Səhifə 2 / 2 · 50%

– Bunların məqsədi nədir? Dedi:

– İrtica, imperializm və feodalizm əleyhinə mübarizə. — Yenə heç nə anlamadım, dedim:

– Bu işin faydası nədir? Dedi:

– Siyasi demokratiyanın və iqtisadiyyatın bərqərar olması, irtica ünsürlərinin ifşası, imperializm və kapitalizm əleyhinə olduğumuzu göstərmək üçün bu hərəkət zəruridir.

And olsun allaha, onun dediklərindən bircə kəlmə də qanmadım. Gördüm ki, nə soruşuram, bu qism qəliz cavab verir, naçar qalıb susdum. İlahi, bu şəhərlilərin dililə biz kəndlilərin dili arasında nə qədər fərq varmış?

Yarımca dəqiqə bu söhbətdən keçmişdi ki, yanımdakı uşaqlardan biri soruşdu:

– Səncə, bu etilaf yaxşıdır?

Sözün mənasını anlamadım, amma fikirləşməsin ki, mən onların dəstəsindən deyiləm və heç nə qanmıram deyə söylədim:

– Bəli, yaxşı şeydi. Çox yaxşı şeydi. Dedi:

– Düz deyirsən, yaxşı şeydir. Baxmayaraq ki, bunların arasında bəzi ideoloji ixtilaflar var, amma yenə bu günkü etilafları faydalıdır. Başımı tərpətməklə cavab verdim.

O yenə soruşdu:

– Sənin fikrincə, bu yaxşıdırmı ki, müxtəlif siyasi dəstələr bu etilafda özlərinin bəzi şəxsi mülahizələrini kənara qoyub birləşiblər, ya o mülahizələrini nəzərdə tutmaları yaxşıdır?

Dediyini başa düşmədiyimdən axırıncı sözləri eynilə təkrar eləyib dedim:

– O mülahizələrini nəzərdə tutsalar yaxşıdır. O acıqla dedi:

– Bəs etilafın əsas şərti bu deyildimi ki, heç kəs gərək xüsusi şüarlar deyib aralığa təfriqə salmamalıdır?

Gördüm ki, pis toqquşdurdum və pis söz dedim, elə söz dedim ki, mənasını özüm də başa düşmürəm. Qərara aldım ki, heç danışmasam yaxşıdır, abrım əldən getməsin. Amma təzə tanış məndən əl çəkmək fikrində deyildi. Təzədən soruşdu:

– Sən özün hansı cərəyandansan? Məqsədini anlamadım, dedim:

– Cərəyandan deyiləm, Dehbala qəryəsindənəm. Dedi:

– Bunu soruşmuram ey, deyirəm ki, hansı məfkurədən və ideolojidənsən?

Dedim:

– Nə deyirsən?

Dedi:

– Sağlardansan, ya sollardan? Ya bəlkə bitərəflərdənsən?

Ay allah, özün kömək ol, axır elə şey soruşdu ki, başa düşdüm. Kəndçi olanda nə olar, balam, sağımla solumu ki tanıyıram. Amma bu «bitərəf» nəmənə olan şeydi? Yaxşı, allah bəlasını versin, deyəcəyəm ki, sağdanam.

Cür'ətlə ona dedim:

– Sağdanam, sağdan!

Gördüm mənə pis-pis baxdı və uşaqlara pıçıltı ilə nəsə dedi, onlar da mənə pis-pis baxmağa başladılar.

Öz-özümə dedim: «Xudaya, bunlar niyə mənə belə baxırlar? Düşündüm ki, bəlkə mənə inanmırlar... odur ki, dedim:

– Allah haqqı, sağdanam.

Mənim andıma inanmadılar və yenə mənə bəd-bəd baxdılar. Bu vaxt dəstə yol ayrıcına çatdı, iki-üç nəfər yol qırağındakı taxta budkanın üstünə çıxıb danışmağa başladı.

Biri üç-dörd kəlmə deyirdi, o birilər də əl çalırdılar. Mən də əl çalırdım. Hərdən «Kargər», «dehqan», «zəhmətkeş» sözlərini eşidəndə başa düşürdüm ki, məndən danışırlar.

İki saatdan sonra dəstə irəlilədi və mən də onlara qoşuldum, yenə onlardan biri nəsə deyirdi; dəstə bir dəfə «zendebad» deyirdi, bir dəfə «mordebad» . Mən də onların dediyini təkrar edirdim. Sonra isə özümü çaşdırdım, «mordebad»ın yerini «zendebad»la qarışdırdım.

Məsələn, o vaxt ki deyirdilər: «istismar» — deyirdim «zendebad». Deyirdilər: «ziyalılar» —deyirdim «morde-bad». Deyirdilər: «imperializm» — deyirdim «zendebad». Deyirdilər: «mütərəqqi cəbhələr», — deyirdim «mordebad». Deyirdilər: «irtica», deyirdim — «zendebad». Deyirdilər: «həmrəylik», deyirdim —«mordebad».

Uşaqlar mənim «mordebadlarımı», «zendebadlarımı» eşidəndə məni xubluca əzişdirməyə başladılar. Onlardan biri deyirdi:

– Bu mürtəcedir. Başqası söyləyirdi:

– Mərkəzi kəşfiyyat idarəsinin agentidir.

– Təxribatçıdı, — deyirdilər.

Böyük bir çətinliklə başa sala bildim ki, baba, mən kəndçiyəm. Başa düşməmişəm, qələt eləmişəm ki, bu paltarı geymişəm. Mən kəndliyəm, zəhmətkeşəm...

Bu vaxt uşaqlar mənim üzümü-gözümü öpməyə başladılar. Məndən üzr istədilər və halıma yandılar.

Qardaş, gərçi məni xubluca döydülər, ancaq anladım ki, nə vaxt «mordebad» demək lazımdır və nə vaxt «zendebad». Bunu da başa düşdüm ki, «imperializm» pis adamdı. «İrtica» da əliəyridi, yeri gəldi-gəlmədi, yalandan and içib aman eləyir. Camaatın ürəyi onun əlindən yanıqlıdır. «Feodalizm» və «istismar» da şübhəsiz, pis adamlardırlar. Hökmən qumarbazlıq və oğurluq eləyirmişlər. Hamısını qəbrə qoyum. «Mordebad», yüz dəfə «mordebad»...

O biri tərəfdən də «ziyalılar», «mütərəqqi cəbhələr», həmrəylik də, heç də şübhə yox idi, nazənin adamlardırlar. Şəksiz, gündə beş dəfə namaz qılırlar. İndi başa düşdünmü ki, nə üçün bu təzə çıxmış adları bir nəfərə vermi-şəm? Ürəyim qayınatamın əlindən yanıqlıdır, ona görə ona «irtica»adı qoymuşam. «Ərbab Xacunu da tanıyırsan və bilirsən ki, bizə, sizə nə qədər zülm eləyir, öz torpaqlarını necə də baha qiymətə bizə icarəyə verir? Ona görə ona «imperializm» adını vermişəm. Keçən il dükandar Xəlifə Rəcəbə altmış beş rupi borc vermişdim. Danmağı o yana, hələ yalandan qurana da əl basdı. Bununçun onu «feodalizm» deyə çağırıram.

Allah eləyə, dostum, bir dəfə səninlə şəhərə gedəm, o qədər təzə şeylər öyrənərik, kəndin camaatının ağzı açıla qalar».

Elməddin alnının tərini silib utancaq nəzərlərlə Rəhgüzərə baxdı. Rəhgüzər sevindiyindən özünü saxlaya bilmədi, onu bağrına basıb öpdü.

– Sağ ol, qardaş, — dedi. — Bax, bizə belə əsərlər lazımdır. Səni təbrik edirəm. Bu, çox adamın gözünü açar.

Elməddin xoşbəxt-xoşbəxt gülümsəyirdi. Məleykənin nəzərlərində rəğbət qığılcımları parıldayırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 dəq
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 dəq
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 dəq
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 dəq

Başqa şairlərin şeirləri