Səhifə 2 / 3 · 33%

– Deyə bilərəm, Nurəddin müəllim! — dedi. — Ancaq indi yox.

– İndi yox? Bəs haçan?..

– Sən bu stoldan düşəndən sonra!...

– Hə? — Nurəddin qalxdı. — Sən bunu görməyəcəksən, İntiqam! — dedi və onun arıq, bir dəri, bir sümük olan vücudunu təpədən-dırnağa süzdü, xəstəliyinə açıq işarə ilə davam etdi: — Görə bilməyəcəksən!..

İntiqam bu baxışın mənasını göydə tutdu və acı bir təəssüf hissilə:

– Nə olar, mən görmərəm, başqaları görər, — söylədi, Nurəddinin alt dodağı yenə aralandı:

– Nə olub sizə, mən bilmirəm. Aslanzadə deyir, «bundan direktor olmaz!». Sən deyirsən «bu stoldan düşəndən sonra!». Siz məni nə hesab eləyirsiniz, başım çıxmır?! Yəni mən bu qədər ölüyəm ki, bir direktorluğun da öhdəsindən gələ bilməyəcəyəm?

– Onu gələcək özü sizə sübut eləyər, Nurəddin müəllim. Həyat özü ən böyük müəllimdir, — deyərək İntiqam otaqdan çıxdı.

Nurəddin tək qaldı. Gəzindi. Təzədən qayıdıb İntiqamın ərizəsini bir də gözdən keçirtdi və dərkənar qoydu: «Əmr üçün». Sonra kiminləsə danışırmış kimi astadan dedi.

«İnstitut ölüb, həyat ölüb institutda. Hamını ətalət basıb. Bu sükut buzunu qırmaq, camaatı hərəkətə gətirmək lazımdır. Bir-bir adamların yaxasından tutub silkələmək gərəkdir. Oturub-oturub paslanıb camaat.»

Bu zaman meşin qapı açıldı və uzun, yumşaq saçlarını çiyninə tökmüş, cavan, şux qamətli, sifətindən, çənəsindən, baxışlarından gəlindən, daha doğrusu, bir uşaq anasından daha çox qıza oxşayan Şərifə içəri girdi. Nurəddin onu görən kimi uçundu, zəhmli qaş-qabağı açıldı və göy-qonur gözləri qəribə təbəssümlü işıqla doldu.

– Mənim körpə məleykəm xoş gəlib, — dedi və ortalığa çıxdı. Yaxına gəlib Şərifənin yumşaq saçlarına sığal çəkdi. Otağı fransız ətrinin xoş qoxusu bürüdü. Nurəddin onun körpə, təravətli dodaqlarından hərarətlə öpüb uşaq kimi əl-ayağını yerdən üzərək havada bir-iki dəfə fırlayaraq yumşaq divanın üstünə ehmalca qoydu. Və tələsik qapını içəridən bağladı...

...Şərifə universiteti keçən il bitirmişdi. Təyinatını bu instituta vermişdilər, o qədər zərif və o qədər gözəl idi ki, bütün institut bu gəlişə sevinmişdi. Qadınlı-kişili hamı. Subay oğlanlar biləndə ki, o, ərdədi, hətta bir oğlu da var — kefləri pozulmuşdu. Evli-ailəli adamlar isə təkcə buna sevinirdilər ki, bu divarlar arasında Şərifə kimi bir gözəllə gündə, heç olmasa, üç-dörd dəfə üz-üzə gəlmək özü də bir səadətdi. Səhər-səhər işə gələndə, liftdə, dəhlizdə, kitabxanada, iclaslarda... Bitirdiyi dilə uyğun şöbədə işləyirdi. O, şöbəyə müdiriyyət nəzarət etməsəydi də olardı. Çünki ən intizamsız işçilər belə, işə artıq vaxtı-vaxtında gəlib-getməyə başlamışdılar. Keçəl, iri alınlı, oxlov udmuş adam kimi dik-dik gəzməyə adət etmiş şöbə müdiri də Şərifəyə xüsusi qayğı və diqqət göstərməyi özünə borc və hətta vətəndaşlıq borcu bilirdi. Şərifənin əlindən bir stəkan çay alıb içəndə sonsuz dərəcədə fərəhlənirdi. Ancaq onun bu “səadəti» çox sürmədi. Günlərin birində Nurəddin başını qaldırıb Şərifənin gözəlliyini görəndə, aralarındakı yaş fərqini və başqa bütün uyuşmazlıqları unutdu. Ürəyində indiyə qədər görüb yaxından tanıdığı bütün gözəl qadınları ötəri onunla müqayisə elədi və üstünlüyü Şərifəyə verdi. «Gözəlliyinə söz ola bilməz. Cavanlığına söz ola bilməz. Mən də artıq qocalıram. Kim bilir, bəlkə bir də heç vaxt belə bir qadın əlimə düşməyəcək. Bəlkə bu, son qismətdi?!» — deyə günbəgün, saatbasaat ürəyinə, beyninə hakim kəsilən Şərifəni gizli-gizli izləməyə, yeri düşdü-düşmədi otaqlarının qabağından keçməyə, dəhlizdə qarşısına çıxmağa başladı. Və bir dəfə Şərifənin açıq iclaslardan birində, sezilməz halda baxışlarını tutdu. Tutdu, daha buraxmadı. Şərifə gözlərini ha yayındırdısa, canını o baxışların əlindən qurtara bilmədi. Hədsiz dərəcədə cavan görünsə də, o, daha uşaq deyildi və belə baxışların işığında gizlənən mənaları anlaya bilirdi. Daxili bir maraq neçənci dəfə isə Şərifənin gözlərini Nurəddinə tərəf öz sehrli əlilə çevirəndə o, özünü saxlaya bilməyib çox ilıq bir təbəssümlə gülümsündü. Nurəddinə elə bu təbəssüm bəs idi. Gözlər sözünü demişdi və cavab da alınmışdı. Doğrudur, bu cavab şübhəli idi, vəd verici deyildi bəlkə də! Ancaq Şərifə «ilişmişdi» və hələ başa düşmürdü ki, bu təbəssüm onun taleyini həll elədi. Bunu o, sonra anlayacaqdı, ancaq bu, gec olacaqdı. İndilikdə gözlərini nə qamaşdırmışdı onun? Nurəddinin adı-sanımı, yaşına uyğun olmayan, cavan oğlan kimi gəzməsimi? Əslində o, bunların heç birini ağlına gətirmirdi. Çünki, o, bunu yatıb yuxusunda da görə bilməzdi. Əri cavan idi, qəşəng idi. Universitetdə birgə oxumuşdular. Bütün fakültə qızları Kamillə yaxınlıq etmək istəyirdi, ancaq Şərifədəydi onun gözü. Kimsəni görmürdü Kamil. Şərifə də onun qiymətini bilirdi. Qorxu hissilə yaşayırdı — nədənsə ona elə gəlirdi ki, kimsə, lap elə rəfiqələrindən biri Kamili əlindən ala bilər. Buna görə Şərifə Kamilin üstə əsirdi, onun hər istəyinə canla-başla əməl eləyirdi. Oğlanı itirmək qorxusu o qədər güclü idi ki, hələ dördüncü kursda ikən, sentyabrın ilk günlərinin birində Şərifə özünü Kamilə təslim elədi və az sonra isə, onun, kəbinli arvadı oldu. İnsafla deyilsə, oğlan kimi, oğlanın atası-anası da yaxşı adamlar idi. Gəlini hədsiz dərəcədə çox istəyirdilər. Atası tək oğluna ayrıca kooperativ ev tikdirmişdi. Hər şeyi var idi. Dördüncü kursu qurtarhaqurtarda Kamili İrana işləməyə göndərdilər. Şərifəni də apardı. Orada ilk övladları dünyaya gəldi. Qayıdanda

– üç ildən sonra vətənə dönəndə uşaqdan başqa, «Qaz-24» də xeyli pal-paltar da gətirmişdilər. Beşinci kursu gələndən sonra bitirdilər. Kamil hər gün Şərifəni öz maşınında işə gətirir, axşam da gəlib aparırdı. Kim hansı tərəfdən baxırdısa, Şərifəni bəxtəvər görürdü, həsəd aparan da vardı, paxıllığını çəkən də vardı. Bu xoşbəxtliyi, bəxtəvərliyi hamı görürdü. Təkcə Şərifədən başqa hamı görürdü, — çünki bu xoşbəxtlik onun özünün idi. Özü görə bilmirdi, qiymətləndirə bilmirdi, maşın kimi, qulaqlarında, barmaqlarında gəzdirdiyi qiymətli sırğalar, üzüklər kimi adiləşmişdi. Kamil də adiləşmişdi. Həyatda hər şeyi olan Şərifənin başını qata bilən bir əyləncə lazım idi, bu əyləncə isə əyləncə deyildi, işgəncəydi Şərifə üçün. Səbir lazımdı, elmi əsər yazanda oturmaq, düşünmək lazımdı — bu isə Şərifəyə ləzzət vermirdi, əksinə, onun ruhunu sıxıb əzirdi.

Elə bu zaman Nurəddin — bu adlı-sanlı akademik, şöbə müdiri olan Nurəddin Osmanzadə ona çox qəribə, məftun bir nəzər yetirdi. Bəlkə Şərifənin həyatında çatışmayan elə bu idi? Qəlbini titrək bir maraq sardı və özünə gəlməmiş, bu marağın nə demək olduğunu anlamağa macal tapmamış, Nurəddini direktor qoydular. Bu, Nurəddinin özünün başını dumanlandırdığı kimi, Şərifənin də gözlərini qamaşdırdı. Baxış əyləncələrinin sayı çoxaldı. Nəhayət, məhrəmlik yarandı ortalıqda. Nurəddin bir gün onu kabinetinə çağırıb söhbətə uzaqdan başladı:

– İstəyirəm sənin şöbəni dəyişəm, Şərifə xanım!

Şərifənin yanaqları qızarmışdı. Qəribə bir utancaqlıqla Nurəddinin çoxdan oxuduğu gözlərinə baxıb təəccüb ifadə edən tərzdə:

– Şöbəmi? — deyə soruşdu. — Niyə ki?

– O şöbə sənin yerin deyil. Orda sən heç on ilə də müdafiə eləyə bilməyəcəksən. Ətalət içində mürgü vurur ordakı alimlər. Sən gəl mənim şöbəmə. Hamısı qadın xeylağıdı. Burda sənin üçün rahat olar. Bircə oğlumdan başqa kişi yoxdu şöbədə. Mən hiss eləyirəm, orda o keçəl sənə ayrı gözlə baxır. Axırı yaxşı olmaz. Söz-söhbətə səbəb olar. Məncə, başa düşürsən mən nə deyirəm. Şərifə qıpqırmızı qızarmış sifətinin yandığını hiss eləsə də, başını tərpətməklə «hə!» — dedi və ayağa durmaq istədi.

Nurəddin zabitəli bir səslə:

– Otur, hara tələsirsən? — dedi — mən hələ sözümü qurtarmamışam, qız!

Şərifə təzədən əyləşdi.

– Sabahdan keç bura. Özüm sənə rəhbərlik eləyəcəyəm. Razısan mən sənin rəhbərin olum?

– Razıyam!—dedi Şərifə — Ancaq axı mən sizin sahədə işləyə bilmərəm, Nurəddin müəllim. Mənim... Profilim...

– Eh, sən lap avam imişsən, qız. Mən deyəndən sonra... Nə profilbazlıqdır. Bir mənbə götür. İşlə. Nə lazımsa, mən eləyəcəyəm sənin üçün...

– Şöbə müdirim razı olarmı?...— Şərifə getməmək üçün çarələr axtarırdı. Profil məsələsi kara gəlmədi. Şöbə müdirini son çarə kimi söylədi.

– Şöbə müdiri kimdi, qız?! Bəlkə sən hələ inanmaq istəmirsən ki, mən burda direktoram, hə?

– Yox, niyə ki, Nurəddin müəllim... — səsindəki azacıq qətiyyət də yoxa çıxmışdı indi. Bu, təslim olmaq əlaməti idi. Təklifləri cəlbedici idi, şirnikləşdirici idi. Və bunların müqabilində nə istənildiyini də anlayırdı Şərifə. Ancaq bu, heç cür ağlına batmırdı. «Atamdan da böyükdür. Nə ola bilər ki?» — deyən Şərifənin ürəyinə axıb dolan nigarançılığı, qorxunu yenə lənətə gəlmiş əyləncə görmək arzusu boğurdu, üstələyirdi. Heç özü də bilmirmiş, sən demə, bir az da şöhrətpərəst imiş bu gözəl mələk. Bu, hələ tam aydınlığı ilə özünə məlum deyildi — ancaq nə isə bu təklif onu çəkib aparırdı, aparırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on beşinci fəsil

Balaca, ağ rəngli, uzaqdan tısbağaya oxşayan «Folksvagen» maşını beton döşənmiş yolda şütüyürdü. Hərəkət azdı, tək-tük maşınlar gəlib keçirdi.İçəridə iki nəfər oturmuşdu. Zərrintac sükan arxasında, Elməddin isə onun yanında. Tələsmirdilər; qız arxayın-arxayın, danışa-danışa maşını idarə edir, Elməddin isə onun sərbəst hərəkətlərinə, cəldliyinə tamaşa eləyirdi.

5 dəq
İkinci hissə, birinci fəsil

Bəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.

10 dəq
İkinci hissə, ikinci fəsil

Rəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.

5 dəq
İkinci hissə, üçüncü fəsil

Ağayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq:

9 dəq

Başqa şairlərin şeirləri