Səhifə 3 / 3 · 67%

Nəzər bir addım irəli yeridi, Xuduş qorxub bir addım geri çəkildi.

⎯ Nədi, vurassan məni?

Nəzər, nəhayət, dişlərini qıcıdaraq, təmkinini pozmadan:

⎯ Yox, Xuduş, mən adam vuran deyiləm, ⎯ söylədi. ⎯ Səni onsuz da allah vurub!

Xuduş bayaqdan, üz-üzə dayandıqları müddətdə ilk dəfə Nəzərin səsini eşitdiyinə və bir elə də qəzəbli olmadığını başa düşdüyünə görə sevinən kimi olub yersiz olsa da hırıldadı:

⎯ Niyə heylə deyirsən, Nəzər əmi. Allah məni niyə vurub axı?

⎯ Allah səni onda vurub ki, ağlını başından alıb, vicdanının gözünü kor eləyib və ürəyinin içinə «tamah» adlı bir əjdaha qoyub, Xuduş. O tamah sənin başına ip salıb bu boyda vücudunu hərriyir, salıb dalına hara istəyir, ora da aparır.

Xuduş yenə də hırıldadı:

⎯ Əşi, sən də lap milçəyi şişirdib fil eləyən imişsən ha. Deyirdilər, inanmırdım. Düzü, mən Qəribin ⎯ sənin oğlunun və sənin özünün xətrini dünyalarca istəyirəm. Necə ki, bir ağsaqqal. Uşaq gəldi yanıma, xahiş elədi, mən də iki meşox sement nədi ki, verdim, apardı, hörmət elədim. Ta burda qan olmuyub, ölüm-itil olmuyub.

⎯ Hörmət eləmisən Qəribə, mənə?

⎯ Hə də. Hörmət elədim. Pis iş görmüşəm? Hörmət eləmişəm də.

⎯ İndicə Xəlilə də hörmət elədin, bir maşın taxta verdin?

⎯ Xəlilə? ⎯ Xuduş udqundu, çaşıb gözlərini döydü.

⎯ Hə, Xəlilə. İbişin maşınında apardı.

Xuduşun rəngi ağappaq ağardı. Heç özünə gəlməmiş, Nəzər soruşdu: ⎯ Heç bilirsən Xəlil o taxtaları hara apardı?

⎯ Yo…x…ox.

⎯ Milis idarəsinə apardı, Xuduş.

⎯ Milis idarəsinə?

⎯ Hə. ⎯ Nəzər belə deyə-deyə onun gözlərinin içinə nəzər saldı; o qonur, xırda gözlər içəridə dəbərişib öləzidi və Nəzər elə-belə, gözüyumulu, gümana atdığı güllənin sərrast, düz hədəfə dəydiyini anlayıb, başını mənalı-mənalı tərpətdi. ⎯ Düz milis idarəsinə.

⎯ Vay köpəyoğlu, nanəcib. ⎯ Güclə dedi Xuduş. ⎯ Gəl, bundan sonra adamlara yaxşılıq elə, görüm necə eləyirsən. Vermirdim ha, yalvardı, yaxardı, ilan dili çıxartdı. Dedim yaxşı döyül, həftə səkkiz, mən doqquz, üz-üzə gəlirik, maşını aparıram yanına, növbəsiz-filansız baxır. Sən demə, orqanın adamıymış. Satqın köpəkoğlu. Agent köpəkoğlu.

⎯ Sən deyirsən, yaxşılıq eləyirdin, hə?

⎯ Hə də. Bu yaxşılıq döyül, bəs nədi? O boyda risk elə ki, nə var, nə var, onun damı yarımçıq qalıb. Cəhənnəmə qalıb, gora qalıb. Denən, sənə nə düşüb axı.

Nəzər müştüyünə siqaret taxıb yandırdı:

⎯ Səncə, bu yaxşılıqdı? Yaxşılıqdı ki, bu dövlətin, bu camaatın halal malını öz dədəyin malı kimi gəlib-gedənə satırsan? Sənin dədən haçannan Şura hökumətiynən şərik olub? Yox, soruşuram, bəlkə dədən şura hökuməti ilə doqovor-zad bağlayıb şəriklik haqda, bizim də xəbərimiz yoxdu? Niyə dillənmirsən? Bu mal, material sənin özünün olsaydı, bu cür sağa-sola paylayardın?

⎯ …

⎯ Yox, paylamazdın. Deyərdin dədəm dədənə borcludu? O taxtanın kubmetrini neçədən vermisən Xəlilə?

⎯ …

⎯ Dinmirsən. Eybi yoxdu. Orda danışarsan. Yaxşılıq. Yaxşılıq. Hamam suyuynan özünə dost tutur. Julik.

⎯ …

Xuduşun iri, palaz qulaqları guruldayırdı. Nəzərin dediklərindən çox az şey başa düşürdü. Fikri sabahkı çək-çevirin yanındaydı. Qanun əlinə keçəndən sonrakı vəziyyətini götür-qoy eləyirdi və eyni zamanda, Xəlilin özünün milis idarəsinə getdiyini güman eləyib ürəyində onu yağlayır, xoruz səsi eşitməmiş söyüşlərlə abırdan salırdı. Çaşqın halda, yazıq-yazıq Nəzərin üzünə baxıb astadan:

⎯ Evim yıxıldı, ⎯ dedi və təkrar elədi. ⎯ Evim yıxıldı.

⎯ Sənin evin yıxılmasaydı, bu məktəb tikilə bilməzdi. ⎯ dedi Nəzər. ⎯ Burda ol, heç yerə getmə. İndi komissiya gələcək. ⎯ Xuduş gözlərini döydü. Nəzərin mindiyi maşın meydançada hərlənib geri dönəndə, Xuduş hərəkətsiz, içi boş çəllək kimi yerindəcə donub qalmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 dəq
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 dəq
Üçüncü hissə, yeddinci fəsil

Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda

11 dəq
Üçüncü hissə, səkkizinci fəsil

Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»

18 dəq

Başqa şairlərin şeirləri