Səhifə 3 / 7 · 29%

– bir sözlə, onu tanıyanların hamısı qəribə bir təəssüf və yanğı hissilə yeri düşəndən-düşənə, adı xatırlananda etiraf edirdi. O da Gülmirəyə çox qəribə görünürdü ki, sağlığında bu adamların heç biri o sözü Orxanın özünə deməmişdi, heç yerdə yazmamışdı: ona adi, sıravi bir gənc alim kimi baxmışdı hamı. Elə bil qorxmuşdular bu sözü deməyə, elə bil qıymamışdılar. Orxan ancaq öləndən sonra «istedadlı» olmuşdu, «böyük» olmuşdu. Və Gülmirə ürək ağrısı ilə indi daha çox başa düşürdü ki, Orxan sabah, birisi gün, illər keçəndən sonra daha qiymətli, daha əzəmətli olacaq. Bax, buna görə Gülmirə ondan yadigar qalan yazı-pozusunu, hətta o adi mizi də qoruyub saxlamaq istəyirdi. Ondan olsaydı, Orxanın ev-eşiyini də elə o səliqə-sahmanda saxlardı, o otaqları muzey edərdi, özü isə həmin muzeyin bələdçisi olardı, gələnlərə ağızdolusu, ürək ağrısı ilə Orxan haqqında danışardı — necə insan idi, necə alim idi, necə xeyirxah, nəcib, alicənab idi — hər şeydən danışardı, təkcə gizli məhəbbətindən başqa. Çünki məhəbbətindən o özü də kimsəyə bir söz deməmişdi, hətta sevdiyinə də deməmişdi.

Ancaq təəssüf ki, buna yəni Orxanın evini muzey eləməyə, mizini qorumağa Gülmirənin nə mənəvi, nə də hüquqi ixtiyarı var idi. İnstitut divarları arasında gəzən, kitabxanalarda başını aşağı salıb mütaliə edən, yazıb pozan tanış adamlar içində əziz Orxanını görməyəndə, iclaslarda, ədəbi yığıncaqlarda həlim, ancaq qətiyyətli səsini-sözünü eşitməyəndə, şöbədə neçə ay sahibsiz qalmış stolunun arxasında lap bu yaxınlarda gəlib əyləşmiş, əyri, yöndəmsiz vucudunda yeganə öyünə biləcəyi uzun, qara saçlarını arıq barmaqları ilə tez-tez geriyə sığallayan kiçik elmi işçi İltifat Abışovu — iri gözləri olduğuna görə hamının xəlvətdə «Dombagöz» adlandırdığı, hələlik əl boyda şerlər kitabı çıxmış, professor Salman Qurbanzadənin, İltifatın akademik atasının könlü xoş olsun deyə ağız dolusu tərifləyib göylərə qaldırdığı (professor o məqaləsində yazmışdı ki, «Ədəbiyyatımıza istedad gəlir»), məhz bundan sonra özünü həqiqi «dahi» hesab eləməyə başlamış bu iddia dağarcığını görəndə Gülmirə az qala dəli olur, daxilən sınıb dağılır, bunu, məhz bunu taleyin və Salman Qurbanzadənin ən böyük haqsızlığı sayır, yerə-göyə üsyan eləmək istəyirdi. Gülmirənin imkanı, ixtiyarı olsaydı, İltifatın qolundan tutub kənara atar, «Bu stolun arxasında kişi oturub həmişə, sən onun dırnağı da ola bilməzsən, sən bu təmiz stolun dalında oturmağa qətiyyən layiq deyilsən, dur, dur, murdarlama bu müqəddəs stolu,» — deyərdi. İltifatı bu instituta Salman Qurbanzadə gətirmişdi və təbii ki, o, bu az müddətdə Gülmirəyə heç bir pislik də eləməmişdi. Lakin İltifatın danışığında, rəftarında, baxışlarında nə isə ürəyə yatmayan, adamı çimçəşdirən elə bir cəhət var idi ki, onunla kəlmə kəsən adam dərhal peşman olurdu. Bir xasiyyəti isə hamını iyrəndirmişdi: nədən, kimdən danışılmağından, lap ən zərif hisslərdən söhbət açılmağından asılı olmayaraq, yerli-yersiz təşbihlər işlədib mütləq bir heyvan adı çəkməli idi — bu, at da, pişik də, dəvə də, ceyran da ola bilərdi. Az sonra şöbədəki qızlar öyrənmişdilər ki, o vaxt, yəni uşaqlıq illərində atası ilə anası arasında ixtilaf düşdüyünə görə İltifat ucqar dağ kəndində yaşamalı olmuş, çoban babasının yanında böyümüş, yeri düşəndə, xüsusilə yay aylarında naxırçılıq da eləmiş, onuncunu bitirib şəhərə, atasının yanına oxumağa gələndə heyvanatın dilini analırının «dilindən» yaxşı bilirmiş, bütün bunları, əlbəttə, «zəngin həyat təcrübəsin-

dən» danışmağı sevən, «şairin tərcümeyi-halı olmalıdır» — kəlamına qəlbən inanan İltifat özü danışmışdı. Gülmirənin Domba-gözə nifrət etməsi üçün hələlik onun Orxanın yerində oturması kifayət idi: əgər bu mizin arxasında İltifat yox, başqa birisi də əyləşsəydi, Gülmirə yəqin onu da sinirməzdi. Bu dərd necə ağır olsa da, dözülməli idi: dərdin ən böyüyü o idi ki, Gülmirəni ən sıxıntılı anlarında belə həyata, insanlara bağlayan, yaşadan adam daha yox idi, olmayacaqdı da. Heç vaxt bu dığır-dığır şüşəli qapını açıb içəri girməyəcəkdi, stolunun üstünə qoyulmuş ümumi telefonun aramsız zənglərinə cavab verməyəcəkdi, Gülmirəyə qızılgül gətirməyəcəkdi, ona həsrətlə baxıb gizlicə köks ötürməyəcəkdi: heç vaxt, heç vaxt...

Gülmirə Orxanın şöbədə divardan asılmış çərçivədəki iri şəklinə dərin bir niskil içində oğrun-oğrun baxır, qəlbində onunla səssiz-səmirsiz dərdləşirdi. Orxan Gülmirənin gecəli-gündüzlu xəyallarında, acılı-ağrılı xatirələrində, ürəyinin odundan yaranmış yazılarında canlı insan kimi yaşayırdı və bu, onun üçün böyük təsəlli idi: bu təsəlli Gülmirəni Salman Qurbanzadə kimi adamların müqabilində mərd-mərdanə dayanıb əsl kişi təki döyüşməyə, qılınc, əqidə vuruşuna çıxmağa, Orxanın ömrü kimi yarımçıq qalmış işlərini davam etdirməyə, institutda qalıb çalışmağa səsləmişdi. Burada o, Orxanlı günlərini təzədən yaşayırdı, elə bilirdi ki, Orxan elə burdadı, ona heç nə olmayıb, heç yerə getməyib Orxan. Bir də bax, bu saxlayırdı institutda Gülmirəni. Elə bu həvəs və əqidəylə də o, altı ay əvvəl uğurla müdafiə eləmiş, lap bu yaxınlarda diplomunu da almışdı. O bir parça kağız ona sonsuz bir cəsarət və inam bəxş eləmişdi sanki, indi Gülmirə daha əvvəlki müti və utancaq Gülmirə deyildi: bunun üçün o, hamıdan çox Orxana minnətdar idi, amma hayıf ki, o, Gülmirənin bu sevincini görə bilmədi.

Gülmirə hərdən təklik hiss eləyəndə şö bədə oturub bir yerdə işlədiyi adamları öz aləmində saf-çürük eləyirdi: Salman Qurbanzadə «əzəməti» və «böyüklüyü» ilə hamının gözünü qamaşdırmışdı, hamı ona ağsaqqal və görkəmli alim kimi hörmət və ehtiram bəsləyirdi, çünki, Gülmirənin fikrincə, onlar Salmanın əsl əməllərindən xəbərsiz idilər və onun iç üzünü bilmirdilər. Bunu təkcə Gülmirə bilirdi, o da hələ ki susurdu. Salmanın arvadı Nadirə də, onunla az qala bir ömür yaşamasına baxmayaraq, ərini yaxşı tanımırdı və bu, Gülmirəyə çox qəribə körünürdü: «Gör nə ustalıqla maskalanıb ki, arvadı da tanıya bilməyib» Şöbənin ən yaşlı əməkdaşı Cəfər İsmayılzadə isə artıq öz kəsərini itirmişdi, qol çırmayıb professor Salman Qurbanzadənin dalı da, qabağı da kəsən qılıncının altına girəsi halı qalmamışdı. İltifata isə heç bir şeydə bel bağlamaq olmazdı, çünki açıq-aşkar görünürdü ki, Salmanın dəyirmanına su tökəndi, iclaslarda onu institutun «bir nömrəli alimi» deyə mədh edirdi və bu xasiyyətinə görə Nadirə xanımın da ondan zəhləsi gedirdi. Salman şöbəni Nadirəyə təhvil verəndən sonra İltifat fürsət tapıb Nadirə xanıma da bir-iki dəfə girişib «söz çələngindən» bir yağlı pay ayırmışdısa da, təzə şöbə müdiri özünə xas bir kəskinliklə: «Mən kompliment xoşlamıram, İltifat, sözünü xahiş edirəm bəzəksiz-düzəksiz, təşbihsiz-filansız söylə mənimlə danışanda.» — demişdi. Gülalı heç, onun haqqında fikirləşməyə də dəyməz — o yenə əvvəllərdə olduğu kimi, gah nala vurur, gah mıxa, küləyin hayandan əsməyini gözləyirdi. Həmişə küncdəki stol arxasında əyləşən ucaboylu, üzündə kiçik çillər olan, xeyirdə-şərdə hər şeyin yolunu-yolağını yaxşı bilən və buna görə də hamının zarafatla «Böyükməmə» çağırdığı durna boğazlı — zərif və uzun, ağ dərili boğazı vardı — Ümmigülsümdən də Salmanın qarşısına çıxan olmazdı. O, həyat, məişət məsələlərində olduqca zirəkdi, işbiləndi, amma elm aləmində bir az süst idi, lazım olanda öz kəsərli sözünü deyə bilmirdi. Təkcə Böyükməməliyi ilə hamının hörmətini qazanmışdı. Qaldı ki, şöbənin təzə əməkdaşlarından olan Sarışın — əsl adı Elvira idi, ancaq saçları, kirpikləri, hətta dərisinin rəngi də sarı olduğundan belə çağırırdılar — onun nə yuvanın quşu olduğunu hələ heç kəs, o cümlədən Gülmirə də bilmirdi. Təkcə deyəsən Nadirə xanım onu yaxşı tanıyırdı, amma nədənsə heç kəsə bu barədə bir söz demirdi. Hələlik aydın olan bu idi ki, Universitetin məşhur

professoru İbrahim Sultanzadə Elviranın xatirini öz övladı kimi çox, lap çox istəyirdi və danışırdılar ki, onu bu inistituta işə düzəltmək üçün şəxsən özü direktor Aslan Aslanzadənin yanına xahişə gəlibmiş. Çöp kimi nazik, yaraşıqsız ayaqlarına geydiyi dikdaban çəkmələrini döşəmədə, pilləkənlərdə taqqıldada-taqqıldada gəzən Sarışına bəzən «Tıq-tıq xanım» da deyirdilər. Ağzında həmişə nanəcövhərli konfet olardı. Danışanda da, yazanda da. Çayı da o konfetlə içərdi həmişə, təəccüblənən rəfiqələri səbəbini soruşanda «xoşlayıram» — deyə müxtəsərcə cavab verərdi.

Universiteti bu il qurtaranlardan təkcə Fazilə adında qəşəng, qaragöz, çatmaqaş, zarafatcıl, deyib-gülməyi xoşlayan bir qız onların şöbəsinə gəlib düşmüşdu. Baş laborant işləyirdi və az müddət ərzində şöbə əməkdaşlarının sevimlisinə çevrilmişdi. Yaxşı adam yamsılamaq qabiliyyəti vardı. Hərdən ya acığı gələn, ya da xoşu gələn bir adamı elə yamsılayırdı, təqlidini elə çıxardırdı ki, deyirdin bəs elə həmin şəxs özüdü gəlib dayanıb qabağında, danışır. Bunu bir məharətlə eləyirdi ki, qulaq asanlar az qalırdılar uğunsunlar. Gülüşü, yumoru çox xoşlayan Cəfər kişi bir dəfə zarafata salıb demişdi: «Səndən yaxşı artist olardı. Səhnəyə, teatra getsəydin, az bir müddət ərzində xalq artisti ola bilərdin». Cəfər bu sözləri deyib gedəndən sonra Fazilə mizinin arxasından qalxıb ortalığa çıxmış və eynən Cəfərin səsini, üzünün ifadəsini yamsılayıb şöbədəkiləri güldürmüşdü. Gülmirənin nəzərində Fazilə hələ uşaq idi və gələcəyi necə olacaqdı — yəqin heç Fazilə özü də bilmirdi. Hər halda alim olacağına Nadirənin də, Gülmirənin də gümanı az idi. Şöbədə bir də Sakit Aranlı var idi; o da Orxan öləndən sonra gəlmişdi — yazıçıydı, neçə-neçə kitabı çıxmışdı, elmlər namizədiydi; elə bil bu dünyanın adamı deyildi, idarəyə hamıdan tez gəlib hamıdan da axırda gedər, danışdırsan danışar, danışdırmasan — danışmazdı, işi-peşəsi yazıb-oxumaqdı. Sanki nə isə ağır bir dərdi var idi: həmişə kədərli gəzib-dolanardı. Təbiəti adına uyğun idi. Elə bil, ata-anası əvvəlcədən övladlarının necə olacağını bilib bu adı vermişdilər ona. Çox saf idi, qətiyyən lovğalanmazdı. İnanmazdın ki, o qalın-qalın kitabları yazan bu adamdı. İltifatın cəmisi bir dənə kitabçası çıxmışdı — dərisinə, qınına sığışmırdı. «Biz şairlər», «mənim şerim» kimi sözləri tez-tez onun dilindən eşitmək olardısa, Sakit Aranlı heç vaxt belə sözlər deməzdi və İltifatın dilindən bu cür ibarələr eşidəndə ona məzəmmətlə baxar, ancaq heç nə söyləməzdi. Bu sadəliyi, təvazökarlığı Sakiti yoldaşlarının gözündə çox ucaltmışdı. Üzünə deməsələr də, ürəklərində onunla bir yerdə işlədiklərinə fəxr edirdilər. O fəxr edənlərdən biri də Gülmirə idi. Gülmirə onun kitablarının hamısını oxumuşdu, ürəyi ilə tanış idi. Bilirdi ki, ürəyi gözəldi Sakitin hissləri şairanədi Sakitin. Bilirdi ki, həyatda, məhəbbətdə, dostluqda təmizlik, sədaqət və dəyanət, insanın bütövlüyü, çətinliklər önündə sınmamaq, doğulduğu torpağa sönməz məhəbbət bəsləmək, kişilik, mərdlik və s. Sakit Aranlının yazılarında təbliğ edilən əsas hisslərdi. Bilirdi ki, Sakit Aranlı həqiqətpərəst bir qələm sahibidi, ikiüzlülüyə, satqınlığa, xəyanətə, haqqın nahaqqa qurban verilməsinə dözə bilməyən bir ürəyə malikdi. Dəfələrlə istəmişdi ki, Orxanın taleyini, özünün dərdini ona danışsın — bəlkə yazdı. Ancaq qəlbinin məhrəm sirlərini kənar adama açıb deməyə ürəyi gəlməmişdi. Gülmirə bu ümiddəydi ki, əgər şöbədə haqla nahaq üz-üzə gələrsə, yəni Gülmirə Salman Qurbanzadə ilə söz döyüşünə çıxarsa, Sakit Aranlı onun tərəfində dayanar. Bu bir güman idi, Gülmirənin ürəyində yaşayırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 dəq
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 dəq
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 dəq
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 dəq

Başqa şairlərin şeirləri