Səhifə 5 / 5 · 80%

⎯ Bə nə yeyirsən, qızım? ⎯ deyə Nəzər astadan xəbər aldı.

⎯ Heç nə!

⎯ Xalan deyəsən sənə pendir göndərib. Motal pendiri. Güllü, dur ondan gətir, qoy uşaq yesin!

Güllü mətbəxə keçib qayıtdı:

⎯ Əla pendirdi. Elə mən də bundan yeyəcəyəm. Siz balıq yeyin, biz ana-bala pendir-çörək!..

Nəzər yeyirdi, ancaq nədənsə ona elə gəlirdi ki, balığın dadı-tamı dəyişib.

Söhbət əsnasında Güllü atasının gəlişilə maraqlandı:

⎯ Gəzməyə gəlmisən, ay ata! Ya bir işin-zadın var?

Nəzər heç özü də bilmədən:

⎯ Təqaüdə çıxmışam, ay qızım, ⎯ dedi. ⎯ Boş-bekar adamam.

⎯ Təqaüdə çıxmısan? Nə yaxşı, ay ata?

⎯ Nəyi yaxşıdı, ay qızım?

⎯ Necə nəyi yaxşıdı, ⎯ Sadıq tikəsini udub dilləndi. ⎯ Sağ əlin başımıza!.. Üçdə alacağın yox, beşdə verəcəyin. Ye, iç, yaşa özünçün!

⎯ Hə də. Adam ömrü boyu işləməz ki? ⎯ Güllü ərinin sözünə qüvvət verdi.

Və Nəzər buna qızının da, kürəkəninin də adicə bir şey kimi baxmasına çox təəccübləndi, boğazı kilidləndi elə bil, onsuz da həvəssiz yediyi balıq tikəsinin çəngəlindəki sonuncu qıçasını ağzına atıb zorla, demək olar ki, çeynəməmiş uddu, çəngəli yerə qoydu:

⎯ Sağ olun, süfrəniz dolu olsun, ⎯ dedi.

⎯ Kişi, sən heç nə yemədin ki? ⎯ deyə Sadıq Nəzərin boşqabına fikir verdi, ⎯ cəmi-cümlətanı üç tikə balıq yeyibsən.

⎯ Yəni sayırdın, ay Sadıq? ⎯ Nəzər pərtliyini gizləməyə çalışaraq qımışdı.

⎯ Yox, demək istəyirəm ki, az yedin. «Üçü» elə-belə, sözgəlişi dedim, Nəzər kişi. Sən özün bilirsən ki, ⎯ Sadıq qayınatasının kinayəsini başa düşüb cavabsız qoymaq istəmədi, ⎯ sən özün yaxşı bilirsən ki, mən elə oğlan deyiləm. Baxsan görərsən ki, düz-dünya elə mənim çörəyimi yeyir.

Güllü sözlərinin çəp gələcəyindən qorxaraq, xəlvətcə atasına göz vurdu: «İşin olmasın, ay ata. O, harsı-parsı qanan deyil. Bir də görərsən elə söz dedi ki, dəymişin qaldı… kalın töküldü».

Və Nəzər qızının işarəsində kağızsız-qələmsiz yazılmış bu sözləri oxuyub, daha üstünü vurmadı, ancaq qəlbindən «bir biləydim, ay Sadıq, sən kimin çörəyini yeyirsən, rahatlanardım. Darıxma, bunun da geci-tezi var, vaxt gələcək, hər şey bilinəcək, Sadıq» ⎯ deyə ürəyindən keçirtdi. Sonra o fikrin üstünə qayıtdı ki, sən demə təqaüdə çıxmaq elə də dəhşətli şey deyilmiş! Boş yerə Nəzər bunu az qala faciəyə döndərib yerə-göyə sığışmır. «Görəsən, ⎯ Nəzər düşündü, ⎯ Güldanə də, Tapdıq da bu xəbəri belə qarşılardılar?» Onlardan gizlədiyinə peşiman oldu. «Gərək deyəydim. Yəqin indi bilirlər, yəqin Bikə zəng eləyib qızına xəbər verib! «Güldanəni, Tapdığı xatırlayanda qeyri-iradi olaraq İmran kişi də yadına düşdü».

Aralığa çökmüş sükutu Sadığın səsi pozdu:

⎯ Demək pensiyadasan!

⎯ Hə, qocaldıq daha! ⎯ Nəzər nisgilli-nisgilli söyləyəndə, Güllünün gözlərinin nəmləndiyini gördü və nə üçünsə kişi buna sevindi ürəyində. Bəlkə də ona görə ki, Güllü onu başa düşmüşdü?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IX fəsil

...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.

5 dəq
X fəsil

Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?

6 dəq
XI fəsil

Dünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.

3 dəq
XII fəsil

İdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.

4 dəq

Başqa şairlərin şeirləri