Güzgü qabağında dayanmısan sən,Öz ay camalınla bəhsin gözəldir.Özün “mən” deyirsən, əksin “mən” deyir,Söylə, sən gözəlsən, əksin gözəldir?

Güzgü qabağında çox dayanırsan,Süzüb ay çöhrəni, xumarlanırsan,Nəğmə deyə-deyə tumarlanırsan,Hüsnünü vəsf edən səsin gözəldir.

Yel vurdu tellərin dağıldı birdən,Saçın rübənd oldu, gizləndi çöhrən.Uzaqdan seyr edib bu lövhəni mənDedim: qara tellər, əsin, gözəldir!

Bir günəş cilvəsi çəkdin güzgüdə,Bir həyat nəşəsi çəkdin güzgüdə.Rafael lövhəsi çəkdin güzgüdə,Baxanlar heyrətlə desin, gözəldir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri