Səhifə 2 / 3 · 33%

Durub əl-üzümü yudum, eyvana çıxıb bir az təmiz hava aldım, fəqət hamısı əbəs idi, bu iki obraz məni tək buraxmırdı; o gecə bircə dəqiqə belə yuxuya gedə bilmədim. Mənim əzablı günlərim də həmin gecədən başladı.

Oturub işləyəndə də, şəhərə çıxıb gəzişəndə də, kinoya baxanda da, musiqiyə qulaq asanda da – hər yerdə və daima bu iki fiqur gözlərimin qarşısından getmirdi, onların baxışları hər an məni təqib edirdi. Mənə elə gəlirdi ki, onlar bir yerdə oturmuşlarsa da, bu an daxilən bir-birilərindən ayrıdırlar; onlar bir-birilərini sevirdilər, fəqət qarşılarındakı bu süfrə bu sevgini darmadağın edir; vaxtiylə ən yaxın, ən istəkli adamlar idilər, indi isə, hər şeyə olduğu kimi, bir-birilərinə də biganədirlər. Əgər yeməkxananın başqa bir küncündə oturmuş harın bir alverçi bu dəqiqə bu qadına gözü ilə işarə edərsə, o neçə frankdan ötrüsə qalxıb onunla gedər, özü də hissiz, həyəcansız – biganə; kişi isə, qadın getdikdən sonra, ancaq onu edə bilər ki, tanışı qarsona yalvarsın, qarson yenə də ona nisyə ucuz çaxır versin və o içib keflənsin, sonra da başını mizin üstünə qoyub sərxoş-sərxoş ağlasın.

Mən yemək yeyə bilmirdim, mənə elə gəlirdi ki, hər tikəni udduqca, hər qurtumu içdikcə, bu iki insana xəyanət edirəm, çünki mənim üçün onlar artıq bir surət deyil, varlıq idi; mən hər hərəkətimdə – ya bazarlıq edəndə, ya taksiyə minəndə, ya başqa bir iş görəndə – cinayət hiss edirdim və bu hiss, müdhiş hiss vəziyyəti o yerə gətirib çıxartmışdı ki, artıq adam kimi yaşamaq mümkün deyildi.

Bu cür davam edə bilməzdi, nə isə olmalı idi. Bu «nə isə»ni fikirləşdikcə dəhşət məni bürüyürdü. Məni bir xof basmışdı və bu xof bütün içimi, fikrimi, düşüncəmi uçundururdu.

Həmin gün gecə, yəni sentyabrın iyirmi üçündə yerimdə uzanıb əzab çəkirdim, neçə gündən bəri olduğu kimi, yuxuya gedə bilmirdim, mənə elə gəlirdi ki, bu saat nə isə sehrli bir hadisə baş verəcək, məsəlçün, bu saat tavan ikiyə bölünəcək, göydən böyük bir zənbil enəcək, necə olacaqsa mən durub bu zənbilin içində oturacağam və hara isə gedəcəyəm, əbədi gedəcəyəm; bir boşluğa, bir heçliyə gedəcəyəm, «Kasıbların süfrəsi»nin təqibi qovub aparacaq məni; hiss edirdim ki, bu kişinin və bu qadının bu cür baxışları müqabilində mən əvvəlki tək heç nə olmayıbmış kimi yaşaya bilməyəcəyəm.

Qalxıb mizüstü lampanı yandırdım, saat üçə on dəqiqə qalırdı, vanna otağına gedib yuyundum, öz-özümə ürək-dirək vermək istəyirdim ki, keçib-gedəcək, axır vaxtlar çox işlədiyimə görə əsəblərim gərginləşib, müvəqqəti psixoloji sarsıntıdır, bir azdan hər şey öz qaydasına düşəcək, fəqət bir şey çıxmırdı, görürdüm ki, özüm özümü aldadıram.

Zəng səsi eşitdim, bayır qapısının zəngi idi. Zəng bir də çalındı. Uşaqlar oyanmasın deyə cəld qapıya yaxınlaşıb yavaşca soruşdum ki, kimdir?

Çox tanış bir səs cavab verdi ki, mənəm, açın.

Qapını açdım: qarşımda ucaboylu, arıq, qəribə görkəmli bir adam dayanmışdı. Mən onu hardansa tanıyırdım, amma kim olduğunu xatırlaya bilmirdim. Onun başında Çaplinin silindri kimi bir silindr, əynində gödəkcə, boynunda şərf var idi. Nədənsə, mənə elə gəldi ki, bu adam artistdir və elə bil bu hiss, gecə yarısı onun mənim evimə gəlməsini qanunauyğunlaşdırdı.

– Olarmı, müsyö.

– Buyurun, – dedim və onun müraciətində də bir qəribəlik hiss etdim, fəqət bu qəribəlik nədə idi – bilmirdim.

İş otağımın işığını yandırdım və onunla birlikdə otağa girdim. Ona yer göstərdim, oturdu və mən qəflətən, bu adamın kim olduğunu tanıdım. Məni soyuq tər basdı: bu adam «Kasıbların süfrəsi»ndəki kişi idi.

Gözlərimi ona zilləmişdimsə də, heç nə barədə fikirləşmirdim, heç nə düşünmürdüm, çünki fikirləşmək, düşünmək bacarığında deyildim. O, qeyri-adi dərəcədə uzun barmaqlı, qupquru – sümük və dəri – əlini mənə uzatdı:

– Biz bir-birimizi tanısaq da, şəxsən tanış deyilik. Mənim adım Etyen Rasnyordur, müsyö.

Ovcumdakı bu əl məni özümə gətirdi: bu, şeytan əli deyildi, bu, insan əli idi və bu əlin sahibi möcüzələr aləmindən gələ bilməzdi; bu qupquru əldə bir insan hərarəti, insan iztirabı, həyəcanı duydum və bu duyğu məni nisbətən sakitləşdirdi.

O, silindri başından çıxartdı, sonra qupquru almacıqlarını ovuşdurub sinədən gələn kal bir səslə dedi:

– Müsyö, mən üzr istəyirəm ki, gecə vaxtı sizin istirahətinizi pozdum, amma bu saat elə bir vəziyyətdəyəm... – O, uzun barmaqlarını sındıra-sındıra çox çətinliklə danışırdı, hiss olunurdu ki, həyəcanlıdır. – Bilirsinizmi, müsyö, Tereza əbədi olaraq məndən ayrılır... O bunu demir, bəlkə də heç bilmir, lakin mən hiss edirəm, müsyö, bütün dəhşəti ilə hiss edirəm...

Onun sözünü kəsmədim, mənim üçün aydın idi ki, Tereza yeməkxanada onunla birlikdə əyləşmiş qadının adıdır.

– Hər şeyi sizə ardıcıl söyləyim. Biz, yəni mənimlə Tereza müsyö Pikasso ilə Medrano sirkində tanış olmuşuq. Mən canbazam, daha doğrusu, canbaz idim... – O sol əlini qaldırıb nifrətlə qoluna baxdı. – Lənətə gəlmiş bu qolum sındı, canbazlığım da bununla qurtarıb getdi. Siz mənim bu əyri qolumu görməmisiniz, müsyö Pikasso bu qolumu Terezanın çiyninə qoyub. – Etyen Rasnyor keçən günləri xatırlayırmış kimi gülümsündü, sonra gözlərini qoluna zilləyib bir neçə an susdu.

Mən bu görüşün reallığına artıq qətiyyən şübhə etmirdim, bu, xəstə bir təfəkkürün şairanə uydurması deyildi, bizim bu görüşümüz yuxu da deyildi, mənim qarşımda canlı insan oturmuşdu – cənab Rasnyor. Onun varlığı bir gerçəklik idi ki, necə ki, dünyada mən var idim, necə ki, indi bu saat biz sizinlə qatarda gedirik.

Etyen Rasnyor barmaqlarını sındırırdı. Mən hiss edirdim ki, o, daxili iztirablar keçirir və bu iztirab onu danışmağa qoymur. Bu sıxıntılı sükutu pozmaq üçün soruşdum ki, Azərbaycan dilini haradan bilir.

O, təəccüblə mənə baxıb dedi ki, mən fransız dilindən başqa bir dil bilmirəm.

– Necə başqa dil bilmirsiniz? Məgər siz indi azərbaycanca danışmırsınız?

– Mən fransızca danışıram, müsyö.

– Bəs... mən nə dildə danışıram?

– Siz də fransızca danışırsınız, müsyö, əlbəttə.

Onun təəccübü yalançı təəccüb deyildi və mən hiss etdim ki, onun sözləri də həqiqətdir: biz hərəmiz öz dilimizlə danışırdıq, fəqət mən onu azərbaycanca eşidirdim, o isə məni fransızca eşidirdi və bizim yanımızda ilahi bir tərcüməçi də yox idi; bu, ilahi bir qüvvə deyil, bizim müvəqqəti ünsiyyətimiz üçün yaranmış bir labüdlük idi.

– İndi neçənci ildir, cənab Rasnyor?

O, yenə də təəccüblə mənə baxdı:

– 1904-cü ilin sentyabrıdır, müsyö.

– Və biz Parisdəyik, elə deyilmi?

– Əlbəttə, elədir, müsyö!

Etyen Rasnyor üçün 1904-cü ilin sentyabrı idi və biz gecə yarısı Parisdə oturub söhbət edirik; mənim üçün isə aydın məsələdir ki, 1968-ci ilin sentyabrı idi, biz Bakıda, mənim otağımda oturub söhbət edirdik və bütün bunlar qanunauyğun bir gerçəklik idi, çünki daxili bir ehtiyac, daxili bir tələbat bizi görüşdürmüşdü.

Etyen Rasnyor çox çətinliklə danışmağa başladı:

– Müsyö, gecə vaxtı istirahətinizi pozduğuma görə, bəlkə də qəzəblənirsiniz, lakin... lakin mənim başqa əlacım yox idi... Mənim üçün Terezasız həyat yoxdur, müsyö... Mən onsuz yaşaya bilmərəm, o isə məndən ayrılır, qeyri-iradi ayrılır... O hələlik cismən mənimlə olsa da, mənən uzaqlaşır, tamam... Bizim güzəranımız onu məndən ayırır, müsyö. Ancaq, xahiş edirəm, məni düzgün başa düşəsiniz və Tereza barədə pis fikirdə olmayasınız. O bezib, başa düşürsünüzmü, artıq hər şeyə biganə olub, onda həvəs ölüb, ölüb, ya da ölməkdədir. O özü də özündən ayrılır, özü özünə xəyanət edir, özü bilmədən edir, müsyö... Mənim bu sınıq qolum...

Etyen Rasnyora qulaq asırdım, fəqət mənə elə gəlirdi ki, bütün bunların hamısını əvvəldən də bilirəm və mən bu əzablı günlər ərzində Etyen Rasnyora əl tutmaq, müvəqqəti də olsa iztirablarını azaltmaq üçün, məhz bu görüşü gözləmişəm; ürəyimə dammış həmin «nə isə»də heç bir müdhişlik yox idi, «nə isə» bizim bu görüşümüz idi.

– Mən hiss edirəm ki, bütün bunlar müvəqqətidir... Əgər on gün, on beş gün biz insan kimi yaşaya bilsək, daha həmişə Tereza ilə birgə olacağıq, lap acından ölsək də... Bu, böhrandır, müsyö, müvəqqəti böhran, lakin bu müvəqqəti böhran əbədi olaraq bizi bir-birimizdən ayıra bilər. Tereza da daha əbədi olaraq Tereza olmaz, müsyö, bu ondan asılı deyil...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 dəq
VI fəsil

Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.

1 dəq
VII fəsil

Xoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.

3 dəq
VIII fəsil

Prokuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları yerbəyer elədi. İsti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla mizin arxasına keçib əyləşdi.Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.

5 dəq

Başqa şairlərin şeirləri