Səhifə 3 / 3 · 67%

– Professor, olar?

– Yox! — deyə Salman Qurbanzadə qətiyyətlə cavab verdi.

– Bir balaca təklif...

Salman yenə onun sözünü kəsdi:

– Mən istəmirdim burda Cəfərin çıxışı üzərində dayanım. Amma hiss eləyirəm ki, Cəfər öz çıxışına mənim münasibətimi bilmək istədiyi üçün narahatdır.

– Xeyr, professor, sizin münasibətiniz mənə məlumdur. Deməsəniz də olar. Mən ayrı şey...

– Mən qısaca deyim ki, sənin çıxışından kosmopolitizm iyi gəlirdi. İnkarçılıq iyi gəlirdi. Bu, bir.

– Professor...

– Uzatmayaq. İkincisi də, sənə söz verməyəcəyəm, bildin? Sən ara qarışdırmaq siyasəti yürüdən bir adamsan.

Nadirə söhbətin ayrı səmtə yönəldiyini görüb üzünü ərinə tutdu:

– Söz ver, Salman, qoy görək nə deyir.

– Onun nə deyəcəyi mənə indidən məlumdur, — deyə Salman Cəfərin vaxt məsələsinə toxunacağını duydu.

– Hər halda söz ver.

Salman naçar qalıb:

– Yaxşı, de görək nə deyirsən, — dedi. Və bütün vücudu ilə diqqət kəsilərək Cəfərin ağzına baxmağa, dediklərinin birini də buraxmadan eşitməyə başladı.

– Mən təklif edirəm ki, — deyə Cəfər birbaş mətləb üstünə gəldi, — Orxanın bu əsərini bitmiş bir əsər kimi qəbul edib çapa buraxmaq və müəllifinə də, professorun dediyi təki, əsəri düzəltmək üçün üç ay yox, on, uzaq başı on beş gün vaxt verək. Çünki ona üç ay vaxt təyin etsək, bu, o deməkdi ki, əsəri yubileyə çatdıra bilməyəcəyik. Vəssalam!

– Qurtardın? — Salman açıqaşkar hiss olunan bir rişxəndlə soruşdu.

– Bəli.

– Mən bu təkliflə qətiyyən razı deyiləm. Çünki yoldaş Cəfər əsər düzəltməyin, onun nöqsanlarını aradan qaldırıb çapa hazırlamağın nə demək olduğunu yaxşı bilmir. Bir də onu qınamıram da. Gərək adam özü samballı əsər yazsın ki, elmi əsərin meydana gəlməsi prosesindən də xəbərdar olsun. Yoldaş Cəfər hələlik bu işləri bilmir.

– Salmanın hər sözündə zəhər kimi acı kinayə duyulurdu. Ona dözmək, tab gətirmək üçün dərya boyda səbir və dözüm lazım idi. Cəfər nə qədər dözümlü də olsa, özünü saxlaya bilməyib haqlı olduğunu axıra qədər sübuta yetirmək məqsədi ilə dedi:

– Səsə qoyulsun. Təkliflər səsə qoyulsun.

– Sə...sə...qoyul...sun? — Salman uzada-uzada soruşdu.

– Bəli, qayda var, qanun var, demokratiya var!

Səsə qoydular. Bir səs çoxluğu ilə Salmanın təklifi qəbul olundu. O, açıq-açığına fərəh içində üzür, onun təklifinə əl qaldıran adamlara baxıb razılıqla gülümsünürdü...

...İclas çoxdan qurtarmış, adamlar çıxıb getmişdi. Orxan hələ də öz yerində oturmuşdu. Əsərin əlyazması, makina nüsxələri və yoldaşların qeydləri yazılmış vərəqlər stolun üstündə idi. Otaqda indi heç kəs yoxdusa da, Orxanın qulağı gur-gur guruldayırdı: kimsə ağızdolusu danışır, kimsə tərifləyir, kimsə tənqid edirdi. O nə deyildiyini ayırd eləyə bilmirdi, təkcə qatmaqarışıq səslər eşidirdi. Gözünü professorun boş stuluna zilləyib, bir nöqtəyə baxdıqca nəzərinə adamların tutqun simaları gəlirdi.

Kağızlar bir-birinin üstünə yığılıb hündür bir qalaq olmuşdu. Bu onun ömrünün iki ili idi, bu onun ürəyinin ağrısı idi. İki il gecə-gündüz bu əsərlə yaşamışdı. Alnından axan tər çox zaman onun sözlərini oxunmaz hala salmışdı. Neçə dəfə köhnə, saralmış əlyazmalarının arasından baş qaldıran Mirzə Cəlilin xəyalı onun sakit hücrəsinə qədəm basıb, Orxanla qabaq-qənşər dayanmış, söhbət etmiş, sonra səssizcə də çıxıb getmişdi. Mirzə Cəlilin nurani sifəti, dərin, atəşin və bir qədər də kədərli gözləri Orxanı hər saat, hər dəqiqə müşayiət etmiş, onu yazmağa, axtarmağa, ürək sözlərini deməyə ruhlandırmışdı. Orxan bu əsərini beynində, ürəyində bəsləyib ona pərvəriş vermişdi. Orxana elə gəlmişdi ki, bu onun ən yaxşı əsəri olacaqdır! İndi isə... ürəyindəki yaxşı, şirin arzuların əvəzində stolun üstə yığılmış bir yığın kağız-kuğaz...

Orxan köksünü ötürdü, kağızları şkafa yığıb bağladı və ağır addımlarla şöbəni tərk etdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, altıncı fəsil

Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.

5 dəq
İkinci hissə, yeddinci fəsil

Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»

7 dəq
İkinci hissə, səkkizinci fəsil

Orxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:

5 dəq
İkinci hissə, doqquzuncu fəsil

İlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».

11 dəq

Başqa şairlərin şeirləri