Qoruya bilməzsən el sərvətini,Özün bir şitil də əkməmisən sən!Aqil babaların bu hikmətiniİnsanlar yadından çıxarır bəzən.

Bağı tapşırmazlar hər bağbana da,O bağda nə bəhrə, nə də bar qalar.Sürü tapşırmazlar hər çobana da,Saysız bir sürüdən bir davar qalar.

Millətin önündə, xalqın önündəBorcu düşündürsün gərək hər kəsi.Canlanır gözümdə mənim bu gün dəQədim yunanların bir əfsanəsi.

Bir vaxt Yunanıstan torpaqlarındaÇobansız otlarmış sürü, deyirlər.Suyu bol axarmış bulaqların da,Gözəl otlaq imiş bütün o yerlər.

Sürülər çobansız gedib-gələrmişÖrüşə, yatağa, yamaca, yala.Hər kolun dibində quzu mələrmişZümrüdü çöllərə səs sala-sala.

Sürülər qorxusuz, ayın-şayınmış,Örüş otlu, sulu, havalar ilıq.Camaat sürüdən çox arxayınmış...Bir gün pozulur bu arxayınçılıq.

Görürlər kiçilir sürü günbəgün,Qoyuna canavar daraşıb demək.Üstündə göz olsun gərək sürünün,Hünərli bir çoban tapılsın gərək.

Herkules!Neynəyər ona canavar?!Gəlin çoban edək elə onu da.Ona təslim oldu amazonkalar,O yıxdı üçbaşlı Gerionu da!

Dedilər: Herkules qoy çoban olsun,Zevsin igid oğlu indi bekardı.Qoy özü sürüyə pasiban olsun.Herkules sürünü çölə apardı...

Qovdu bir-birini günlər, həftələr,Yenə azalırdı qoyunlar fəqət.Adamlar gizlənib çöldə güddülər.Güddülər...Onları bürüdü heyrət.

Gördülər Herkules özü sürüdənBir-bir qoyunları tutaraq yeyir.Sürünü günbəgün odur əridən,“Bu mənim çobanlıq haqqımdır” deyir.

Seçir köklərini, yağlılarını,Azman hər öynəyə üç qoyun yeyir.Beləcə talayır elin varını,“Bu mənim çobanlıq haqqımdır” deyir.

Camaat mat qaldı buna...Nə desin?Ağsaqqal bir qoca hökm çıxardı:İstər qoyunları canavar yesin,İstərsə Herkules, nə fərqi vardı?

Bizik haqq-hesabla talanan yenə,Günahkar dostu bil, ya da düşməni.Hamı “bəli” dedi onun sözünə,Bunu bir Herkules başa düşmədi.

O, haqlı özünü sanırdı ancaq,“Bu mənim çobanlıq haqqımdır” deyə,Əzizim, bu günün gözləriylə baxNə vaxtsa yaranmış bu əfsanəyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri