İkinci hissə, ikinci fəsil
Səhifə 3 / 3 · 67%
Gülmirə kədərli-kədərli:
– Mən bunu bilmirdim. Qız məsələsini bəlkə müstəntiqə xəbər vermək lazımdı, Nadirə xanım? — demişdi. — Bəlkə bir şey bilir?...
– Eh, hardan bilir? Bilsəydi, zəng eləməzdi, Gülü! Axtarmazdı, bilsəydi.
– Hər halda demək lazımdı. Bəlkə axtarıb tapdılar o qızı. Bəlkə bir şey aydın oldu?
– Nə bilim, ay Gülü? Daha heç nə gözümdə deyil. Elə bil dünya ölüb mənimçin... Bu zəng məsələsi də... məni lap dəli eləyib... Yazıq gözümün qabağından heç çəkilib ketmir. Vallah, qınayan olmasa, düşüb qalaram qəbiristanlıqda. Özümə bir koma tikərəm körpəmin qəbrinin yanında, yaşaram orda. Salmanın əkdiyi o ağaclara, o gül kollarına qulluq elərəm. Gecə-gündüz.
– Ay bacı, belə getsə, sən tələf olarsan. Dünyada oğul itirən ana məgər tək sənsən?! Dözmək lazımdı, başqa çarəsi yoxdu, bacı. Çalış, az-az get qəbiristanlığa. Bu sənin hər dəfə dərdini təzələyir, yaranın qaysağını qoparır.
– Yox, getməsəm, bağrım çatlar, Gülü... Gedirəm, ağaclara su verirəm, ot-ələfi yolub təmizləyirəm, bir az ürəyim sakitləşir. Salman hündür, qara mərmərdən başdaşı düzəltdirib. Görməyibsən ki?
– Yox. Son vaxtlar gedə bilməmişəm,
– Başdaşının üstünə qurban olduğumun ayaq üstə, gülə-gülə çəkdirdiyi şəklini həkk elətdirib. Yaxınlaşanda adamı dəhşət götürür. Elə bilirəm tifilim sağdı, kiminsə qəbrini ziyarət etməyə gəlib. Gülə-gülə məni qarşılayır elə bil yaxınlaşanacan elə bilirəm ölməyib, indi mənə qoşulub evimizə gedəcək. Qəbri, daşı görəndən sonra inanıram ki, yoxdu körpəm. Qayıtmayacaq. Daşdı, heykəldi. Hər dəfə gedəndə necə haldan-hala düşürəm...
– Yazıq bacı. Müsibətdi sənin işin...
Elə bu vaxt zəng çalınmışdı. Telefon Gülmirəyə yaxın idi. Gülmirə Nadirəyə nəzər salmış, sifətində bir qorxu hiss eləmişdi və işarəsi ilə dəstəyi özü götürmüşdü. Yenə susmuşdu kim idisə, bir-birinə baxıb köks ötürmüşdülər.
– Odu yenə... o qızdı... — deyə bayaqdan kədərli-kədərli danışan Nadirə daha dözməyib ağlamışdı.
...Zəng eləyib susan isə Regina idi. O, görüş son görüş olacaqmış, sən demə. Nə biləydi Regina, hardan biləydi?... Bilsəydi, ayrılmazdı, heç nəyə gücü çatmasa da, vaxtı uzada bilərdi. O vaxtdan Ceyhun Regina üçün yoxa çıxmışdı. Neçə dəfə zəng eləmişdi. Ya telefon susmuşdu, ya atası, ya da anası götürmüşdü. Regina partlaya-partlaya qalmışdı. Sonra neçə dəfə də «Ceyran»
restoranının yanına gəlmişdi, o həndəvərdə hərlənmişdi, pəncərəsinə baxmışdı. Ancaq Ceyhundan əsər-əlamət görməmişdi. «Yəqin bir yana gedib» — deyə düşünmüşdü. Bu da qəribə gəlmişdi ona ki, həmin gündən sonra Saleh də, iynəyə dönüb yox olmuşdu. Reginanın az qala hər addımını izləyən Saleh bu tərəflərə gəlmirdi. Bu ona qəribə görünsə də, hardasa sevindirirdi də. Ondan zəhləsi gedirdi Reginanın, görməyə gözü yox idi. Hər dəfə ondan bir kobud söz eşidəndə, ya heç nəyin üstündə döyüləndə Regina ona rast gəldiyi günə lənət yağdırırdı. Ancaq ilişmişdi, qopub ayrıla bilmirdi. O yanına gəlib-gedəndən sonra qadının qəlbində nifrət hissi bir az da güclənirdi. Ceyhunla tanış olduqdan, onunla yaxınlıq etdikdən sonra isə, Saleh gözündə ölmüşdü. O vaxt, həmin son görüş sona çatıb onlar ayrılanda, blokdan səksəkə ilə çıxanda Regina qarşı blokda dayanan Salehi görmüşdü və bərk qorxu keçirmişdi. «Vay, məhv oldum! — deyə ürəyindən keçirmişdi, — indicə gəlib elə küçənin ortasında məni ayağı altına salacaq!». Ancaq bir gözü arxasında, iti-iti addımlayan Regina, özünü dayanacağa çatdırıb tələsik trolleybusa minəndən sonra, gəldiyi yola diqqətlə baxmış, Salehi görməmiş və təəccüblənmişdi. Sonra isə «deyəsən məni qara basıb. O deyilmiş, oxşatmışam» — demişdi öz-özünə. Düz birbaş evə gəlib o günü heç yana çıxmamış, indicə Salehin gələcəyini gözləmişdi, ancaq o, gəlməmişdi. Məhz bu zaman o, qəti olaraq inanmışdı ki, blokda dayanan və onu görən kimi üzünü yana çevirən adam Saleh deyilmiş... Səhərisi də, birisi gün də gəlməmişdi. Elə o zamandan Regina onun qara sifətini, bədheybət gözlərini görməmişdi. Onun yoxa çıxmasına nə qədər sevinirdisə, Ceyhunu tapa bilmədiyinə bir o qədər kədərlənirdi Regina. Çox kişilərlə dost olmuşdu; oturub durmuşdu — ancaq nədənsə Ceyhun yaman xoşuna gəlmişdi. Onunla keçirdiyi saatlar heç yadından çıxmırdı. Həftələr, aylar keçdikcə ürəyində Ceyhuna bəslədiyi istək, maraq daha da güclənib artırdı.
Bu gün, cəmi yarım saat qabaq zəng eləyib yenə qadın səsi eşitdikdə Regina məyus olmuşdu və çoxdan düşündüyü, ancaq cəsarət eləyib yerinə yetirə bilmədiyi işi — Samirin emalatxanasına getməyi, Ceyhundan, Salehdən bir xəbər bilməyi qəti qərara almışdı. Bura da könülsüz gedirdi əslində, Süleymanla üz-üzə gəlməkdən ehtiyat eləyirdi. Onun da emalatxanasındakı telefon neçə müddətdi «ağzına su alıb susmuşdu». «Olimp» mağazasının yanında düşdü trolleybusdan... Evin tinində dayandı: «gedim-getməyim» deyə götür-qoy edirdi ki, birdən Samirin səsini eşitdi:
– Xoş gördük, Regina xanım!
Bu görüşə o qədər sevindi ki, özünü itirdi, kəkələdi:
– A... sənsən, Samirçik? Salam, necəsən? Nə xoş təsadüf, nə xoş təsadüf!! —Daha demədi ki, elə sənin yanına gəlirdim. — Uşaqlar necədi? — deyə dolayısı ilə, guya elə-belə, soruşduqda Samir heç nə başa düşmədi:
– Hansı uşaqlar?
– Dostlarını deyirəm də. Salik, Cek...
Samirin ağ, girdə sifətinə bir kədər kölgəsi qondu.
– Salik yaxşıdı, hərdən... görürəm. Ancaq Cek... — o duruxdu.
Regina nigarançılıqla onun üzünə baxıb nə deyəcəyini gözlədi. Samir ağır-ağır söylədi:
– Cek... ölüb, Regina...
– Ölüb?.. — Bu sözü elə bərkdən dedi ki, səsindən özü də səksəndi... — Nə danışırsan, haçan?!
– Çoxdan...
– Xəstələndi, qəzaya uğradı, nə oldu ona?
– Öldürdülər.
– Aman allah, nə dəhşət! Kim öldürdü?
– Oğrular. Gəlib giriblər evə, qarət eləyiblər, ələ keçən qiymətcə ağır, vəzncə yüngül nə varsa aparıblar, özünü də öldürüblər.
– Vay, vay... — Reginanın iri, ala gözləri doldu. — Bu, haçan olub?..
– Bu, — Samir başını qaşıyıb fikrə getdi, nə isə xatırlamaq istədi və axtardığını tapdı — avqustun on üçündə...
Bu o gün idi ki, Regina da yadında saxlamışdı. Xoş gün olduğuna, Ceyhunla bağlı gün olduğuna görə unutmamışdı. Beynində dolandırdı. «Demək elə o gün... Mən çıxandan sonra...» Ancaq bunu Samirə söyləmədi. «Yox, demək olmaz. Heç kəsə demək olmaz. Məndən də şübhələnə bilərlər...»
– Tutulub qatil?
– Yox axtarırlar. Hələlik nəticəsizdi bütün axtarışlar.
Samirin uzun, qara kirpikli gözlərindəki kədər Reginanın xoşuna gəlirdi. Fikirləşirdi ki, o dəfə, qarlı qış günündə «Pioner» bağında və sonra da emalatxanada Samirin gözləri belə qüssəli deyildi. Demək, Ceyhunun ölümündən doğan qüssədi bu, dost itkisindən yaranan qəmdi bu. Və elə indicə Reginanın beynində bir istək gəzib-dolandı: — Salehin də gözlərinin içinə baxmaq, çox yox, bircə dəfə baxmaq kifayətdi. Onda Regina bilər, başa düşər ki, Ceyhunu o öldürüb, ya yox!...
Ancaq Reginanın qəlbində Salehə qarşı elə güclü bir nifrət vardı ki, onun yanına getmək, hətta Ceyhunun onun tərəfindən vurulduğunu öyrənmək istəyini də boğurdu. Bu da Regina üçün maraqlı idi; Saleh onun yanına niyə gəlmirdi?..
Bu iki sual cavabsız idi və onun qəlbini həmişə sıxırdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.
Üçüncü hissə, dördüncü fəsilBaşı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.
Üçüncü hissə, beşinci fəsilYaşıl xiyabanın qurtaracağına çatanda iri taxta darvazalı həyətin qənşərində Məhəmməd Şəfi addımlarını yavaşıtdı. Yol uzunu danışmamışdılar. Gələn-gedən, səs küy o qədər çoxdu ki, ağız deyəni qulaq eşitmirdi. Rəhgüzər də, Elməddin də öz aləminə dalıb yanaşı yeriyirdilər. Elməddin belə görkəmli adamla yol yoldaşı olduğuna görə yaman sevinirdi, hər şeyi — aclığını da, dərdi-sərini də unutmuşdu.Şəhər camaatı, görünür, şairi yaxşı tanıyırdı. Qabaqlarına çıxanlar ayaq saxlayıb hüsn-rəğbətlə ona baxır, çoxu da salam verirdi. Elməddin neçəsinin pıçıltısını da eşitmişdi: «Şair Rəhgüzərdir» — Budur?» «Hə, özüdü ki var. Bizim xiyabanda yaşayır. Böyük adamdır». Üst-başının yaman gündə olduğuna, üzünü qırxmadığına görə Elməddin onunla yanaşı getməkdən utanır, bacardıqca dala qalmaq istəyirdi.
Üçüncü hissə, altıncı fəsilElməddinin görkəmi tamam-kamal dəyişmişdi. Uzun, yaşına yaraşmayan saqqalını vurdurmuş, əyninə təzə, ingilis parçasından tikilmiş kostyum geymişdi. Ayağındakı qara ayaqqabılar uzaqdan par-par parıldayırdı. Ağ göynək üstündən vurulmuş qara qalstuk ona necə də yaraşırdı. Xaricən o qədər dəyişmişdi ki, tanıyıb-bilənlər, hətta anası belə qarşısına çıxsaydı, bu şıq geyimli oğlanın Elməddin olduğunu ilk baxışdan ağlına belə gətirməzdi, Məhəmməd Şəfinin və ailəsinin köməkliyi, mehribanlığı sayəsində o, səfalətii, aclığın, dilənçiliyin dəhşətli pəncəsindən xilas olmuşdu. Yatmağı, yeməyiiçməyi onlarda idi. O qədər hörmət, ehtiram eləyirdilər ki, sıxılırdı və onların xəcalətindən ömrü boyu çıxa bilməyəcəyini düşünüb darıxırdı. Xüsusilə Məleykə xanımın qonaqpərvərliyi, ürəyi açıqlığı Elməddini yamanca mütəəssir eləyirdi «Elməddin qardaş» deyəndə ona elə gəlirdi ki, heç vaxt olmamış və yaxud bir zaman itkin düşmüş bacısının səsini eşidir. Ailədə hökm sürən səmimiyyət, qarşılıqlı ehtiram Elməddində xoş, hər cür paxıllıq və həsəddən uzaq bir qibtə hissi doğururdu. Heç kəs ucadan danışmazdı. Kimsə özünün arzusunu, istəyini gizləməzdi və kimsə də bu arzuya-istəyə qarşı qılınc çəkib onu susdurmazdı. Elməddin düşünürdü: Məhəmməd Şəfi xoşbəxt adamdı ki, belə ailəsi var. Təmiz, mehriban. Şair ailəsi məhz belə də olmalıdır.Elməddin təzə pal-paltarını alıb gətirəndə Məhəmməd Şəfi də, Məleykə xanım da o qədər sevinmişdilər ki, elə bil ata-ana öz doğma oğlunu geyindirib-kecindirmək istəyirdi.
Başqa şairlərin şeirləri
Öylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.
در قیامت همه کس طالب و جویا باشددل ما طالب این قدر معلا باشد
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,