Dünya ovcumdadır nəğmələriylə,Dünya ovcumdadır qəm-kədəriylə,Dünya ovcumdadır bütün varıyla,Düzdə zəmisiylə, dağda qarıyla,Mənim ovcumdadır bütün əsrlər,Xalqlar, qəbilələr, ellər, nəsillər.Sanki tarixləri yaşamışam mən,Çiynimdə bu ərzi daşımışam mən.

Dünya ovcumdadır hər dəhşətiylə,Atom bombasının fəlakətiylə,Körpə gülüşüylə, şah qəzəbiylə,Hər nəvazişiylə, hər əsəbiylə,Dönük sevgisiylə, düz ilqarıyla,Azadlıq, həqiqət arzularıyla...Saysız qərinələr, əsrlərəm mən,Şadlığam, sevincəm, qəm-kədərəm mən.

Dünya ovcumdadır al qanlarıyla,Boyalı, boyasız insanlarıyla,Günəşli, ulduzlu zəfərləriylə,Dumanlı, tüstülü səhərləriylə.Həyat nəğmələri dodağımdadır,Buhenvald harayı qulağımdadır.Mənim ovcumdadır Xirosima da,Çiçəkli torpaq da, aylı səma da.

Dünyanın əbədi yaddaşı mənəm,Dənizi, dərəsi, dağ-daşı mənəm.Heç nə yayınmamış gözümdən, heç nə.Azadlığa təşnə, bahara təşnəYüz ildir, min ildir yol gəlirəm mən,Arzumun qoynunda dincəlirəm mən.Durub nəfəsimi dərə bilmirəm,Dünyanı heç kəsə verə bilmirəm.

Dünya ovcumdadır gələcəyilə,Bütün nəsillərin güləcəyilə.“Böyüksüz”, “kiçiksiz” millətləriylə,Dolu süfrəsiylə, nemətləriylə.Qardaşlıq adlanan ilk baharıyla,Beynəlmiləl ruhlu havalarıyla.Qəlbimdə, qanımda bu böyük mənaSabaha gedirəm, ovcumda dünya.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri