Qafil dilim, bu nə yoldu tutubsan,Sərf edirsən nə kamaldı dünyada.Dövlətə güvənib, gül tək açılma,Çox sənin tək güllər soldu dünyada.

Kibridən qəlbində bərkitmə barı,Top dəyər, dağılar bürcü, hasarı,Yüz sənin tək ahu gəzən şahmarı,Fələk kəməndinə saldı dünyada.

Guşumda sırğadı, sinəmdə dağdı,Ağıllı unutmaz, necə ki sağdı:Dövlətdən qismətin beş arşın ağdı,Çəkdiyin qovğadı, qaldı dünyada.

Fələk bərhəm edib çox nizamları:Söndürüb zülm ilə yanan şamları.Hayıf cavanların gül əndamları,Mara-mura qismət oldu dünyada.

Yığılar məxluqat, qurular məhşər,Boyunlarda kəfən, əllərdə dəftər,Onda vay halına, yazıq Ələsgər,Özün getdin, sözün qaldı dünyada.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar