Birinci hissə, on dördüncü fəsil
Səhifə 2 / 3 · 33%
⎯ Nəzər, bağlama, lazım deyil. Onu elə-belə, əlləri açıq aparacayıq! Mən onun burnunun dibindəydim, gözlərini aydın görürdüm qaçaq Ağagülün. İşıqlandı dərində olan o gözlər elə bil. Tutulmağı, irəlidə onu nə kimi fəlakətlər gözlədiyi yadından çıxdı bu anda elə bil və vəcdlə dedi:
⎯ Sağ ol, nəçənnik! Mən indiyəcən elə fikirləşirdim, qırmızıpapaqlıların içində kişi yoxdu. Varmış sən demə!
⎯ Artıq-əskik çərənləmə, marş! ⎯ dediz siz…
⎯ Onda başa düşdün o niyə mənə «sağ ol, nəçənnik!» ⎯ dedi?
⎯ Yox!
⎯ O cür atıb-vuran, mənəm-mənəm deyən adamların psixologiyasını yaxşı bilirdim mən. Camaatın, elin-obanın gözü qabağında əli-qolu qandallı getmək belə adamlar üçün ölümdən ağırdı, bax, məhz o anlarda, deyək, dağ kəndindən həbsxanayacan getdiyi yollarda o, bir insan kimi çilik-çilik olub sınır, dağılıb tökülür; bunu onlar heç cür sinirə bilmirlər. Mən qaçaqlar, banditlər görmüşəm ki, ələ keçən kimi, məhz bu rüsvayçılığı görməmək xatirinə özlərini məhv eləyirlər! Bəli, onların qəribə fəlsəfəsi, dünyası olur, Nəzər! Amma gör necə yadında qalıb ey! Mən unutmuşdum.
Nəzər onun qoluna girdi, söyüd ağacı altındakı boş oturacağa sarı apara-apara dedi:
⎯ Siz o qədər elə şeylər görübsüz ki, hansını yadda saxlayasız…
⎯ Sən onda cavan oğlan idin. Cavanın yaddaşı yaxşı olar.
Onlar oturacaqda əyləşdilər. İki saatdan çox söhbət elədilər. Hərəsi öz başına gələn qəzavü-qədəri qısaca danışdı, oğul-uşaqdan, nəvə-nəticədən söz düşdü; Nəzərə məlum oldu ki, Əfzəl Əliyev sonralar, ali hüquqi təhsil alıb, hakim olub. Bir çox rayonlarda məhkəmə sədri işləyib. Müharibə iştirakçısıdı. Taleyi elə gətirib ki, oğruları, banditləri, əliəyriləri, xuliqanları qanun naminə göndərdiyi yerə ⎯ ağzıbirə günlərin birində özünü də göndəriblər. Günahsız imiş, iki il yatandan sonra buraxıblar, üzr istəyiblər, vəzifəsinə qaytarıblar. Təqaüdə çıxanacan respublika prokurorluğunda işləyib…
Nəzər elə o vaxt, Əfzəl Əliyev onların rayonunda işləyəndə, «Qaçaq Ağagül» əməliyyatından sonra, ikisinin arasında qısa müddət davam edən dostluq günlərində, onun arvadını görmüşdü. Bircə dəfə görmüşdü. Gözəl idi, çox gözəl idi. Gözəlliyi kimi, adı da yadında qalmışdı. Leyla idi. Əfzəl danışıb susandan sonra Nəzər Leyla xanımı soruşdu:
⎯ Leyla xanım necədi?..
Əfzəl mənalı-mənalı gülümsündü:
⎯ Leyla yoxdu daha!.. Çoxdan yoxdu.
Nəzər xəbər alıb, kişini kədərləndirdiyinə peşiman oldu.
⎯ Allah rəhmət eləsin!..
Əfzəl gözləri yol çəkə-çəkə:
⎯ Yox, ölməyib, Nəzər, ⎯ dedi.
⎯ Bəs dediniz yoxdu daha! Ona görə…
⎯ «Mənim üçün yoxdu daha» demək istəyirdim. Özü sağdı. Qocalıb o da. Hardasa buralarda yaşayır. Tez-tez dəniz qırağında görürəm.
Nəzər artıq söz soruşmaqdan ehtiyat elədiyi üçün susurdu, ancaq, görünür, Əfzəlin ürəyi doluymuş, Leylanı tanıyan və xatırlayan bir adamla danışmaq istəyirmiş.
⎯ Günlərin birində, mənim də kündəmi qoydular oda, gəlib apardılar. Onda Bakıdaydım. Yaxşı evim-eşiyim vardı. Oğlum birinci sinifdəydi. Leyla evdə oturmuşdu. Heç yerdə işləmirdi. Əvvəllər beş-altı ay Bayılda saxladılar. Dost-tanış, eşidən-bilən qohum-əqraba gəldi yanıma. Leyla gəlib çıxmadı. Nə özü gəldi, nə də uşağı gətirdi görüm. Gözüm qaldı yollarda. Mənim bir katibəm vardı ⎯ Mariya. Yaxşı, ağıllı qız idi. Bir anasıydı, bir özü. Müharibə vaxtı gələnlərdən idilər. Ürəyimin az qala partladığı, Leyla üçün, oğlum üçün burnumun ucu göynədiyi vaxt, bir də gördüm Mariya gəldi həbsxanaya. İnanmadım gözlərimə. Amma o idi, gəlmişdi. Yemək-içmək, sabun, adyal, döşək üzü, dəsmal, nə başını ağrıdım, hər şey gətirmişdi. Bu, məni yaman mütəəssir elədi, Nəzər. Birdən ürəyinə gələr ki, aramızda bəlkə bir yaxınlıq-filan olduğu üçün gəlirmiş. Yox, heç nə olmamışdı, heç ağlıma da gəlməzdi.
⎯ Əlbəttə, mən inanıram. Leyla kimi gözəl arvadı olanın gözü orda-burda ola bilməzdi.
⎯ O, sadəcə insan kimi, insanlıq naminə gəlmişdi. Sən təsəvvür elə ki, mən o xarabadan çıxana qədər həmişə gəldi yanıma. Bəraət aldım, nəhayət. Haqq gəlib öz yerini tutdu, buraxdılar məni. Bax, o gün gəlib tək-tənha bu dənizin qırağında iki-üç saat oturdum. Çox götür-qoy elədim, evimizə ⎯ Leylanın yanına gedim, ya… Mariyanın! Axırda ürəyim mənə hökm elədi ki, Mariyanın qapısına get! Və elə də elədim. O, məni qəbul elədi ⎯ mən onunla ailə qurdum.
⎯ Maraqlıdı.
⎯ Bax, odur, özü də gəlir, ⎯ Əfzəl başı ilə onlara sarı addımlayan, ucaboylu, qaraşın arvadı göstərdi. ⎯ Uşaq kimi dalımca gəzir. İndi görəcəksən, mənə yemək, soyutmazda çay, meyvə gətirib. Həkim mənə dəniz qırağında mümkün qədər çox qalmağı məsləhət görüb, o da məni, demək olar ki, burda yedirir-içirir. Özünü unudub ⎯ ancaq mənim üçün yaşayır o!
⎯ Halal olsun!.. Bəs oğlun da sonralar axtarıb tapmadı səni?
⎯ Yox, buna uşağın imkanı olmadı. Öldü balam…
Mariyanın gəlib çıxmağı kişini kövrəlməyə qoymadı. Arvad gələn kimi, Əfzəlin əhval-ruhiyyəsi dəyişdi, elə bil, qəmli keçmişini unutdu. Şən-şən Nəzəri də Mariya Aleksandrovna ilə tanış elədi. Arvad təmiz Azərbaycan dilində:
⎯ Çox şadam, ⎯ dedi, ⎯ Əfzəlin hər yerdə yaxşı dostları, tanışları var. İndiki zamana elədi ki, kimin çox dostu varsa, o ən dövlətli adamdır. Mən deyərdim, ən xoşbəxt adamdır…
⎯ Elədir, Mariya Aleksandrovna ⎯ deyə Nəzər onun qılığına, mühakimələrinə heyranlığını gizləyə bilmədi, əlavə elədi:
⎯ Sizin kimi bir xanımı olan Əfzəl kişinin xoşbəxt olduğuna heç şübhəm yoxdur!
Mariya Aleksandrovna məmnun-məmnun gülümsündü və ərini uşaq kimi yedizdirməyə başladı. Əfzəl arasında buğda bişmiş kotlet qoyulmuş buterbroddan bir dişdəm vurub arvadına dedi:
⎯ Sənin hər xasiyyətin yaxşıdı, arvad! Bircə bunu sənə öyrədə bilmədim ki, belə hallarda adam qonağa da yemək təklif eləyər.
⎯ Qonaq? Qonaq kimdi? Nəzər qardaşı deyirsən? O hələ qonaq deyil, haçan evimizə gələr, onda olar qonaq. Yoxsa bulvarda nə qonaq?
⎯ Hər halda quruca təklif eləmək olar!
⎯ Bilirsən ki, boğazdan yuxarı, xala xətrin qalmasın, söz deməkdən acığım gəlir. Mən yaxşı bilirəm ki, təklif eləsəm də Nəzər qardaş yeyən deyil. Çünki başa düşür ki, mən bunları ancaq sənin üçün gətirmişəm, ancaq bir adamlıqdı. Düz demirəm, Nəzər qardaş?
⎯ Tamamilə düzdü.
⎯ Həyatda rola girmək lazım deyil. Necə varsansa, elə də görünsən, deməli, sən təmiz adamsan. Pərdəyə bürünənlər, dili bir, ürəyi ayrı şey deyən adamlar çox təhlükəli olurlar, qorxaq, yaltaq, ikiüzlü olurlar olurlar. Mən, məsələn, həmişə nə düşünmüşəmsə, o da dilimdə olub; onu da eləmişəm. Sizin bir yaxşı məsəliniz var ⎯ düzlükdən böyük biclik yoxdur.
⎯ Mariya xanım, bizim bir sözümüz də var ⎯ düz adamın papağının ortası yırtıq olar, ⎯ Nəzər söylədi.
⎯ Oo… bunu eşitməmişdim. Başa düşmədim, Nəzər qardaş.
⎯ Bilirsiz, Mariya xanım, bu, o deməkdi ki, düz söz deyənin başına hərə bir qapaz çırpar. O qədər çırparlar ki, axırda yazığın papağının ortası yırtılar!.. Çünki düz söz çox adamın xoşuna gəlmir.
Mariya Aleksandrovna güldü, ağ, qayırma olduğu hiss edilən dişləri göründü.
⎯ Mən düz söz tərəfdarı olmuşam həmişə.
⎯ Mənim elə adamlardan xoşum gəlir. Belələri mərd olurlar.
⎯ Elə mənim Əfzəlimin də xoşu gəlir. Xoşu gəlməsəydi, indiyə qədər məni saxlamazdı. Doğru deyirəm, kişi?
⎯ Doğru deyirsən!
Mariya zənbilindən çıxartdığı piyaləyə soyutmazdan çay süzdü, ərinə tərəf uzatdı. Sağ əlilə piyaləni alan Əfzəl, sol dirsəyi ilə Nəzərin böyrünü basdı, azca yana meyllənib yavaşcadan:
⎯ Ora bax, Leyladı, ⎯ dedi.
Tuşlarındaydı. Saçları ağarmış, kök, eynəkli bir qadın idi, onlara baxa-baxa keçirdi. O zaman zərif, ucaboy bir gəlin idi. Uzun, şəvə kimi qapqara saçları kürəklərini döyərdi. İri, ala gözləri vardı. İndi çeşmək taxmışdı. Düz, tökmə, mütənasib ayaqları şişib kötüyə dönmüşdü. Geyim-keçimi də elə fərli deyildi. Əfzəl nişan verməsəydi, yüz dəfə də üz-üzə, göz-gözə gəlsəydilər, Nəzər onun Leyla xanım olduğunu qətiyyən ağlına belə gətirməzdi. «İlahi, gör zaman insanları necə şəkildən-şəkilə salıb tanınmaz eləyir?»
⎯ Tanımadı səni?
⎯ Tanıyır. Elə şeymi olar ki, tanımasın?
⎯ Danışmırsız?
⎯ Yox. Sözsüz mahnılar olur ey. Musiqi sözsüz də hər şeyi deyir. Bizimki də elə oldu, Nəzər. Sözə ehtiyac qalmadı. Bircə onu öyrəndim ki, o vaxt qorxusundan yanıma gəlmirmiş…
Kişilərin o keçən kök qadına baxıb nəsə pıçıldaşdıqlarını hiss eləyən Mariya Aleksandrovna ürəyindəkiləri gizləyə bilməyərək ciddi sözünü zarafatla dedi:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:
Üçüncü hissə, birinci fəsilGözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.