Birinci hissə, altıncı fəsil
Səhifə 2 / 3 · 33%
bin direktoru Aliyə xanımın sinfində – dördüncü sinifdə baş vermiş bir hadisə yadına düşdü.
Aliyə xanım sinifdə sərbəst yazı işi veribmiş. Şagirdlərin dəftərini axşam evdə yoxlayanda Şəmayil adlı bir qızın dəftərində qəribə bir yazıya rast gəlir. Uşaq iri, muncuq kimi yan-yana düzülmüş hərflərlə yazıbmış: «Aliyə müəllimə, mən bir şeyi heç cür başa düşə bilmirəm. Bizim ailəmiz beş nəfərdən ibarətdir – iki qardaşım, atam, anam, bir də mən. Anam işləmir
– evdar qadındır, qardaşlarım sizin məktəbdə oxuyur. Atam…. İdarəsində işləyir və yüz otuz beş manat maaş alır. Siqaret çəkəndi atam – ancaq «Malbora» siqareti çəkir – o Amerikan siqareti var ey, ondan. Gündə iki qutu gücnən çatır ona. Dediyinə görə, o siqaretin bir qutusu Kubinka bazarında beş manatadı. Demək, gündə atam on manat siqaretə verir. Bu, ayda – hesab eləmişəm – üç yüz manat eləyir. Təzə maşın da alıb atam – «Qaz-24». Ha fikirləşirəm, o yüz otuz beş manatı bölürəm, bölürəm, görürəm, ailəmizin xərclədiyindən çox az çıxır, heç ödəmir, müəllimə. Bəs atam nə eləyir ki, bu yüz otuz beş manat bu qədər xərci ödəyir, müəllimə?»…
Aliyə xanım Şəmayilin bu sərbəst yazısını oxuyub çaşmışdı. Səhər müəllimlər otağında bu əhvalatı danışanda kimi gülmüşdü, kimi isə dərin fikrə getmişdi. Müəllimlərdən biri demişdi: «Sağ ol, Şəmayil». O biri qəzəblə dillənmişdi: «O dəftəri eləcə qoyun konvertin içinə, göndərin Xalq Nəzarəti Komitəsinə! Bu sualı Şəmayil də, biz də həll eləyə bilmərik, ancaq Nəzarət Komitəsi tez həll eləyər, Aliyə xanım!»
Aliyə xanım çox götür-qoydan sonra, yaxşı tanıdığı valideynə zəng edib yanına çağırtdırmışdı, yazı işi ilə onu tanış eləmişdi. Qızın atası, əlində maşının açarlarını oynada-oynada gülmüş, «Aliyə müəllimə, siz belə şeylərə fikir verməyin. Axı, siz bilirsiz, o uşaq bir az xəstə kimidi. Bəzən nə dediyini, nə elədiyini bilmir» - deyib getmişdi. Ancaq səhər Şəmayil, müəllimlər otağına gəlib ağlaya-ağlaya Aliyə xanıma söyləmişdi: «Müəllimə, bəs siz deyirsiz, düz danışın, düşündüyünüzü deyin. Bəs … onda … atam məni niyə döyür? Deyir: «Boyunu yerə soxum. Sən də evladsan? Mən sizin xatirinizə özümü oda-közə vururam! Çörəyim gözündən gəlsin»…
Müəllimlər otağında hamının üstünə su çilənmişdi. Aliyə xanım irəli yeriyib qızın sarı saçlarını sığallamış, könlünü almaq istəmişdi. Əsəd Şəmayilin göz yaşlarına dözə bilməyib dəhlizə çıxmışdı və düşünmüşdü ki, bu heç yaxşı hadisə deyil. Aliyə xanım gərək o yazını atasına yox, o ağbaş müəllim deyən kimi, bir baş Xalq Nəzarəti Komitəsinə yollayaydı. Əsəd o atanı – valideyni şəxsən tanımırdı, ancaq ona gün kimi aydın idi ki, o, halal çörək yemir, kimdisə əyri yoldadı, sənin, onun, dövlətin cibinə girir. Əsəd üçün bu, məsələnin zahiri, rəsmi tərəfi idi, ancaq bundan da ciddi bir cəhət var idi ki, burda, o, Əsədi çox narahat eləyirdi. Bu da işin mənəvi tərəfiydi – Şəmayil hələ uşaqdı, müəllimlər, məktəb ona düz danışmağı, fikirləşdiyini söyləməyi təlqin eləyib – lakin həyatda Şəmayil başqa şey gördü – düz danışmağın ilk acı zərbəsini daddı və yəqin ki, onun zərrə-zərrə, aylarla, illərlə beyninə hopdurulmuş «düzlük», «təmizlik» məfhumu, anlayışı bir anda, o bir zərbə ilə uçulub dağıldı. Sındı, qırıldı onun şamı. Bax, bu, böyük itkidi.
Elə xəstəxananın qapısı ağzında, siqaret çəkə-çəkə Əsəd, qəribə bir fikir aydınlığı ilə, iyirmi il əvvəl gördüyü o qızıldiş, qızıl saatlı Mürsəli, sonra Şəmayilin atasını, daha sonra isə, bax o oturacaqda əyləşib gözünü balkona zilləyən Ərəstunun kimliyini, nəçiliyini bilmədiyi atasını xəyalında canlandırdı, onları gətirib yan-yana düzdü və bir-birinə hardasa, nədəsə çox oxşadıqlarını açıq-aşkar gördü və üşürgələndi. Əsəd indi nəyə desəydin and içə bilərdi ki, ömründə bir-birini görməyən bu üç adam bir yuvanın quşudu, yaşları, sənətləri ayrı olsa da, onlar əkiz qardaşlar kimi bir-birinə çox oxşayır…
Əsəd siqareti böyründəki zibil qabına atıb, çoxdan izlədiyi, maraqlandığı Ərəstunu dişinə vurmaq üçün, ona sarı addımladı. Ərəstunun fikri-zikri balkonda olduğundan Əsədi görmürdü. Əsəd gəlib yanında oturanda salam verdi:
− Salam, Ərəstun.
Ərəstun bu gözlənilməz səsdən və salamdan səksəndi, çevrilib Əsəd müəllimi görəndə çaşan kimi oldu.
− Salam…
− Nədi, sizin də xəstəniz var burda? – deyə Əsəd qəsdən, onun məhz Sahiləyə görə bura gəldiyini əlinin içi kimi bilə-bilə uzaqdan başladı. Ərəstun Əsədin sözünü o dəqiqə göydə qapdı, «Sizin xəstəniz.» sözündən yapışıb əlüstü bir yalan quraşdırdı.
− Hə, müəllim. Bir dostumun atası yatır. Ona dəyməyə gəlmişik. Əsəd yenə bir siqaret yandırdı, sümürə-sümürə fikirləşdi ki, «gör nə ustalıqla yalan danışır?» - və dedi:
− Xəstəyə dəyməyə gəlmisən, bəs niyə burda oturmusan? Niyə içəri keçmirsən? Buraxmırlar?..
− Hə, buraxmadılar ikimizi birdən.
− İstəyirsən, buraxdırım?
− Yox, sağ olun. İndi gələr oğlan…
«Bu da bir yalan! Buraxmırlar!»
Əsəd xeyli susub:
− Yaxşı, dərslərin necə gedir? – deyə soruşdu.
− Gedir də…
− Hara girmək istəyirsən qurtarandan sonra?
− Hələ heç bilmirəm. Paxan deyir gəl bizim instituta.
Əsəd məqamı əldən vermədi, onun «paxan» sözünə gülümsünərək:
− Paxanın hansı institutda işləyir ki?… - deyə tələsik xəbər aldıqda Ərəstun baxışlarını balkondan üzmədən:
− Xalq təsərrüfatında… - söylədi.
− Hə, ora yaxşı institutdu. Kimdi sənin atan?
− Qulam. Professor Qulam Qulamzadə…
− Ha, eşitmişəm, eşitmişəm…
Əsədin fikri, yaddaşı uzaqlara, tələbəlik illərinə uçub getdi. O dəfə Sakit Aranlı ilə xudmani oturub əməlli-başlı söhbət eləyəndə tələbə yoldaşlarını xatırlamış, kimin harda, nəçi işlədiyini, kimin öldüyünü yada salmışdılar. Onda da məlum olmuşdu ki, Əsəd öz sinif yoldaşlarından başqa çox az adam tanıyırmış və demək olar ki, sonralar onların heç birini heç yerdə görməmiş, söhbət eləməmişmiş. Amma Sakitin yaddaşı maqnitafon lenti imiş, sən demə. Hər şey, ən kiçik bir hadisə, ən gözəgəlimsiz tələbə, ən ötəri bir müəllim belə yadından çıxmamışmış. Hətta özündən aşağıda, yuxarıda oxuyan uşaqları da xatırlayırdı Sakit. Onun söhbətindən Əsəd bilmişdi ki, həmin uşaqların bir çoxu indi elm aləmində, sənət aləmində tanınmış adamlardı. Riyaziyyat fakültəsində oxuyan yaraşıqlı, ucaboy, şəkli şərəf lövhəsindən düşməyən Arif Babazadə indi akademikdi. Tofiq, Yaşar, Famil filologiya elmləri doktorlarıdı. Ağacavad, Abbasəli, Arif, Şamil alim və şairdilər. Hə, bax, Sakit bu adamlardan danışanda Qulamı da yad eləmişdi və hətta ondan daha çox danışmışdı. Məsələ burasında idi ki, bu Qulam çox zirək, üzlü, ucda yeyib ortada gəzən, dərslərini ölmə-diril oxuyan bir tələbə idi. Rayondan gəlmişdi, dediyinə görə, böyük bir ailənin ən kiçik oğlu idi. Dalıyca gələn, pul, yemək-içmək göndərən demək olar ki, yox idi. Bircə kartof ümidimə yaşayırdı. Yataqxanada yaşayan Qulamın heç nəyi də olmasa, həmişə kartofu var idi. Bir dəfə yarı zarafat, yarı ciddi yoldaşlarından birinə demişdi. «Bu il düz üç ton kartof yemişəm». Dostu gülüb: «Ə, elə şey olmaz, bir ildə üç ton kartofmu yemək olar?» – deyəndə o da qımışıb, «Heylə yox ey, bir azını faktiki olaraq yemişəm, qalanını da satıb yemişəm» – söyləmişdi. «Hə, bu, başqa məsələ!»
Sonra Qulam iki şeylə daha çox yadda qalmışdı; hardansa Qulamın əlinə bir dənə palazqulaq, nömrəsi cırılıb oxunmayan bir yüzlük düşmüşdü. Hansı mağazaya, dükana aparmışdısa, heç kəs yaxın qoymamışdı. Yüzlük əlində qalan, özü isə yeyib-içmək istəyən Qulam çox maraqlı, qəribə bir üsul tapmışdı. Rast gəldiyi bir tələbəyə; «Yaman acımışam, girək bu Şərq restoranına, bir loxma çörək yeyək.» – deyərmiş. Tələbə də gedərmiş, Gətir, götür, ye, iç… Pul vermək məqamı gələndə Qulam şəstlə əlini cibinə salanda qonağı deyərmiş: «Ə, dayan, mən verəcəyəm!» «Nə danışırsan, ay kişi, səni mən dəvət eləmişəm. Əlini çıxart cibindən.» – deyib cırıq yüzlüyü qoyun cibindən çıxarıb şappıltı ilə stolun üstünə atırmış. Ofisiant pulu götürürmüş, qatını açıb o yan-bu yanına baxanda, «Cavan oğlan, bu cırıq puldu, bunu mən götürə bilmərəm.» – deyib qaytarırmış. Onda Qulam böyük təəccüblə, «Heylə şey olmaz, canım, necə yəni cırıqdı»» - deyib pulun ora-burasına baxırmış: «Bay atana lənət, necə paçka basıb ey, köpək oğlu. Mən də fikir verməmişəm». Qonağı məcbur olub yemək-içməyin pulunu ödəyirmiş. Səhər bir başqa tələbəni yanlayıb başqa bir restorana dəvət edirmiş. Belə-belə, şəhərin restoranlarının çoxunda başqalarının hesabına yaxşıca yeyib-içirmiş Qulam. Ancaq bu, çox davam eləmir. Söz-söhbət tələbələr arasında yayılır. Zarafatcıl bir tələbə Qulamın növbəti «qonaqlığı» zamanı o, əlini cibinə atıb o pulu çıxardan kimi qamarlayıb ofisiantın gözünün qabağında tikə-tikə eləyib kül qabına atır. Qulam qışqırır: «Ə, neylədiyindi? Ə, sən neylədin? Mənim çörək ağacım… Vay səni!»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Üçüncü hissə, beşinci fəsilHəmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Başqa şairlərin şeirləri
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Ay olmazZülmü şəbahətdə bəylərin tayı,Olmaz bu dünyada, olmaz, ay olmaz.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,