Səhifə 2 / 3 · 33%

«QAZ-69» fırlanıb maşının tuşuna çatanda dayandı. Nəzər yenə işarə elədi.

Milis idarəsinin həyətində polkovnik Ağayev çardağın altında oturub kötükdən kəsilmiş «stol»un üstündəki çaydandan özüyçün çay süzürdü. Nəzər Xəlillə ona yaxınlaşanda Bəhmən güldü. Nəzər o dəfə büro iclasından ⎯ o qadının ağlaya-ağlaya danışdığı «on qəpik» əhvalatından sonra Ağayevin əlindən yaman yığmışdı, qəzəbliydi, bir bəhanə axtarırdı ki, milis rəisini acılasın. İndi onun bu yersiz gülüşü onu təbdən çıxartdı:

⎯ Nə var, nəyə gülürsən, Ağayev? Yoxsa işini çətinləşdirmi-şəm?

Polkovnik Nəzərin səsindəki qəzəbi hiss eləyib yumşaq-yumşaq dedi:

⎯ Yox, ay Nəzər müəllim!

⎯ Mən sizə kömək eləyirəm. Əslində gərək siz mənə «çox sağ ol» deyəsiz, polkovnik. Budu, deyir bu qədər taxtanı yoldan keçən bir maşından almışam. Amma yalan deyir, gözünün içinəcən yalan deyir, mən bilirəm hardan alıb. Hələ ona bax, o zırrama da ⎯ İbişi göstərdi ⎯ buna şahidlik eləyir. Elə bilirlər uşaq aldadırlar.

Polkovnik piyalədəki çaydan bir qurtum içib:

⎯ Sən narahat olma, Nəzər müəllim, bizə düzünü danışacaqlar. Darıxma heç… Keçin içəri, ə! Balamirzə, ay Balamirzə! ⎯ deyə üzünü bina tərəfə tutub çağırdı. Balamirzə ⎯ kapitan formasında olan orta boylu, qaraşın kişi ⎯ ağzında nəsə çeynəyə-çeynəyə özünü çölə atdı, udqunub:

⎯ Bəli, yoldaş rəis! ⎯ dedi.

⎯ Bu vətəndaşları apar içəri, mən də indi gəlirəm, çayımı içim…

Nəzər bu dəfə razılıqla gülümsəyib öz maşınına sarı getdi, iki addım atmamış qayıtdı:

⎯ Yoldaş Ağayev, bilirsən bu taxtanı kimdən alıblar?

⎯ Yox. Kimdən alıblar?

⎯ Mənə elə gəlir ki, o Xuduş faşist oğlu faşist satıb.

⎯ Prorab?

⎯ Hə, o.

⎯ O da lap ağ eləyib ha. Yaxşı. Məşğul olarıq!..

Nəzər arxayın maşına mindi.

⎯ Getdik, ay oğul, ⎯ dedi Teyyuba. ⎯ Görək bu beş dəqiqəlik yolu qoyacaqlar gedək çıxaq mənzil başına?

Bu dəfə rahat gəlib çıxdılar.

Nəzər bu məktəb tikintisinin tarixini yaxşı bilirdi. Rayon mərkəzində cəmi bircə orta məktəb var idi. Qabaqlar, on-on beş il bundan irəli kifayət eləyirdi, ancaq son illər rayon mərkəzində əhalinin sayı artmışdı, uşaqlar çoxalmışdı. Siniflər ağızbaağız dolu olurdu ⎯ iyirmi-iyirmi beş uşaq əvəzinə, hər sinifdə otuz beş-qırx uşaq oxumalı olurdu. Buna həm sinif otaqları darlıq edirdi, həm dərsin keyfiyyəti aşağı düşürdü. Elə olurdu ki, bir uşaq rüb boyunca bir dəfə dərs danışdımı, papağını gözünün üstünə endirib rahat gedib-gəlirdi, hazırlaşmırdı, bilirdi ki, hələ onun «növbə»sinə çox var. Bu məsələ rayon maarif şöbəsində, rayon partiya komitəsində ətraflı müzakirə olunduqdan sonra, Bakıya, Maarif nazirliyinə yazılmışdı və oradan icazə gəlmiş, pul, vəsait buraxılmışdı. Tikintiyə başlayanda hamı sevinmişdi, xüsusilə müəllimlər, uşaqlar, valideynlər hamıdan çox sevinmişdi. Bir ilə başa gələr ən uzaqbaşı ⎯ demişdilər. Tikinti işçiləri sosialist öhdəçiliyi götürmüşdülər. İş başlanmışdı, özül qazılmış, divarlar ucaldılmışdı, ancaq hardasa iş düyünə düşüb qalmışdı, il sovuşmuş, məktəb isə düz rayonun içində, rayon partiya komitəsinin, rayon icraiyyə komitəsinin, maarif şöbəsinin, bu qədər camaatın gözünün qabağında yarımçıq qalmışdı. İş çox ləng gedirdi. İki dəfə rayon partiya komitəsinin bürosunda məsələ müzakirə edilmişdi, ancaq hər dəfə söz vermişdilər, nəticəsi olmamışdı. Əsas səbəb bunu gətirmişdilər ki, material çatmır, əlaqədar təşkilatlar yaxşı və ardıcıl surətdə tikintini lazımi şeylərlə təmin eləmirlər. Sement olanda daş olmur, daş olanda taxta olmur, taxta olanda rəng, nə bilim nə olmur.

İki il az qalırdı başa yetsin… Ancaq məktəbin ikinci mərtəbəsinin səqfi vurulmamışdı, pərdiləri, şalbanları qoyulmamışdı. Bu yarımçıq məktəb Nəzərin hər dəfə buradan keçəndə gözlərinə iti bıçaq kimi batırdı, gözündən çox ürəyini ağrıdırdı. Qərib o dəfə evə buradan sement alıb gətirəndə Nəzər bu ilişiyin, kələfin ucunu tapmışdı. Qəzəb boğmuşdu kişini. Ancaq hələ ki, vaxt tapıb bura ayaq qoya bilməmişdi. Xuduşla əməlli-başlı danışacağını o gündən qərara almışdı. Tərs kimi, bu taxta məsələsi də bu yandan pırtlayıb çıxdı. Kaş o Xəlilin, İbişin dedikləri düz olsun ⎯ taxtanı yol maşınından almış olsunlar. Əgər burdan alıblarsa, əgər onun güman elədiyi kimi, həqiqətən Xuduş satıbsa o taxtaları, onda o gədəyə aman yoxdu. İki kisə sementi keçmək olar yenə birtəhər, amma bir maşın taxtanı yox. Yox, heç sementi də bağışlamaq olmaz, hər gələnə iki-üç, beş kisə sement versə, satsa, bu məktəb heç on ilə də tikilib başa gələ bilməz.

Nəzər beləcə düşünə-düşünə maşından enib tikintiyə gəldi. Bir tərəfdə ağ mişar daşlar tökülmüşdü, o yanda, üstünə-qırağına tol çəkilib taxta vurulmuş damda sement vardı. Palçıq-sement qarışdıran maşın sakitcə dayanmışdı. Xorlu qaldırıcı krana altdan yuxarı ha boylandısa, kabinədə kimsəni görmədi. Tikilinin böyrünə ağ, sarı, qara taxta-şalban yığılmışdı. Nəzər taxtalara nəzər saldı. Eynən bayaq İbişin maşınında aparılan taxtalara oxşayırdı. Yox, bunun o yan-bu yanı yox idi, hamısı bir maşının ağzından çıxmışdı elə bil.

Nəzər ətrafa göz gəzdirib qulaq verdi. İçəridə səs gəlirdi. Kimsə ucadan danışırdı, ancaq Nəzər sözləri ayırd eləyə bilmirdi.

Səsləndi Nəzər:

⎯ Ə, orda kim var, kim yox?

Danışıq kəsildi. İkinci mərtəbənin açıq pəncərəsindən Xuduşun başı göründü:

⎯ Kimdi, ə, o? ⎯ Və Nəzər müəllimi aşağıda, taxtaların yanında görən kimi, səsini xırp kəsib sarısını uddu. Başını içəri çəkib, aralıq pilləkənə doğru gələ-gələ fikirləşdi ki, pah atonnan, o boyda kişi iki meşox sementin davasına gəlib. Ərinməyib də ey. Amma canında qorxu vardı, çünki Qərib o gün kisələri bir «Jiquli»nin baqajın-da gətirib bura atanda əhvalatı yerli-yataqlı ona danışmışdı, o gündən Xuduş elə səksəkəliydi, bir gözü yoldaydı, bir adama bir şey verəndə də, oğru kimi, o yan-bu yana baxırdı. İndi həmin Nəzər ⎯ hamının Nəzarət adlandırdığı Nəzər, nəhayət, gəlmişdi. Allah bu gəlişin axırını xeyir eləsin. İki kisə sementi öz doğmaca oğlunun, necə deyərlər, dalına şəllədib geri qaytaran Nəzər, indi gör Xuduşun atasını necə dalına sarıyacaqdı?! Xuduş qıçları əsə-əsə ikinci mərtəbədən birinci mərtəbəyə necə düşdü, necə çölə çıxıb büzüşə-büzüşə Nəzərin qabağına gəldi, allah bilir!

Xuduş gödəkboylu, tabağsifət, eni-uzunu az qala eyni olan, kürən bir adam idi. Kənardan baxanda, yerişinə-duruşuna fikir verəndə adamı gülmək tuturdu ⎯ naşı bir rəssamın çəkdiyi karikaturaya oxşayırdı. Nəzər onu uzaqdan-uzağa tanıyırdı, yaxın, şəxsi münasibətləri olmamışdı. Özünü tez-tez görməkdən çox, orda-burda, kənddə-kəsəkdə adını eşitmişdi, üç-dörd dəfə də, hələ müəllim olan vaxtı, rastlaşmışdı. Ancaq o gündən ⎯ Qərib evə o iki kisə sementi gətirib Xuduşdan aldığını boynuna alandan sonra, Nəzərin ürəyində ona qarşı qəribə bir qəzəb, kin yaranmışdı və təbii ki, kişinin zehnində «faşist oğlu faşistlərin» siyahısına yazılmışdı. Nəzərin əslində belə bir rəsmi siyahısı yox idi ⎯ bu siyahı onun ürəyindəydi, hafizəsindəydi və nə zaman, lap gecənin bir aləmində, insafı kənara qoyub gəlib Nəzəri şirin yuxudan oyatsaydın və bu «faşist uşağı faşistlərin» adını, əməlini soruşsaydın, o, şübhəsiz, əzbərdən söyləyərdi, çaşmazdı, kəkələməzdi.

İndi çəlləyə oxşayan Xuduş yeriyə-yeriyə yox, bir növ dığırlana-dığırlana Nəzərə sarı gələndə, kişi onun kürən sifətinə diqqətlə baxır, elə bil üz-gözündən ürəyini, içini öyrənmək istəyirdi. Çəllək dığırlanıb, nəhayət, kişinin qabağında bənd aldı, sırtıq-sırtıq irişərək koppuş əlini irəli uzadaraq:

⎯ Ay xoş gəlibsiz, Nəzər müəllim! ⎯ dedi. Nəzər onun beşbarmaq kötüyə oxşayan nahamvar əlinə əlinə fikir verdi, ancaq öz əlini pencəyinin cibindən çıxartmadı. Xuduşun əli bir an havada qaldı, sonra aşağı endi; o, pərt olmadı, yenə şit-şit irişdi, qonur, xırda gözləri ani olaraq yumulub təzədən açıldı. Nəzər hələ heç nə demirdi, eləcə, sınayıcı, əzici baxışlarla ona tamaşa eləyirdi, dişlərini bir-birinə bərk sıxdığından üzünün əzələləri qalxıb-enidi. Bu sükut öldürücüydü. Xuduş hələ ömründə belə bir əzaba düçar olmamışdı ⎯ o boyda bədən gizlənməyə yer axtarırdı; kişinin baxışlarında nə təsir vardısa, o, hiss olunmadan elə bil əriməyə başlamışdı. Axırda dözə bilmədi, əks-hücuma keçməyi qərara aldı:

⎯ Nə olub, əşi? Nə qan olub, nə qada düşüb? Allahın salamını verirəm, onu da almırsan! ⎯ dedi və cavab gözləməmiş bir az da üstünə gəldi: ⎯ Hələ ağsaqqalsan, neçə ilin müəllimisən, nə olub, neynəmişəm axı? ⎯ Dedi və gözlərini tez-tez açıb-yumaraq sözlərinin ona necə təsir elədiyini öyrənmək istədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 dəq
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 dəq
Üçüncü hissə, yeddinci fəsil

Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda

11 dəq
Üçüncü hissə, səkkizinci fəsil

Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»

18 dəq

Başqa şairlərin şeirləri