Səhifə 6 / 7 · 71%

– Professor!.. — Gülmirə nəsə demək istədi, ancaq qəhər boğazını kilidlədi. Amma Aslanzadə sanki onun çətinliyə düşdüyünü duyub yenə köməyinə çatdı, dilinə söz verdi:

– Qızım, sən bu dediklərini sübut eləyə bilərsən?

– Bəli, professor, mən uşaq deyiləm: nə dediyimi çox yaxşı bilirəm. — deyən Gülmirənin sıxıntısı keçib ketdi. Gərgin, sarsıdıcı bir vəziyyət yarandı.

– Hə, onda buyur, Gülmirə xanım. — dedi Aslanzadə — Sakit, yoldaşlar, sakit! — əlindəki qələmlə stolu taqqıldatdı. Gülmirə sinəsi qalxıb enə-enə dedi:

– Siz inanasınız deyə mən özümdən başlamaq istəyirəm, yoldaşlar! Əvvəlcə bunu deyim ki, mənim Füzulinin avtoqrafını tapmağım yalandır — onu mən yox, bizim bax bu ağsaçlı Cəfər tapıb. Ancaq bizim hörmətli Salman müəllim o kəşfin Cəfərin imzası ilə çap olunub ortalığa çıxmasını nə üçünsə istəmədi. Təcili məni çağırdı və mənim adıma dərc edilmiş, sizə məlum o məqaləni öz kabinetində tələm-tələsik diktə edib yazdırdı. Özü göndərdi redaksiyaya, zəng elədi, çap etdirdi. Məqalə çap olunmamışdan qabaq yanına gəldim, «mən istəmirəm, lazım deyil» — deyə çox israr etdim. Olmadı, dedi artıq gecdir. Məqalə mətbəədədir, yığılıb, çapa imzalanıb. Əlim heç yerə çatmadı. — Nəfəsini dərib üzünü eşitdiklərinə inanmaq istəməyən, çaşqın-çaşqın gözlərini qırpan Cəfərə çevirdi — Beləliklə, Cəfər müəllim, o kəşf sənindir, mənim deyil.

Oturanların pıçhapıçı səs-küyə, uğultuya çevrildi. Hamı dönüb saçları ağappaq ağarmış, beli azca donqarlaşmış, ancaq sifəti, baxışları həyat eşqilə yanıb-parlayan Cəfərə baxdı. Sevincindən idimi, həyəcanından idimi, haqqın-ədalətin gəlib öz yerini gec-tez tapaçağına bütün ömrü boyu bəslədiyi inamın təntənəsindən idimi, ya nədəndisə, kişinin gözləri yaşardı. Küncdə əyləşib sakitcə, qımıldanmadan bu söz döyüşünə tamaşa eləyən, beynində yenicə düşünməyə başladığı romanın axarından ayrıla bilməyən Sakit Aranlı, iclas başlayandan bəri ilk dəfə olaraq ağzını açdı: «Bu ki vicdansızlıqdır!» — dedi. Və bu sözləri elə söylədi ki, Salman Qurbanzadə də eşitdi. Qıpqırmızı qızarmış gözlərini dolandırıb Sakit Aranlıya zillədi — sanki baxışlarından üstünə od-alov töküb yandırmaq istəyirdi onu. Sakit, əslində çox hörmət elədiyi bu adamın nəzərlərindən utanıb başını aşağı saldı. Aslanzadənin növbəti sualı səs-küyü təzədən yatırtdı:

– O deyirdi deyirdi, bəs sən niyə razı oldun?

– Məni bnr növ məcbur elədi, yoldaş Aslanzadə, — dedi Gülmirə. Mən də təcrübəsiz idim, əvvəl mahiyyətini başa düşmədən razı oldum, ancaq sonra, hələ məqalə çap olunmamış çox çalışdım, mümkün olmadı.

—Yalan deyir, əlyazmasını saxlamışam, özü yazıb gətirmişdi. Əlyazması mənim seyfimdədir. İstəsəniz göstərə bilərəm!

– deyə Salman durmaq istəyəndə Aslanzadə bu dəfə ona heç nə söyləmədən çiynindən basdı.

– Mən etiraz eləyəndə Salman müəllim deyirdi: «Onsuz da bu məqalə Cəfərə heç nə verməyəcək. Onun ələyi ələnib, xəlbiri də göydə fırlanır. O haranın alimidir? Amma sən hələ gəncsən, sənin gələcəyin var, mən istəyirəm ki, bu böyük kəşf sənin adınla bağlı olsun!» Nadirə xanım hər iki əlini yanaqlarına söykəmişdi. Sifəti od tutub yanırdı və sanki əllərilə bu odun üstünü örtmək, kimsənin onun necə xəcalət çəkdiyini görməməsini istəyirdi. Arada, söz-söhbətin Salmandan gedəcəyini biləndə durub otaqdan çıxmaq qərarına gəlmişdi. Ancaq nə isə bir maraq hissi onu qalxmağa qoymamışdı, stula yapışdırmışdı. O, bütün iclas boyu Gülmirədən gözlərini çəkə bilməmişdi və elə hey düşüşmüşdü ki, bu qız qəribə qızdı, taleyi də qəribədi, özü də qəribədi. Nə isə o, bu şöbədəkilərin heç birinə bənzəmir — arvadlı, kişili heç birinə bənzəmir. Dünən o, nə qədər müti idi. Amma bu gün Salman kimi adamla dör-dör döyüşür—qorxmur. Yəqin bu həmlənin ona necə ağır başa gələcəyini hələ kifayət qədər başa düşmür. Görünür, o, hələ Salmanı yaxşı tanımır. Ancaq indi bizə belə adamlar — qorxmaz, sözü üzə şax deyən adamlar lazımdı, bilirsən, necə lazımdı? Onda Salmanlar təklənər, qorxar, haqqı nahaqqın ayağına verməz. Mənə Salman indiyənəcən bu məsələni açıb deməyib. Görünür, inanmayıb. Bəs Gülmirə? O niyə bir söz söyləməyib?

Hə, bu, təbiidir. Deməməli idi.

Gülalı armud boğazını yana uzadıb böyründə oturan

Dombagözə pıçıldadı:

– Çox namərd qızdı bu qız. Bilirsən professor ona nə qədər yaxşılıq eləyib? Elə haqq eləyir — bu kişi dostunu-düşmənini tanımır da. Saçı ağarıb, ancaq ağlı ağarmayıb.

Dombagöz Gülalının sözlərini dinləyə-dinləyə başını bulayır, təəssüf hissi ilə deyirdi:

– Heyf, kişinin infarkt vurmasa yaxşıdı. Ayağımın altına salıb nə it kimi ayaqlayardım bu it qızını? Salman kimi alimin qədrini bilməmək, ən azı, heyvanlıqdır. — İltifatın qulaqları Gülmirənin, Gülalının ağzında idi, gözləri isə Fazilədəydi. İri, domba gözlərini qızın ağ-əsmər sifətinə zilləmişdi. Bu həyasız və iyrənc baxışları o tutmuşdu. Ona görə, bacardığı qədər, nəzərlərini ondan yayındırmağa çalışırdı. Fazilənin laqeydliyini duyub küncdə əyləşən Ümmugülsümə sarı çevrildi. Ümmigülsüm də üzünü döndərdi. Bu zaman İltifat özünün qətiyyətinə inanan adam kimi «Bunların naz-qozuna bax. Sizi elə tilsimləyim ki, özünüz mələyə-mələyə yanıma gələsiniz. Şerin qabağında duruş gətirə bilən qadın yoxdu dünyada» — deyə ürəyindən keçirdi.

Sarışın susub dururdu, heç nə fikirləşə bilmirdi, çünki həyatında birinci dəfəydi ki, belə iclasa düşmüşdü, qulaqları guruldayırdı. Yenə konfet sorurdu.

Aslanzadə qələmi təzədən stola döydü:

– Yaxşı, bu bir! Sən deyirsən Salman Qurbanzadə qatildir, bunu nə ilə izah edərsən, Gülmirə xanım?!

Gülmirə doluxsunmuş halda, səsinin ahəngini aşağı salıb hüzn içində cavab verdi:

– Orxanı o öldürüb, yoldaş Aslanzadə. Xahiş edirəm məni düzgün başa düşün — o, Orxanı tapança ilə, bıçaqla vurub öldürməyib — onun tapançası, bıçağı yoxdur. Salman müəllim Orxanın sadəcə olaraq ürəyini partladıb. Süründürməçiliyi ilə, yalançılığı ilə, üzünə gülə-gülə. Salman Orxanın gələcək ad-sanından, şöhrətindən qorxurdu, özünün kölgədə qalacağından qorxurdu. Əlini-qolunu bağlayırdı, meydan vermirdi ona. Bəli, bəlkə də cinayət işi qaldırılsa — mən bilirəm bu mümkün deyil — porfessor bu işdə özünü təmizə çıxara bilər. Ancaq mən nəyə desəniz and içərəm ki, Orxan kimi bir alimin qatili odur, bəli, odur.

Salman qeyri-adi, qətiyyən yerinə düşməyən bir gülüşlə:

– Sizə deyirəm bu qız xəstədir, inanmırsınız! — dedi. — Orxan xəstə adam idi, ürəyi partladı, öldü. Sizin hamınızın yadındadı ki, bunu həkim müayinəsi də belə təsdiq elədi. Bizim bu Gülmirə xanım Orxanı sevirdi, ona görə bu cür çərən-pərən danışır.

– Bəli, sevirdim — Gülmirə ani tərəddüddən sonra şax cavab qaytardı — sevirdim, gizləmirəm. Bir insan kimi, bir alim kimi sevirdim. O, gözəl, incə ruhlu bir insan idi. Onu istəyənlər də, istəməyənlər də bunu etiraf edə bilərlər. Madam ki, söz bu yerə gəlib çatdı, indi mənim sizə bir sualım var, professor.

—…

Salmanın hirslə əlini yellədiyini görən Gülmirə, buna məhəl qoymayaraq soruşdu:

– Siz, Orxan ölən günü, mənim əsərimin müzakirəsindən yarım saat qabaq, kabinetinizdə onunla kimin haqqında danışırdınız?

Salman bu sözləri eşidəndə dizləri bir-birinə elə sıxıldı ki, sifətinin əzələləri qabardı. «Hə, aydındı. Qovluq bundadı. Və hər şeyi bu bilir» — deyə ürəyindən keçirdi və çımxırdı:

– Sənin haqqında, Gülmirə xanım. Mən bu söhbəti burda demək istəməzdim qətiyyən. Ancaq sənin bugünkü — mən açıq deyirəm — bu günkü həyasızlığın məni vadar edir ki, bu sözləri mən dilimə gətirim. Düzünü bilmək istəyirsənsə, mən Orxana o gün deyirdim ki, Gülmirənin evini dağıtdın, əri dəli olub çıxıb getdi, yazıq havalı-havalı qəzaya uğrayıb məhv oldu — indi bu qız tək qalıb, yəni sən tək qalıbsan. Deyirdim alsın səni, saxlasın səni.

– Düz deyil, yoldaşlar! Orda mənim adım heç ortalığa da gəlməyib. Bundan daha mühüm, daha böyük bir məsələ haqqında danışıq gedib orda, yoldaşlar! — o, yenə üzünü Salmana tutdu. — Siz orada, o gün, o saat Mirzə Yanar haqqında danışırdınız, professor.

Mirzə Yanarın adını eşidən kimi Salman yumağa döndü, gözləri qaraldı.

Aslanzadə Gülmirənin sözünü kəsdi:

– Mirzə Yanarın bura nə dəxli var, Gülmirə?

– Var, yoldaş Aslanzadə. Məsələ belədir ki, bizim bu möhtərəm Salman Qurbanzadə öz ustadının, dostunun, mərhum alimimiz Mirzə Yanarın «Nəsiminin sənətkarlığı» əsərini utanmadan, vicdansızcasına götürüb o zaman öz adına çap etdirib, elmlər doktoru olub, neçə illərdi də onun kölgəsi altında yaşayır... Mən «professor Salman Qurbanzadə oğrudur» deyəndə bax bunu nəzərdə tuturam, yoldaşlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 dəq
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 dəq
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 dəq
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 dəq

Başqa şairlərin şeirləri