Səhifə 2 / 2 · 50%

– Bəs dəliydi, niyə alırdın? Sevməmiş almısan? İltifat ah çəkdi:

– Hə, Ümmü. Sevməmiş almışam. Prinsipə düşüb almışam.

– Ümmügülsüm söhbətcil qadın idi. Ailə məsələlərinə isə həmişə xüsusi maraq göstərirdi. İşdə zarafatcıl, deyib-gülən, ancaq əxlaqca möhkəm, gözüdağınıq olmayan bir qadın idi. İndi İltifat öz arvadından danışmağa başlayanda — onun arvadının qeybətini qıran kişilərdən zəndeyi-zəhləsi gedərdi — o, öz icikliyini az qala unudub onu sorğu-suala tutmağa başladı, Ümmügülsümün nəzərincə, hər ailə kiçik bir dövlət idi, onun da özünə görə, problemləri, çətinlikləri, sirləri olur. Ailədə satqın, ikiüzlü, etibarsız adam olmasa, onun sirri evdən bayıra çıxmaz. İltifat özü danışırdı

– qoy danışsın. Ümmügülsüm üçün bu maraqlı idi.

– Necə yəni prinsipə düşüb almışam? Kül o kişinin başına ki, arvadı prinsipnən alsın — Fürsətdən istifadə eləyib sancdı İltifatı və bildi ki, düz ürəyinin başından vurdu, çünki İltifat qıpqırmızı qızardı və o sözü dediyinə peşman oldu. — Kişi arvadı sevib almalıdı. Məsələn, məni ərim sevib alıb. Mən də sevib getmişəm. Ona körə də Ələkbərin bir dırnağını sənin kimi yüz kişiyə dəyişmərəm.

Ümmügülsüm başa düşmüşdü ki, İltifata zərbə vurmaqda tələsdi. Daha o, necə, kiminlə prinsipə düşüb Afərini aldığını danışmayacaq. Məhz buna görə o ikinci zərbəni də endirdi: «Ələkbərin bir dırnağını sənin kimi yüz kişiyə dəyişmərəm».

Bu sözlər İltifatı özünün təbirincə desək, köpəyi selbə tutan kimi tutmuşdu. Çoxdan ürəyində gəzdirdiyi sözləri bu gün, şerə arxayın olub dilinə gətirdiyinə peşman idi. Ancaq sözü demişdi, indi sözünün qulu, əsiri idi. Günah işləmiş adam kimi indi Ümmügülsümün daha nə deyəcəyini təşviş içində gözləyirdi, vəziyyətdən çıxmaq üçün çarə axtarırdı, lakin ağlına heç nə gəlmirdi. Ümmügülsüm isə, çox arxayınlıqla qəzeti, zəhləsi getdiyi murdar bir şeyi itələyirmiş kimi, kənara itələdi və şax:

– Bir qələtdi elədin, İltifat. Bu, birinci və axırıncı dəfə olsun. Bir də səndən belə şeylər eşitsəm, özündən küs. Səni bu kollektivin içində bir günə salaram, adın da yadından çıxar. Yadında saxla! — dedi və ayağa qalxıb otaqdan çıxdı. Və bütün günü key kimi gəzib dolaşdı. Nə oxuduğu başına girdi, nə bir sətir yaza bildi. Əvvəl istədi əhvalatı şöbədəki qadınlara açıb danışsın, onu rüsvay eləsin. Ürəyi gəlmədi — bundan sonra İltifatın yoldaşlar arasında nə hala düşəcəyini gözünün qabağına gətirib susmağı məsləhət gördü. Ancaq sakit ola da bilmirdi.

Əslində bu, təzə xəbər deyildi Ümmügülsüm üçün. İltifatın

– ucaboy, donqarbel, dombagöz oğlanın bu şöbəyə gələn ilk günlərdən onun boyun-boğazına, ayı sulanmış armuda baxan kimi baxdığını və ürəyindən nə isə ayrı şeylər keçirdiyini duymuşdu. Altı ilin gəliniydi onda, az-çox təcrübəsi vardı — kişi xeylağının baxışını o saat alırdı, ürəyində isə «qadam ağzına» deyib ötüşürdü. Özünü elə aparırdı ki, guya heç nə görmür, heç nə hiss eləmir. İltifatı da ilk günlərdən «oxumuşdu». Ona görə həmişə onunla öz arasında məsafə saxlamış, yaxına buraxmamış, açıq-saçıq söhbətlərə yol verməmişdi.

Vaxt olmuşdu ki, İltifat onların evinə zəng çalmış, «idarədə yoxlama var. Tez taksiyə min gəl» — demişdi. Kimsədən sözminnət götürməyə əzəldən adət eləməmiş Ümmügülsüm uşaqlarını yerbəyer eləyib, özü demişkən, qaça-qaça instituta gəlmiş, lakin şöbəni boş görüb mat qalmışdı.

– Bəs hanı, heç kəs yoxdu ki, şöbədə…

İltifat domba gözlərini süzdürüb gülümsünmüşdü:

– Zarafat eləyirdim. Gördüm təkəm, darıxıram. Götürdüm sənə zəng elədim.

– A,a.. Day sənə sözüm yoxdu.

İki-üç dəfə belə hal olmuşdu. Neçə dəfə isə Ümmügülsüm başını qaldırıb baxanda İltifatın həsrətlə ona zillənmiş baxışlarını görüb dodağını dişləmiş, özünü görməməzliyə vurmuşdu. İndi isə, budur — eşq elan eləyir. «Allah vurmuşdu səni» deyə ürəyində İltifatın dalınca söyüb söylənə-söylənə gah kitabxanaya getmiş, gah şöbəyə girib-çıxmışdı — ancaq fitrətən alçaq və kəmfürsət adama oxşayan bu iş yoldaşının öz arvadı haqqında dediyi sözləri unuda bilməmişdi. «Dəli? Prinsipə düşmüşəm».

İltifatın bu çiy hərəkəti Ümmügülsümü bütün günü pərt eləmişdi. Heç bir iş görə bilmədi axşamacan. Ona nifrətlə, qəzəblə baxırdı. İşin axırına yaxın Fazilə Ümmügülsümün könlünü açmaq üçün yaxınlaşıb:

– Böyükməmə, sənə nə olub, niyə qanın qaradı? — deyə soruşanda o, əsl mətləbi açmaq istəmədi, çünki Fazilə onun yanında uşaq idi və belə məsələlərdə o, qızla öz arasında müəyyən pərdə saxlayırdı. Ona görə:

– Heç! — deyib susdu. Bu zaman İltifat yanlarından gəlib keçdi. O ötüşən kimi Fazilə eynilə İltifat kimi burnunu çəkib:

– Bu lap gic imiş ki?... — dedi.

– Kim? İltifat?

– Hə də.

– Niyə ki?

– A,a, ayağım lap yerə yapışdı, Bayaq kitabxanada oturmuşam, gəlib, qəzeti qoyub qabağıma, deyir, Faza, şerimi oxumusan, deyirəm yox. Deyir, al oxu. Buradakı şeri — ikinci şeri sənə yazmışam...

– Həri?

– Papamın canı üçün?

– Vah səni, biqeyrət! Sən onun tayısan məgər? Gör nə vicdansız adam imiş bu? Bəs sən nə dedin, əğəz?

– Heç nə. Utandığımdan heç nə deyə bilmədim...

– Nahaq. Gərək üzünə bir lomba tüpürəydin. Alçaq, həmin sözləri səhər mənə də deyib. «Bu şeri sənə yazmışam!».

– A, a. Boyunu yerə soxum... İkimizə də eşq elan eləyir bir gündə!

...Qəzet institut əməkdaşlarının arasında əl-əl gəzirdi. Bir çoxu İltifatın özünə görə oxuyurdu, bir çoxu direktora görə. Hamıdan çox sevinən isə iki nəfər idi — şerin qəhrəmanı və şerin müəllifi. Şerin qəhrəmanı ona görə fərəh içindəydi ki, bu, ona həsr edilmiş ilk bədii yazı idi, onu mərd, fədakar bir alim təki vəsf eləmişdi şair. Kabinetinə girənlər, dəhlizdə rast gələnlər onu təbrik edirdilər. Nurəddin sevinc içində qımışa-qımışa:

– Bu, şairin müvəffəqiyyətidir, — deyirdi, — onu təbrik etmək lazımdır.

İltifatı təbrik edənlər daha çox idi. O, hamının üzünə gülümsünür, dəhlizdə şad-xürrəm gəzinir, özünü günün qəhrəmanı hesab edirdi. Ancaq bütün bunlar işin zahiri idi—əsl həqiqət ayrı idi və sevinc fərəh İltifatın gözünü elə örtmüşdü ki, bu zahiri parıltı altında gizlənmiş əsl münasibəti görməyə qoymurdu. Və bu da qəribə idi ki, kimsə ona yaxınlaşıb ürəyindəkini demək istəmirdi.

Salmanın, Nadirənin, Gülmirənin, Cəfərin və onlarla başqa adamın qəlbində ayrı hiss qaynayırdı. Onları düşündürən başqa şey idi. Nurəddin dünən də, srağagün də burdaydı. İltifatın gözünün qabağındaydı. Bəs niyə dünən, srağa gün yazmamışdı o şeri? Ona görə ki, vəzifəsi yox idi? Bu gün birdən-birə şairin yadına düşmüşdü. Bax, bu, qəribə idi, düşündürücü idi. Demək, İltifat məqam gözləyirmiş, demək, İltifat yaltaq imiş. Bax, bu təəssüf doğururdu. Xüsusilə Nadirə və Gülmirə məhz buna görə İltifata bir ikrah hissilə baxır, ancaq heç nə demirdilər.

İltifat Nurəddin Osmanzadəyə — öz təzə direktoruna həsr etdiyi şerin «şöhrətindən» məst idi, ancaq bütün məstlər kimi, onun gətirdiyi bədnamlığı – silinməz ləkəni görə bilmirdi. Bu bədnamlığın — ləkənin adı yaltaqlıq idi. Şeri, başqaları kimi, Sakit də oxumuşdu. Yazılışına, söz düzümünə, misraların səyyallığına sözü yox idi. Ancaq mahiyyəti pis idi şerin — müdirə yazılmışdı. Bu, onun qəlbini təəssüf hissilə doldurmuşdu. Çox götür-qoy eləmədən, bir qələm dostu kimi, sənət aləmində təzə-təzə iməkləyən İltifatı bu əyri, şərəfsiz yoldan çəkindirmək məqsədilə və deyəcəklərini İlahamın başa düşüb qəbul eləyəcəyinə inanaraq açıq söhbət eləməyi qərara aldı və nahar fasiləsindən xeyli sonra, demək olar ki, işin axırına az qalmış onu pilləkən başında tutdu və ərkyana dedi:

– Şerini mən də oxudum, İltifat. Şer kimi pis deyil. Ancaq gərək onu sən yazmayaydın, İltifat.

İltifatın domba gözləri bir az da qabağa çıxdı:

– Niyə?

– Ona görə ki, — Sakit İltifatın təəçcüb və narazılıqla dediyi bu «niyə»dən dərhal anladı ki, söylədiklərini düzgün başa düşməyəcək və bəlkə də inciyəcək. Lakin artıq gec idi. Başlamışdı və sözünü deməli idi. Odur ki, ani tərəddüdən sonra davam etdi:

– Ona görə ki, kollektivdə çox pis təəssürat yaradıb o şer.

Yenə soruşdu:

– Niyə? Səhərdən hamı məni təbrik eləyib!

– Hər təbrik eləmək — «sağ ol, yaxşıdır, yaxşı eləmisən» demək deyil, İltifat. Sən hələ cavansan, görürəm, çox şeylərə uşaq sadəlövhlüyü ilə baxırsan və mahiyyətini görmürsən, görə bilmirsən. Düzdür hamı, təbrik eləyir səni. Mən də təbrik elədim. Ancaq indi görürsən mən sənə deyirəm ki, düz eləməmisən, O şeri sən beş ay, bir il qabaq yazsaydın, bu sənə baş ucalığı gətirərdi. Lakin sən belə eləməmisən. Sən Nurəddin direktor olandan az sonra bu şeri qələmə almısan. Bu isə, çox pis səslənir. Puşkinin o gözəl sözləri yadındadırmı? «Şərəfini gənclikdən qoru» Sən şərəfini indidən qorumasan, sənin ləyaqətin və şərəfin, gələcək nüfuzun təhlükə altında qalacaq, İltifat. Nəsimiləri olan xalqımızın zehnində şair sözü — mərdlik, kişilik, dəyanət, dönməzlik simvoluna çevrilib, İltifat. Beş günlük dünyanı kişi kimi, ləyaqətlə yaşamaq lazımdır — başqa cür yaşamağına dəyməz, İltifat.

– Sən... — İltifat nə isə demək istədi, ancaq elə pərt olmuşdu ki, söz tapa bilmədi, kəkələdi. Sakit onun tutulduğunu hiss edib:

– Mən səni istədiyimdən bunları deyirəm, İltifat — söylədi. — Deməyə də bilərdim. Başqaları kimi, mən də təbrik etməklə kifayətlənərdim. Mən ürəyimin, vicdanımın sözlərini sənə söyləməyi özümə borc bildim, İltifat.

İltifat qızarmışdı, nazik, seyrək bığı altındakı üst dodağı səyriyirdi. Sakiti zəhərləmək, ona acı bir söz demək istəyirdi, qulaq asa-asa düşünürdü ki, «o, yəqin paxıllıq eləyir, yalandı «xətrini istəyirəm» deməsi, yoxsa onun bugünkü sevincinin üstünə beləcə rəhmsizcəsinə su çiləməzdi; ya məni istəmir, ya da Nurəddini sevmir. Buna başqa heç bir ad vermək olmaz». Qəribə idi ki, bircə kəlmə də deməmiş, Sakitdən üz döndərib getdi. Sakit pərt halda siqaret yandırdı. Lakin rahatlığı pərtliyindən çox idi. Düşündüyünü söyləmişdi İltifata.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, beşinci fəsil

Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.

8 dəq
Üçüncü hissə, altıncı fəsil

Axşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?

12 dəq
Üçüncü hissə, səkkizinci fəsil

Hava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.

6 dəq
Üçüncü hissə, doqquzuncu fəsil

Gün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:

15 dəq

Başqa şairlərin şeirləri