Birinci hissə, on dördüncü fəsil
Səhifə 5 / 5 · 80%
– Oho, xoş gəlmisən. Gün hayandan çıxıb? —deyə son vaxtlar anasının pis üz göstərdiyini hiss edən və buna görə də gec-gec gələn Salehi fərəh içində qarşıladı. Reginanın ağ bədəninin istisi hələ canından getməmişdi, gözlərinə, sifətinə yazılmış xoşbəxtlik ifadəsi hələ uçub yox olmamışdı. Onu qarşılaya-qarşılaya fikrində ölçüb-biçirdi ki, yarım saat bundan qabaq çıxıb getmiş Reginanı Saleh görübmü görəsən? Yox, görə bilməz. Görsəydi, elə o dəqiqə girərdi içəri. Bu, onu bir az toxtatdı.
Saleh içmişdi. Saleh həmişəki Salehə oxşamırdı. Nə isə çox narahat idi. Stolun üstünə baxdı. Yeyib-içmək əlaməti yox idi. Açıq qapıdan yataq otağına boylandı — çarpayının səliqəsi pozulmuşdu. Oturmurdu, gəzinirdi otağın ortasında. Reginanın nəfəsi bədəninin ətri, iyi vururdu, onu. Gözüylə görməsə də, hər şeyi gözüylə görən kimiydi. O, bu bloka girmişdi. Ceyhungildən başqa o, burada kimə gələ bilərdi. Heç kimə!! Heç kimə!!. Saleh Ceyhunu danışdırmaq, hər şeyi öz dilindən eşitmək istəyirdi. Ancaq bu, mümkün idimi? Ceyhun danışardımı?.. Yox, ancaq hiylə ilə ondan söz çəkmək olardı; Salehin beyninin nizamı, vurğusu pozulsa da, indi ancaq bircə şey haqqında düşünürdü — Ceyhunu danışdırmaq, sonra cəzasını vermək!
Hələ də fikrən Reginadan qopub ayrılmamış Ceyhun Salehin qəfil sualından ayıldı:
– Regina burdaydı?
– Yox!.. — Çaşqın halda, amma qətiyyətlə cavab verdi Ceyhun.
– Sən mənə yalan niyə deyirsən, Cek. Axı mən hər şeyi bilirəm. İndicə o, özü mənə hər şeyi danışdı. İnanmırsan? Yox? Bax, saat üçə iyirmi beş dəqiqə işləmiş gəldi o bura... yarım saatdan bir az artıqdı da gedib. İçmişdi özü də. Hər şeyi mənə söylədi...
Ceyhun duruxdu, ayıldı, məstliyi də keçdi, yuxuluğu da. Divanda əyləşdi və hələ də əlləri cibində ortalıqda gəzən Salehə baxa-baxa düşündü ki, Regina doğurdanmı deyə bilər aralarında olan söz-söhbəti, ya Salehin uydurmasıdı?
Saleh birdən gözlənilməz halda güldü:
– Yaxşı eləmisən, Cek. Elə ondan üzülüşmək üçün bir bəhanə axtarırdım. Tapa bilmirdim. Allah özü yetirdi. O səni çox istəyir. Gəz, dolan... Arvaddı də... Amma inanma, gözdən qoyma. Məni aldadan kimi, səni də aldadar.
– Yox, məni aldatmaz, Salik!
– Niyə? Sən məndən yaxşı oğlansan?
– Onu bilmirəm. Bircə bunu bilirəm ki, o, məni aldatmaz.
– Aldadar deyirəm — Birdən gülüşünə, təbəssümünə ara verib qışqırdı — Aldadar, alçaq!.. Bildin, aldadar!
– Saleh, sənə nə olub? — deyə Ceyhun təşviş içində soruşanda o, yenə qışqırdı və dişlərini bir-birinə sıxa-sıxa:
– Sən alçaqsan, Cek. Sən kişi deyilsən, bildin?! — dedi. — Sən bilirdin ki, o, mənimdi. Özünə də demişdim, başa salmışdım. Sən isə... Gör neylədin?! Sənin yaşamağındansa, ölməyin məsləhətdi. Sən adam ola bilərsən, ancaq kişi ola bilməzsən, Cek!
Birdən pencəyinin cibindən açılma bıçağı çıxarıb ayağa qalxmağına da imkan verməyərək dalbadal, çılğınlıq içində Ceyhuna — qarnına, sinəsinə zərbələr yendirməyə başladı, bir anda divan, döşəmə qana bulaşdı. Qanı görən Saleh duruxdu, sonra isə təzədən bıçaq işlətməyə başladı. Ceyhun yerə düşüb qıvrılırdı və zarıltılı səslə:
– Məni öldürmə... Öldürmə.. — deyirdi. Elə bil, başqa söz bilmirdi, ya bütün sözlər yadından çıxmışdı.
Saleh kənara çəkildi. Sağ əli qan içindəydi. Bıçağı yerə atdı, qaçmaq üçün qapıya sarı cumdu. Ancaq dayandı. Çırpınıb öləziyən Ceyhuna baxdı, baxdı dəhşətlə qışqırmaq istədi. Səsi çıxmadı... Taqətsiz halda döşəməyə oturdu. Nə etdiyini bilmirdi. Qan tutmuşdu. Ceyhun başı kəsilmiş toyuq kimi dartınıb sakitləşəndən sonra o, qəribə bir soyuqqanlılıqla:
– Sən adam ola bilərdin, amma kişi ola bilməzdin... — dedi.
Qalxıb bıçağın qanlı tiyəsini onun ağ köynəyinə sildi, qatlayıb cibinə qoydu. Sonra yataq otağına keçdi. Şifoneri alt-üst eləyib içindəki paltarları çarpayıların üstünə səpələdi... Çamadanı açdı, parçaları ortalığa tökdü. Şifonerin üst gözündəki sədəf naxışlı balaca mücrünü görəndə tələsik başı aşağı eləyib parıldayan üzükləri, sırğaları ovcuna tökdü. Bir az əvvəl qandan qızarmış ovcu indi daş-qaş altında parıldayırdı... Mücrünü yerə atdı, ovcundakıları cibinə basdı... Tələsik bu biri otağa keçdi...
Pianinonun üstündəki yaraşıqlı çex külqabısının içində gözünə dəyən üç-dörd iyirmibeşliyi də xışmaladı...
Sonra çaşqın halda eyvana çıxan qapıya sarı getdi, ancaq səhv elədiyini anlayıb... geri döndü.
Ceyhunun ətrafı qan gölməçəsi idi... İstədi çevrilib üzünə baxsın. Lakin qorxdu, nədənsə, ürək eləmədi.
– Sən adam ola bilərdin, amma kişi ola bilməzdin... — deyib qapını açaraq yavaşca arxasınca örtdü. Bir sirli, müəmmalı ölüm, açılmaz bir düyün qapının o üzündə qaldı...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.
İkinci hissə, üçüncü fəsilGün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:
İkinci hissə, dördüncü fəsilİclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.
İkinci hissə, beşinci fəsilNəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər