Birinci hissə, dördüncü fəsil
Səhifə 3 / 3 · 67%
– Məni bağışla, Nadirə xanım! — içini çəkə-çəkə söylədiyi bu sözlər Nadirəni də kövrəltdi. Lakin o, özünü tox tutaraq Gülmirənin çiynini sığallaya-sığallaya:
– Ağlama, Gülmirə! — dedi. — Niyə ağlayırsan? Və sonra qoluna girib baxışları ilə boş yer axtardı, sağ tərəfə meyllənərək onu keçidin yanındakı oturacağa tərəf çəkdi.
– Ürəyim partlayır, Nadirə xanım! — deyə hıçqıra-hıçqıra böyründə əyləşdi — redikülündən dəsmalını çıxarıb gözlərini sildi. — Həyat nə mürəkkəb imiş, ilahi! İnsanlar necə də anlaşılmaz, qəliz məxluq imiş. Mən... mən heç belə təsəvvür eləməzdim. Həmişə düşünərdim ki, hamı bir-birinə dost, qardaş, bacı — mehriban olmalıdı. Adamların nə şərikli malı düşüb axı? Niyə onlar bir-biriylə vuruşmalı, çəkişməlidi, nəyin xatirinə? Amma indi görürəm yox. Ad, şöhrət, mənsəb üstündə çəkişənlər, öz halal zəhmətilə yaşayanlarla yanaşı, müftəxorlar, oğrular, vicdansızlar da varmış bizim aramızda.
Gülmirə bu sözləri odlu-odlu deyirdi, yana-yana deyirdi. Kövrəkliyi ötüb getmişdi, yerində qəzəbi-kini baş qaldırmışdı.
Nadirə xanım onu dinləyirdi və qızın bu sadəlövh mühakimələrini eşidib ürəyindən keçirirdi ki, hər insanın həyatında belə bir ayılma, özünü, insanları, cəmiyyəti dərk etmə məqamı olur — bu ayılma birində tez, birində gec baş verir: biri düşüncələri, təsəvvürləri və kitablarda oxuduqları ilə içində yaşadığı mikroaləm arasında təzadları görüb sarsılır, heyrətlənir və az sonra buna adət eləyib susur, özü də o aləmin içində əriyib qarışır, yox olur. Başqa biri isə heyrət məqamını yaşayandan sonra xeyli müddət nəyin necə olacağını aydınlaşdırıb haqqı nahaqdan ayırıb haqqın tərəfinə keçir və nahaqqa qarşı mübarizəyə qalxır. Bəzən belələrini tez sındırırlar, döndərirlər — ancaq bu, iradəsi zəif olanların başına gəlir. Səbatlı, sabitqədəm, məsləkli, ürəkli adamlar isə bu meydanda axıracan duruş gətirir, mərdliyi, dözümü, mətanəti ilə hamının heyrətinə səbəb olur, rəğbətini qazanır, əfsanəviləşir. Gülmirə deyəsən məhz belə bir ayılma məqamını yaşayırdı. Ancaq onun hərəkətlərində təmkin az idi. Əsəbilik, çılğınlıq baş alıb gedirdi — sözlərini kəsərdən, qiymətdən salırdı. Bunun səbəbi Nadirəyə aydın idi — cavan idi, dünyadan arzusunu, muradını götürməmiş ərini itirmişdi; sevən, həyanı olan, hardasa arxasında dayanan Orxanını itirmişdi və bunlar kiçik zərbələr deyildi — Gülmirənin hələ möhkəmlənib bərkiməmiş ürəyinə dəyən ağır zərbələr idi. Bu azmış kimi o, Salmanın ədalətsizliyini də öz gözləri ilə görmüşdü — Cəfərin tapıntısını onun adına çap etdirmişdi, Mirzə Yanarın əsərini öz adına çıxmışdı Salman. Və Gülmirənin nəzərində böyük alimliyin, xeyirxahlığın, ədalətin mücəssəməsi kimi cilvələnən Salmanın şöhrət heykəli birdən-birə uçub dağılmışdı. Salman kimi adlı-sanlı, inandığı, pərəstiş, hörmət elədiyi bir adam — bir alim belə olanda daha onda kimə inanmalı, kimə sığınmalı, kimin dalınca getməli idi Gülmirə?!
– Sən elə bilirsən Amerika kəşf eləyirsən, Gülmirə? — deyə nəhayət, Nadirə sözə başladı — bunlar, sənin dediyin şeylər elə dünən də var idi. Ancaq sən hələ cavan idin, həyatın bu mürəkkəbliyini, təzadlarını, eniş-yoxuşlarını görə bilmirdin, bacım. Salman dünən də vardı, bu gün də var. Ancaq, mən inanıram ki, Salmanlar sabah olmayacaq. Bəlkə də sənə qəribə gəlir mənim belə deməyim. Bəlkə də sən — bunu deməsən də açıq hiss eləyirəm məndən xəcalət çəkirsən, utanırsan bugünkü çıxışına görə. Hayana dönsə, Salman mənim ərimdi. Yox, sən məni düzgün başa düş, Gülmirə. Mən Salmana pis arvad olmamışam. Özüm də sevib getmişəm ona. Ancaq mən neyləyim ki, o, mənim istədiyim, arzuladığım adam olmayıb. Mən bütün bu illər ərzində, kənardan baxanlara nə qədər qəribə görünsə də, evdə də, institutda da, mətbuatda da onu düz yola çəkməyə, hiss elədiyim nöqsanlarını islah eləməyə çalışmışam. Lakin o dönməz olub — sözüm təsir edə bilməyibmi, inandıra bilməmişəmmi? — Bilmirəm. O, öz fikrindən, xasiyyətindən dönməyib — bu, hardasa yaxşı xasiyyətdi — sözündən, fikrindən dönməzlik gözəl keyfiyyətdi. Mənim gündə bir dona girən, əqidəsini, məsləkini ayaqqabısı, köynəyi, nə bilim, dəsmalı kimi tez-tez dəyişdirən adamlardan zəhləm gedir. Amma gərək səndə o ağıl, o dərrakə ola ki, tutduğun yolun yanlış olduğunu başa düşəsən, sənə deyilənləri saf-çürük eləyə biləsən, əsl həqiqəti tapasan və ona sığınasan. Bunu bacarsan, yaşamağa qadirsən, bacarmasan, axırın yoxdur. Salman kimi... Əgər bu gün sənin iclasda dediklərin... — Nadirə azca duruxub əsl mətləb üstünə gəlmək istədi — dediklərin tam həqiqətdirsə, onda Salman ölsə yaxşıdı... Bu faktlar, xüsusən Mirzə Yanar məsələsi sübuta yetsə, dəhşətdi... Aman allah!!
Nadirə köks ötürüb susduqda Gülmirə dilləndi:
– Həqiqətdi, Nadirə xanım. Hələ o vaxt ölən gün Orxan mənə demişdi. Sonralar, lap bu yaxında mən kitabı da, əlyazmasını da səhifə-səhifə yoxladım. Eynilə Mirzə Yanarın əsəriydi. Demək olar ki ? heç nəyi dəyişməyib. Yoxladıqca dəhşətə gəlirdim, inanın, Nadirə xanım. İstədim ikisini də götürüb sizin yanınıza kələm. Ancaq nə isə ürək eləmədim.
– Onu səhv eləmisən, düzü. Gərək gələydin, danışaydıq... Sən gərək elə o vaxt, Cəfərin tapıntısını sənin adına çap etdirmək istəyəndə məsələdən məni agah eləyəydin. Mən qoymazdım. Dünya dağıla qoymazdım — həm Cəfərin haqqı tapdanmazdı, həm Salman, həm də sən bu biabırçılıqdan qurtarardın. O məqalə sənin adına çap olunub — sən bunun altından qaça bilməzsən. Özü deyirdi ki, sənin əlyazman onun seyfindədir.
– Axı o məqalə qaragəlmişin bircə sözü də mənim deyil?
– Nə olsun? Xətt ki sənindi. Bunu o sübut eləyə bilər, ancaq sən xəttinin dalından qaça bilməzsən...
Gülmirə duruxdu, udqundu.
– Mən qaçmıram da. Mən etiraf eləyirəm. Bunun üstündə məni asmazlar, kəsməzlər — elə bilirəm. Ancaq qoy o da etiraf eləsin... Mən Cəfərin haqqını qaytarıram özünə, qoy o da iyirmi beş ildən sonra biçarə Mirzə Yanarın haqqını qaytarsın. Acığın gəlməsin, Nadirə xanım, Salman müəllim pis adam imiş. Sən onunla necə yaşamısan — başa düşə bilmirəm.
Nadirə ah çəkdi:
– Eh, Gülmirə... Mən Salmandan həyatda hər şey gözlərdim, ancaq belə alçaqlığı yox. «Nəsiminin sənətkarlığı» çox yaxşı əsərdi — sən bilirsən. Mən həmişə düşünürdüm ki, Salman heç nə yazmasa daha, elə bir o əsərlə Nəsimi durduqca yaşar. Və bu da, məni hərdən düşündürürdü ki, niyə Salman daha bu səviyyədə, bu kamillikdə, dərin, mükəmməl əsər yazmır?! Hətta bir dəfə bunu onun özünə də demişdim. Gülüb söyləmişdi ki, onu cavan vaxtı, enerjili, həvəsli vaxtımda yazmışdım — həmişə adam yaxşı əsər yaza bilmir, Nadirə! Sən demə... belə!
Nadirə susdu. Gülmirə onun ağarmış sifətində iz salmış dərin kədəri alaqaranlıqda da görüb çox pərişan olmuşdu. Yazığı gəlirdi ona. Nadirə təmiz idi, həssas idi, bu dərd onun belini bükəcəkdi. Bunu Gülmirə çox yaxşı bilirdi. Olan isə olmuşdu. Daha geriyə yol yox idi.
– Bəs indi nə olacaq, Nadirə xanım?
– Nə nə olacaq?
– Bu işlərin axırı da...
– Bu işlərin axırı çox pis olacaq, Gülmirə! Aslanzadə yəqin komissiya ayıracaq, yoxlatdıracaq, sonra.. Əgər həqiqətən sən deyən kimi olsa, gərək Salman bütün ədəbi-elmi ictimaiyyət arasında ifşa olunsun... Və gərək.. o, harasa çıxıb getsin... ya...
Nadirə sözünün dalını deməsə də... Gülmirə başa düşdü: «Ya... gərək özünü öldürsün!» Və bu fikir onu güclü bir tufan kimi silkələdi; Gülmirənin içərisində elə bil külək əsdi — payız axşamının ayazı bayaqdan onu belə üşütməmişdi. Ola biləcək böyük fəlakəti təsəvvürünə gətirəndə büzüşüb balacalaşdı, başını çiyinləri arasına qısdı və kədərli səslə:
– Mən... mən sənin ailəni dağıtdım!.. —söylədi...
– Ailəmi? — deyə bayaqdan fikir dəryasına qərq olmuş Nadirə acı bir təbəssümlə gülümsündü, — mənim... ailəm yoxdu, Gülmirə. Mənim ailəm artıq dağılmaq üzrə idi — bu məsələ isə olsa-olsa onu sürətləndirə bilərdi azca.
– Necə yəni mənim ailəm yoxdu? Dağılmaq üzrə idi... Başa düşmürəm... yoxsa...
– Salman, düzü ki, çoxdan gözümdən düşmüşdü, Gülmirə. Belə, xala-xətrin qalmasın, el-oba gözünə, atama, bacıma dərd verməmək üçün səsimi içimə salıb susurdum indiyəcən. Daha dözəsi halım qalmayıb — bu biabırçılıqdan sonra mən... çətin ki, daha onun üzünə baxa biləm. Elə adam mənə lazım deyil.
– Bəs Ceyhun?.. Ceyhun...
– Ceyhun mənim yaralı yerimdi, Gülmirə! Salman onu da bədbəxt eləyib — heç özü də başa düşmədən bədbəxt eləyib. Bayaq gəlmişdi. Lül-qənbər idi. Yenə pul götürdü, harasa getdi. Sözümə baxmır mənim.
Gülmirə ayağa qalxdı. Saat ona işləmişdi. Çox oturardı, ancaq Nadirənin yanında qaldıqca dərdinin üstünə təzə dərdlər gəlirdi — halbuki o, bura qəlbinin ağrısını, hövlünü bir az yüngülləşdirmək üçün gəlmişdi.
– Mən elə bilirdim sən dünyanın ən xoşbəxt qadınısan. Sən demə, sənin dərd-sərin mənimkindən də böyük imiş, bacı, — deyə bu dəfə o, Nadirənin qoluna girdi. Onlar daha gəl-get seyrəlmiş bağdan çıxdılar. Nərimanov prospektinin sol küçəsi ilə ağır-ağır addımlaya-addımlaya «Ceyran» restoranına sarı getdilər. Binanın kəlləsindəki pəncərələrdən işıq gəlmirdi. Nadirə xanım tində ayaq saxlayıb hüznlü bir səslə pıçıldadı:
– Gəlməyiblər...
Gülmirə də başını qaldırıb çoxdan ona tanış olan qaranlıq pəncərələrə baxaraq:
– Darıxma bacı, harda olsalar gələrlər! — dedi və yas yerindən çıxan, ölü sahibinə təsəlli vermək istəyən adam kimi əyilib Nadirənin üzündən öpdü.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!
İkinci hissə, on beşinci fəsilKiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.
İkinci hissə, on altıncı fəsilSiminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»
İkinci hissə, on yeddinci fəsilƏtiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı