Səhifə 2 / 2 · 50%

Bu barədə düşünəndə hərdən dəli bir istək qəlbini sarırdı. Ey kaş, nə olaydı, Elməddin bütün buxovları qıraydı, Yusifi unudaydı, heç olmasa bir günlüyə unudaydı, bircə gecəliyə, çox istəmirəm, bircə gecəliyə, Simin yatandan sonra, xəlvət onun otağına gələydi, onu öpüb oxşayaydı, əzizləyəydi, o ağrılı-acılı həsrəti canından çıxaraydı, sonra, lap səhərə yaxın gedəydi, daha heç vaxt gəlməyəydi, heç üzünə də baxmayaydı, dindirməyəydi, təki birgecəlik onu xoşbəxt eləyəydi, o birgecəlik vüsalın bəhrəsi olan bir körpə gələydi dünyaya. Əfsanəyə qulaq yoldaşı olaydı, Əfsanə... bütün ömrünü uf demədən ona sərf edərdi; qız olsun, oğlan olsun, fərqi yox idi. Ancaq oğlan olsa, adını Elməddin qoymağı arzulayırdı Əfsanə!

Heyf ki, bu ancaq gizli bir istək idi, kimsəyə açılası, deyiləsi mümkün olmayan bir istək idi və az sonra Əfsanə belə düşündüyünə görə özünə nifrət eləyirdi, hətta, kiminsə yanında bəraət qazanmaq, təmizə çıxmaq istəyirmiş kimi, dodaqaltı: «Yox, hətta o, yanıma gəlsə də qoymaram, qovaram. İnan ki, qovaram!» — deyirdi. Əfsanə özünün bu hökmünə inanırdı da, həqiqətən qovacağına inanırdı. Çünki xasiyyətini yaxşı bilirdi. Qürurlu olmuşdu Əfsanə. Qəlbinin istəyinin üstünə, lap bir cəllad sərtliyi ilə, qılınc çəkməyi bacarardı. Qarabağ qəryəsində onu sevən, evlənmək istəyən oğlan dövlətli idi, özü də qəşəng idi. Əfsanə onu iki-üç dəfə lap yaxından da görmüşdü və qəribə bir ürək çırpıntısı ilə əsmişdi onu hər görəndə və neçə müddət fikrindən çıxara bilməmişdi. «Hə» deyə bilərdi, kim bilir, bəlkə də xoşbəxt ola bilərdi. Çünki ürəyi laqeyd deyildi ona qarşı. Anlayırdı ki, bu, hələ əsl məhəbbət olmasa da, sabah əsl məhəbbətə çevrilə bilər. Ancaq... Əfsanə... istəyə-istəyə, «Yox», — deyib durdu, boğdu bu istəyi ürəyində, üstünə su töküb söndürdü alışmaq istəyən o ocağı. Bu hökmünə, hərdən yadına düşəndə təəssüflənsə də, peşman deyildi. Qətiyyətindən özünün də xoşu gəlirdi.

Sonra... Şahin... Eh, yenə Şahin, o bədbəxt «uşaq» hardan gəlib yadına düşdü? O lap dəli-divanə idi, o, Əfsanəni bir allah kimi sevirdi, sevirdi və qorxurdu, utanırdı. Əfsanədə də anlaşılmaz bir maraq yaranmışdı Şahinə qarşı. Bu maraq hərdən lap güclənirdi, həddini aşmaq dərəcəsinə gəlirdi, bir qadın kimi hissləri dilə gəlib danışır, sızıldayırdı, xüsusilə son gecə. Şahin qorxa-qorxa onun yanına, çardağa çıxanda... Onda lap son hədd idi, onda cəmi bircə an... bircə an qəflət eləsəydi, hissini cilovlamasaydı, qollarını açıb Şahinin boynunu qucaqlaya bilərdi, çəkib bağrına basa bilərdi... Və onda... bəlkə hər şey başqa cür olardı. Elməddini görə bilməzdi, Siminlə tanış olmazdı... və... bəlkə də bu mənəvi sıxıntıları çəkməzdi. Bax, o anda da Əfsanə... qürurunu qoruyub saxladı, sındırmadı özünü. Və indi, üstündən nə qədər vaxt keçəndən sonra Əfsanə öz dəyanətinə baxıb sevinirdi — bütün çəkdiklərinin müqabilində o dəyanət, o dözüm, o ağıl Əfsanəni çox ucalarda saxlamışdı. İndi o, açıq ürəklə, təmiz vicdanla Elməddinin gözlərinin içinə şax baxa bilirdi. Məgər bu az idi? Məgər vicdanı təmiz və rahat olmaq kiçik xoşbəxtlikdi? Məgər Elməddin də belə eləyə bilməzdi? Bax, ona görə Elməddin indi Əfsanənin üzünə dik baxmağa ürək eləmirdi. Hardasa özünü günahkar sayırdı. Qadın olsun, kişi olsun — fərqi yoxdur, insan dəyanəti, insan mərdliyi həmişə başı ucalıqdır, başqalarından seçilməkdir, üstün olmaqdır. Siyasətdə də dəyanətli, dönməz olmaq hər kəsin işi deyil, amma bu iki şeydə dəyanətli, dönməz olmaq hər cür ehtirama, hörmətə layiqdir! Belə fikirləşəndə Əfsanənin yadına yenə Şahin düşürdü. O qabaqlar Elməddin bir axşam evə gələndə Əfsanəyə və Siminə danışmışdı ki, Şahin gəlib çıxıb Kabilə. Onun danışığından məlum olurdu ki, Əfsanəni axtarırmış neçə müddətdi. Şahinin adını eşidərkən Əfsanənin bədəni isinmişdi, fikri dumanlanmışdı, zahirən burda otursa da fikrən Qarabağ qəryəsinə qanadlanmışdı, orda keçirdiyi illəri xatırlamışdı və qəribə idi ki, o illərin bir-birinə oxşar yeknəsəq günlərindən ancaq axırıncı gün — Şahinin çardağa çıxdığı və həsrətlə əyilib üzünə isti yay yağışı tökdüyü gün və səhəri yola çıxarkən yalvarış, fəryad səslə arxadan «Getmə, Əfsanə!», uzaqlaşanda isə, «harda olsan gəlib səni tapacağam!» — deməsi bütün təfərrüatı ilə xəyalında canlanmışdı. Demək, gəlib. Demək, şəhərdədi. O söhbətdən sonra bir gün özünü bunda tutmuşdu ki, bu sıxıntılı, düşüncəli günlərində hətta özünün də xəbəri olmadan Şahinin yolunu gözləyir, gözü qapıda qalırdı Deyəsən Elməddin Şahinə ünvanını verdiyini də söyləmişdi. Hə, hə, verib. Bəs hanı, bəs niyə gəlib çıxmır? Ona indi, üstündən neçə il keçəndən sonra baxmaq Əfsanə üçün maraqlı olardı. Amma Şahin yox idi, gəlmirdi. Şahinin yolunu gözləmək də Əfsanə üçün bir əyləncə, bir məşğuliyyət olmuşdu. «Görünür, hisləri dəyişib, ölüb. Ona görə gəlmir!» — deyə hərdən nisgil içində ah çəkirdi. Ancaq Əfsanə bilmirdi, bilə də bilməzdi ki, Şahinin hissləri ölməyib, o ilk yeniyetməlik məhəbbəti yana-yana məşələ çevrilib, Şahinin yeganə arzusuna, məqsədinə çevrilib — gecə də, gündüz də Əfsanə barəsində düşünür Şahin. Bilmirdi, bilə də bilməzdi ki, Şahin hər gecə. yolun uzaqlığına baxmayaraq, qara, yağışa baxmayaraq, Əfsanə yaşayan binanın yanına gəlir, uzaqdan da olsa, onun pəncərəsinə həsrətlə baxır, baxır, o, işığını söndürənəcən dayanıb otağın içinə tamaşa eləyir, sonra, ürəyində qurban-sadağa gedə-gedə mənzilinə qayıdır.

O bilmirdi ki, neçə dəfə gündüzlər Şahin Əfsanəni bir kiçik qızla gəzməyə çıxanda görüb — ancaq yanaşmağa cəsarət eləməyib.

Əfsanə bunu da bilmirdi ki, bir dəfə polis, hər gecə nə isə bu məhəlləyə gələn, bir saat, saat yarım bir yerdə dayanan, dalbadal siqaret çəkən və sonra çıxıb gedən Şahindən şübhələnib yaxalamış, sorğu-sual eləmiş, polis məntəqəsinə aparacağı ilə hədələmiş, nəhayət, ondan əlli rupi qopartdıqdan və məsələnin məhəbbətlə bağlı olduğunu biləndən sonra buraxmışdı. Bütün bunları Əfsanə bilmirdi, hardan da biləydi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, birinci fəsil

Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»

8 dəq
İkinci hissə, ikinci fəsil

Salman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...

6 dəq
İkinci hissə, üçüncü fəsil

«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.

3 dəq
İkinci hissə, dördüncü fəsil

Şirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.

5 dəq

Başqa şairlərin şeirləri