmirdi, gözlərini yumurdu, Sənubər gəlib dururdu gözlərinin qabağında, özü də Sənubər günəbaxan yağında kartof qızardırdı və hərdən ona baxırdı, onun da dodaqları Sənubərin saçlarında gəzirdi, bu saçların qoxusunu hiss edirdi və yatmaq istəmirdi, çünki bu qoxu onu gələcəyə çəkib aparırdı, həmin gələcəkdə dünyanın ən xoşbəxt iki nəfəri yaşayacaqdı, bu iki nəfər öz balaca otaqlarında oturub günəbaxan yağında qızarmış kartof yeyəcəkdilər və həmişə bir-birilərini sevəcəkdilər.
Onların neçə aylıq görüşləri heç vaxt bugünkü kimi şirin olmamışdı. O, hiss edirdi ki, bu saat Sənubər də öz gecə köynəyində divanın üstündə uzanıb, güllü yorğanına bürünüb onun haqqında fikirləşirdi.
Onlar heç vaxt gələcək birgə həyatlarından danışmazdılar, hərdən o, divanın üstündə oturub Sənubərin saçlarını öpəndə – ürəyi kövrələn vaxt – bu barədə danışmaq istəyirdi, amma hər dəfə də Sənubər ona gülərdi, o da o saat söhbəti dəyişərdi. Bu gün isə Sənubər özü danışdı: gələcəkdə ikisi bir yerdə necə yaşayacaqlarından, ona nələr bişirəcəyindən, onun işdən qayıtmağını necə gözləyəcəyindən, axşamlar pilətənin üstündə su qızdırıb onun başını yuyacağından, xəstələnəndə onun belinə banka salacağından...
O, heç özü də bilmədi ki, necə yuxuya getdi və bütün gecəni yuxuda özünü təyyarədəymiş kimi hiss etdi – elə bil hey uçurdu, hərdən qalxırdı, hərdən enirdi və yuxuda özü də bilirdi ki, bu yuxudur, bilirdi ki, çarpayısında uzanıb yatıb, öz evlərindədir, heç hara getmir, amma ürəyi elə hey uçurdu.
Səhəri gün məktəbdə uşaqlar ona dedi ki, İzrail Solomonoviç dünən birinci dərsdə sizi görübmüş – səni də, Vovanı da – bildi ki, dərsdən qaçmısınız. Vova qorxusundan birtəhər oldu, amma o, bu xəbərin fərqinə varmadı, çünki dünyanın ən müstəqil adamı idi və heç kimdən çəkinmirdi, heç nədən qorxmurdu, yalnız gözləyirdi, gözləyirdi ki, iki gün gəlib keçsin, Sənubərin anası yenə səfərə çıxıb getsin, o yenə Sənubərgilə getsin, yenə öz balaca otaqlarındakı divanın üstündə, nöyüt pilətəsinin qarşısında otursunlar, yenə əlini içi dovşan dərili qolsuz kürkün üstündən Sənubərin sinəsinə qoysun, yenə dünənki kimi söhbət etsinlər, yenə gələcək birgə günlərini, balaca otaqlarındakı birgə həyatlarını aynadaymış kimi görsünlər, sevsinlər bir-birilərini.
Axşam evdə anası ondan soruşdu ki, sənə nə olub, gözümə birtəhər dəyirsən? O da anasının üzünə baxıb:
– Nə olacaq e, heç nə olmayıb! – dedi və özü də bilmədi ki, niyə qışqırır.
Vaxt elə yavaş keçirdi ki, bilmirdi neyləsin. O, Sənubərgilin məktəbinə getməzdi heç vaxt, hərdən lazım olanda həyətdə dayanıb onu gözlərdi, sözünü deyib çıxıb gedərdi. Onlar heç vaxt birgə gəzməyə çıxmamışdılar, heç kinoya da getməmişdilər. Bir dəfə Sənubər köşək gözlərini qıyıb demişdi: «– Bilirəm, məndən utanırsan, mənimlə camaatın gözünə görünməyə utanırsan, yaraşmıram sənə». O da qıpqırmızı qızarmışdı. Sonralar neçə dəfə istəmişdi Sənubərlə birlikdə gəzməyə çıxsın, amma Sənubər əvvəlcə gülmüşdü, sonra da demişdi ki, yox, elə yaxşısı budur ki, oturaq evciyəzimizdə.
Bu gün günorta məktəbin həyətində Sənubəri nə qədər gözləmişdisə də görə bilməmişdi – deyəsən, Sənubər dərsə gəlməmişdi.
İkinci gün İzrail Solomonoviçin dərsi var idi və sinfə girən kimi onu ayağa qaldırdı, qalın şüşəli çeşməyinin altından acıqla onu süzüb soruşdu ki, srağagün harada idin?
– Dərsdən qaçmışdım.
Sinfə elə sükut çökdü ki, milçək uçsaydı, səsi eşidilərdi. İzrail Solomonoviç heyrətlə ona baxıb heç nə demədi və o yerində oturdu.
... Sənubərin anası qapıdan çıxanda o, yenə məscidin hasarına qısıla-qısıla tini burulub dayandı. Birdən bığlı kişi minarədən başını çıxarıb qışqırdı:
– Hə, gəlmisən yenə?
O, başını yuxarı qaldırdı. Bığlı kişi, həmişəki kimi, gözlərini bərəltdi. O heç özü də bilmədi necə oldusa, bu dəfə sözləşmək əvəzinə, əlini qaldırıb yellədi, yəni salam-əleyküm. Bığlı kişi də, deyəsən əvvəlcə bir şey qanmadı, sonra başını tərpədib gülümsədi, sonra da başı minarənin içində yox oldu.
Sənubərin anası gözdən itdi.
O, tini buruldu və qənbər döşənmiş küçəni keçib Sənubərgilin çöl qapısından içəri girdi və bir göz qırpımında dəhlizdəki taxta pilləkənləri qalxıb barmağı ilə qapını taqqıldatdı.
İçəridən Sənubərin səsi gəldi:
– Gəl, açıqdır, bağlamamışam.
O, qapını açıb içəri girdi, sonra qapının cəftəsini bağlayıb balaca arakəsmə ilə otağa tərəf gəldi və yerində donub qaldı.
Sənubər otağın ortasında ayaq üstə dayanmışdı, əynində onun heç vaxt görmədiyi yaşıl don var idi. Bu yaşıl don par-par parıldayırdı, elə bil bu saat alışıb yanacaqdı. Sənubərin bütün sifəti gülürdü – gözləri də, təbəssümü də. Sənubər bu yaşıl donu ilə birlikdə bu otaq dolu xoşbəxtlik içində itib-batmışdı, bu yaşıl donun ətəklərini sığallaya-sığallaya özü öz görkəmindən ləzzət alırdı. Nə taxta kətil var idi divanın qabağında, nə də nöyüt pilətəsi. Bu otaq da onların otağı deyildi, silinib-süpürülmüş lap yad bir otaq idi, təzəcə yuyulmuş taxta döşəmə iyi gəlirdi bu otaqdan.
– İki gündür harada itib-batmısan? – Sənubər gözlərini yaşıl donundan ayırıb ona baxdı.
Onun ürəyi düşdü. O bildi ki, fövqəladə bir hadisə baş verib və bu hadisə onun həyatı ilə bağlıdır və pis hadisədir bu; əslində o, qapını açıb ayağını arakəsməyə qoyan kimi hiss etmişdi ki, nə isə əvvəlki kimi deyil, nə isə çatışmır – nöyüt pilətəsinin iyiydimi, ya nəyidisə – bilmirdi, amma hiss etmişdi.
Sənubər yaşıl donunun ətəklərindən tutub gülə-gülə otağın ortasında fırlandı və fırlana-fırlana da dedi:
– Ərə gedirəm e! Ağahüseyn mənimçün gəlirmiş bizə! ...İndi nişanlanırıq, yayda mən məktəbi qurtarandan sonra evlənəcəyik!..
O, hiss etdi ki, bu saat qaçıb Ağahüseyni öldürmək lazımdır, amma ürəyinin lap dərinliklərində bunu da hiss etdi ki, artıq hər şey qurtarıb, qurtarıb gedib hər şey, artıq heç kimi və heç nəyi yoxdur.
– Bəs... bəs, sən sevinirsən? – Heç özü də bilmədi ki, necə soruşdu, lap yad bir adamın səsinə oxşayırdı bu səs.
– Ərə gedirəm də, ay axmaq! – Sənubər yenə yaşıl donunun ətəklərindən tutub gülə-gülə otağın ortasında fırlandı. Dünən kinoya getmişdik... Bilirsən nə əntiqə kinoydu!.. Oğlan maşın altda qalır, iki ayağını da kəsirlər. Sevgilisi əvvəlcə bunu bilmir. Elə bilir ki, oğlan ona naxələf çıxıb, sonra...
O, Sənubərin nə danışdığını eşitmirdi, bilirdi ki, bu saat Sənubərgildədir, Sənubər dünən baxdığı filmi danışır, amma nə danışdığını eşitmirdi. O, heç nə barədə fikirləşə bilmirdi, heç nə düşünmürdü, eləcə otağın qapısı ağzında dayanıb Sənubərə baxırdı və əslində Sənubəri də görmürdü, hər tərəfi yaşıl rəng görürdü, bu yaşıl rəngi tərli şüşə arxasından görürdü, hər tərəf par-par parıldayan yaşıl şüa idi.
– Bir azdan yenə gələcək, bu gün də teatra gedəcəyik. – Daha tək oturmayacağam burda. Daha mən haçan istəsəm gəzməyə gedəcəyik. Sabah da gedib onun evinə baxacağıq, təzə binadadı da evi, tramvay parkının işçiləri üçün tikiblər. Hamamı da var içində...
O yenə də heç nə eşitmirdi, yenə də tərli şüşə arxasından ancaq rəng görürdü, özü də şüşə lap tərləmişdi, yaşıl şüalar suya dönmüşdü lap və o, hiss edirdi ki, belə olmaz, belə baxmaq olmaz, amma heç nə edə bilmirdi, eləcə dayanmışdı otağın qapısı ağzında.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-on-ilden-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Bülbülün nağılıDan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
Başqa şairlərin şeirləri
Şairəm, şüarayam,Bir lamü-ləngəm, geri dur!
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı