İkinci hissə, altıncı fəsil
Səhifə 2 / 2 · 50%
– Mətbəədə fəhlə işləyirəm! — dedi. — Başqa çarəm yoxdu. Uşaqları dolandırmaq lazımdı.
– Tanqahında çox fərq var?
– Səkkiz yüz əfqani.
– O, çoxdu, çoxdu, — dedi Şəfi və tamam məyus oldu. İstər-istəməz Seyfəddinin paltarına nəzər saldı: pencəyi lap köhnə idi, qollarının ağzı sürtülüb süzülmüşdü. Təsəlli verdi şair:
– Darıxma, deyirlər, yaman günün ömrü az olar.
– Hə, — dedi Seyfəddin. — Amma belə görünür ki, o yaman günün az ömrü bizim ömrümüzdən çox-çox uzundu, şair!—Seyfəddin gedərkən belə söylədi və bu sözlər bütün günü, axşam Elməddin onlara gələnəcən Şəfinin beynində dolandı, onu işləməyə qoymadı. Qanıqara halda otaqda gəzindi, uşaqların yanına getmədi. Elə hey düşünürdü. Məleykə xanım onun qanının qaraldığını otaqda var-gəl eləməyindən, siqareti siqaretə calamağından başa düşmüşdü. Ancaq, adətincə, o dəqiqə başının üstünü kəsdirib; «axı nə oldu sənə?» — demirdi. Belə hallarda onu tək buraxır, müəyyən vaxt keçəndən sonra, əgər deməli sözdürsə, Şəfi özü açıb danışırdı, əgər deməli deyildisə susur, üzdə olsa şad-xürrəm görünməyə çalışırdı.
Axşam Elməddin kefi kök, damağı çağ qayıdıb gəldi. Məleykə xanımla, uşaqlarla mehriban-mehriban görüşüb, hal-əhval tutandan sonra Şəfinin otağına keçdi. Şəfi onu şən qarşıladı. Lakin Elməddin onun gözlərindəki kədəri, sifətindəki gərginliyi dərhal sezmişdi.
– Deyəsən, ustad bu gün çox işləyib. Yorğun görünürsünüz!? Şəfi könülsüz halda:
– Hə! — dedi. — Yorğunam oturun, danış görək necə getdin, necə gəldin? Vəli Məhəmmədi görə bildinmi?
Elməddin divanda oturdu. Yenicə rahatlanmışdı ki, Məleykə çay gətirdi və səssiz-səmirsiz də çıxıb getdi.
– Hə, yaxşı oldu, ustad. Əhədulla gəlib məni Poli-Çərxiyə apardı. Mən hərbi zavodda heç olmamışdım. Deyirdim girərəm içəri, ətraflı tanış olaram. Ancaq qoymadılar. Təfrih vaxtı Vəli Məhəmmədi tapdım. Yaxşı kişi imiş. Boylu-buxunlu, təcrübəli. Sən demə, doqquz yaşından burda işləyirmiş. Atası da burda əmələ imiş. Qırx il hərbi fabrikdə külüng çalıb Vəli Məhəmməd. Özü tüfəng sexində çalışır, Kartuz sexi də ona baxır.
– Bir iş görə bilirlər?
– Hə. Necə tapşırmısınız, o taydada da işləyirlər. Hər gün parça-parça iki-üç tüfəng, on-on beş qatar kartuz çıxara bilirlər fəhlələr. Deyilən yerdə—anbarda. Gizləyirlər.
– Bu, çox yaxşıdır, Elmi. Şübhələnən-filan yoxdu ki?
– Deyir yoxdur.
– Silah bizə çox lazım olacaq. Atalar demiş, bismillahla donuz darıdan çıxan deyil. Yəni təkcə sözlə, kitabla, ruznamə ilə işimiz aşmaz bizim. Sözlə ürəklərdə, beyinlərdə məşəl yandırmaq olar, amma gərək beyni, ürəyi alovlanmış adamların əlində kəsərli, odlu da silah olsun. Yoxsa bizim qələbəmiz mümkün olmaz.
– Düzdü, ustad. Ancaq o silahla—yəni tüfənglə, tapança ilə bu qart əjdahanı gəbərtmək çətin işdi, məncə.
– O, sözsüz elədir. Onun üçün biz ordunun içində işləməliyik
– xüsusilə zabitlərin arasında. Ən müasir silah — tank, təyyarə, helikopter top onların əlindədir. hərbi fabrikdən çıxan silah bizim yardımçı vasitəmizdir, Elmi. Bizim əsas gücümüz orduya söykənməyimizdir.
Onlar xeyli söhbət etdilər, Məleykənin hazırladığı şamı yedilər. Şəfi yalnız süfrə yığışdırılıb ortalığa çay gələndən sonra Vəzarate İttilaat və Kulturda, ağayi vəzir Asəf xanın Sansur Seyfəddinlə olan danışığını Elməddinə nağıl elədi. Elməddin ustadının qanının qaralığının əsl səbəbini ancaq indi başa düşdü. Demək, atılan güllələr hədəfə dəyib! Demək düşmən sevər yerindən yaralanıb; şübhəsiz, buna görə də quduzlaşacaq. Lakin hər ikisini bir cəhət düşündürürdü indi: kitabın və hekayənin çap olunmasından xeyli vaxt keçirdi, ara isə sakitlik idi, nə Şəfiyə, nə Elməddinə kimsə bir söz belə deməmişdi. Sanki heç nə olmamışdı. Bu, nə idi? Siyasət idi, siyasi manevr idi, ya nə idi? Düşmən yaralanandan, necə deyərlər, qapısından top keçiriləndən sonra susurdusa, dərhal əks-hücuma keçmirdisə, burada, şübhəsiz başqa bir şey olmalı idi.
Elməddin çox fikrə getmişdi. Ustadın mülahizələrinə qulaq asdıqca, onun həbsxanada başına gətirilən müsibətləri birər-birər xatırlayır, ondakı dözümə, iradəyə, üstündən nə qədər vaxt keçəndən sonra, təzədən heyrətlənməyə bilmirdi. «Bu dəfə aparsalar öldürəcəklər. Şübhəsiz öldürəcəklər» — deyə düşünür, özü haqda əsla ağlına heç nə gətirmirdi. Halbuki Sansur Seyfəddinin danışığından yaxşı məlum idi ki, onun vəziyyəti daha ağırdı. Hekayəsinin necə deyərlər astarını üzünə çevirmişdilər, içindəki gizli mənanı tapmışdılar və yəqin ki, onun arxasından heç cür qaçmaq mümkün olmayacaqdı. Ancaq bütün bunlara baxmayaraq, Elməddin işin məhz bu şəkil almasında, nə qədər qəribə olsa da, gizli bir nəşə və sevinc duyurdu. O böyük, o qart və qorxulu əjdahaya atılan güllələr içərisində onun da gülləsi var idi və bu güllə, lap tutarlı yerdən — ürəyinin başından dəymişdi. Və belə görünürdü ki, bu güllə onu, heç də başqa güllələrdən, Bəbirin parlamentin iclasında vurduğu açıq zərbədən, Şəfinin yeni kitabında atılan, özü də dalbadal atılan güllələrdən az incitməmişdi.
– O, məsələni bilir, ustad?—deyə Elməddin Bəbiri nəzərdə tutaraq soruşanda Şəfi cavab verdi:
– Yox. hələ bilmir. İndi gedəcəyəm yanına, hər şeyi danışacağam. Görək nə məsləhət eləyir.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.
Birinci hissə, birinci fəsilDünyadan köçəndən sonra daürəklərdə və xatirələrdə yaşamağa
Birinci hissə, ikinci fəsilGecə keçirdi...Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...
Birinci hissə, üçüncü fəsilGülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,