Səhifə 7 / 20 · 30%

⎯ Nədən bildin mənəm? – deyə soruşdum.

⎯ Sənin əlini min əlin içində tanıyaram, Nərgiz. Gözlərim bağlı olsa da…

Sənə fikir verirdim: uşaq kimi sevinirdin. Elə bil, ən əziz adamın gəlmişdi, həsrətini çəkdiyin, illərlə görmədiyin əzizin gəlmişdi.

⎯ Necəsən, Toğrul?

⎯ Yaxşıyam, Nərgiz.

⎯ Şükür ki, gəzirsən.

⎯ Hə, asta-asta…

⎯ Hələ bir gəz görüm? – Mən sənin gəzə biləcəyinə inanmaq istəyirdim. Tutğun halda gülümsündün. Sonra qıçını çəkə-çəkə, çəliyə söykənə-söykənə yeridin. Fırlanıb yenə mənim yanıma gəldin. Yüngülcə axsayırdın: «Keçib gedəcək» – deyə sevindim.

⎯ Yaxşı gəzirsən, maşallah.

⎯ Nigaran olma, Nərgiz – dedin. Səsin nədənsə titrədi. Ani olaraq susduqdan sonra əlavə elədin: - Amma ölsəydim, bundan yaxşı olardı.

⎯ İraq candan, niyə elə deyirsən, Toğrul?

⎯ Elə yaxşı olardı.

⎯ Çox pis olardı, Toğrul. Sən təsəvvür eləmirsən ki, necə pis olardı.

⎯ Niyə?

⎯ Mən ömrüm boyu əzab çəkərdim. Mən sənin qatilin olmaq istəməzdim. Yanımızdan xəstə apardılar: zarıyırdı, dalınca gedən qadın ağlayırdı. Söhbəti dəyişmək üçün dedim:

⎯ Sənə qızıl gül gətirmişəm, Toğrul. Bilirəm, qızıl gülü çox sevirsən.

⎯ Çox sağ ol, Nərgiz. Gəlişin hər şeydən qiymətlidir mənim üçün.

Mən gül dəstəsini sənə verdim: alıb burnuna yaxınlaşdırdın, acgözlüklə qoxladın.

⎯ Oxqay, nə yaxşı güllərdi, Nərgiz. Haradan bildin ki, mən qızıl gülü çox sevirəm?

⎯ Bir dəfə özün demişdin şöbədə.

⎯ Sağ ol ki, yadında qalıb, Nərgiz, sağ ol ki, mənə gül gətirmisən, sağ ol ki, zəhmət çəkib gəlmisən, Nərgiz. Bunu ömrüm boyu unutmayacağam. ⎯ Sən gülün ləçəklərindən öpə-öpə davam etdin: ⎯ Ancaq heyf ki, ömrü az olur gülün, tez solacaq. Solsa da, saralsa da sənin yadigarın kimi onun ləçəklərini nə qədər ömrüm var saxlayacağam. Sənin ətrini ondan alacağam, Nərgiz. Qoy bu gül solub saralsın, eybi yox. Mənim solmaz, həmişə təravətli bircə gülüm var: o, sənsən, Nərgiz.

Mən güldüm:

⎯ Mən də solub saralacağam, Toğrul. Elə bilirsən mən həmişə cavan qalacağam?

⎯ Səni zaman qocaltsa da, saçların ağarsa da sən mənim hafizəmdə, ürəyimdə bax beləcə ⎯ cavan, gözəl, solmazsaralmaz qalacaqsan, Nərgiz. Çünki sən…

Daha nə isə demək istəyirdin. Mən əlimi dodağının üstünə qoyub:

⎯ Sus, Toğrul – dedim – Sən allah, sus. Mənə belə sözlər demə, yoxsa səndən küsərəm, danışdırmaram səni.

Ayaq üstə durmaqdan yorula biləcəyini düşünüb səni dibçəkdəki limon ağacının dibindəki boş stulda oturtdum.

⎯ Haçan çıxırsan?

Fikirli-fikirli:

⎯ Bilmirəm – söylədin.

⎯ Bəs mənim toyuma gəlməyəcəksənmi?

⎯ O gün Bünyad gəlmişdi. O da dəvət elədi. Sağ olun. ⎯ Onu mən göndərmişdim. Dedim get, dəy…

⎯ Hə. Elə hiss elədim. Gəlmişdi.

⎯ Mənim sualıma cavab vermədin. Toyuma gəlməyəcəksən?

⎯ Xoşbəxt olun, Nərgiz. Mən xoşbəxt olmağını istəyirəm. Bu mənim yeganə arzumdur.

⎯ Gəlməyəcəksən?

Kədərli gözlərini gözlərimə zilləyib xeyli baxandan sonra: ⎯ Yox, - dedin – Gəlməyəcəyəm.

Bu cavabı gözləmədiyimə görə tutulan kimi oldum, ancaq sənin dərdini anladığım üçün özümü tez ələ aldım və qəribə bir sadəlövhlüklə:

⎯ Niyə, Toğrul? – deyə xəbər aldım.

⎯ Mənə əzab verməkmi istəyirsən, Nərgiz? Çəkdiyim ağrı-əzabları gözlərinlə görməkmi istəyirsən, nədir?

Bu sözləri elə yazıq-yazıq, elə dərdli-dərdli dedin ki, sənə rəhmim gəldi. Peşman oldum.

⎯ Bağışla məni, Toğrul. Nəsə ürəyim istəyirdi ki, sən toyumda iştirak eləyəsən. Qabaqlar bu barədə heç düşünməmişdim. Nədənsə iki gündü beynimə düşüb ki, çağırdığımız qonaqların, yoldaşlarımızın arasında sən də olasan.

Dedin:

⎯ Dəvət üçün çox sağ ol, Nərgiz. Amma məni bağışla, gələ bilməyəcəyəm. Bilirsən, mənim üçün ağır olar, çox ağır olar. Söz tapıb deyə bilmirəm ki, necə çətin olar mənim üçün. Bağışla ki… - Səsin qırıldı, susdun. Mən başımı aşağı salıb fikrə getdim. O an nə düşünürdüm? Çox şey, bəlkə də heç nə? – İndi deyə bilmərəm. Aradakı sükut da çoxmu çəkdi, azmı çəkdi? – İndi bunu da bilmərəm. Ancaq onu deyə bilərəm ki, sənin kədərinin böyüklüyünə, məni itirməyin sənin üçün necə ağır olduğuna o sıxıntılı anlarda inandım, Toğrul. Nəhayət, sən ağır-ağır dindin:

⎯ Sənə həyatda xoşbəxtlik arzulayıram, Nərgiz. Bünyad yaxşı oğlandır, ağıllıdır. Səni xoşbəxt edə bilsə, mən də rahat yaşayaram. Əgər aranızda möhkəm məhəbbət varsa, əlbəttə.

Onda sənə deyə bilmədim, utandım, amma indi deyirəm. Mən onu sevmişdim, o da məni. Onunla əlaqədar olduğu üçün təfərrüatı ilə danışmıram, çünki sənin buna ixtiyarın olmasa da necə qısqandığını yaxşı bilirəm. Təkcə bunu deyirəm ki, mən onda istədiyim hər şeyi tapmışdım: təmiz ürək, mehribanlıq, mənə qarşı diqqət və qayğı… Təkcə bir şeydən başqa: yeniyetmə olarkən arzulayırdım ki, sevəcəyim, seçəcəyim oğlanın ya yaxşı səsi olsun, ya da musiqi alətlərinin birində çala bilsin. Mən musiqini, nəğməni, şeri çox sevirdim. Onlarsız mən həyatımı heç cür təsəvvür eləyə bilmirəm, Toğrul. Yaxşı səsim var, gözəl mahnılar bilirəm. Ürək oxşayan, insan hisslərinin, bəzən dillə ifadəsi mümkün olmayan duyğuların tərcümanı olan gözəl şer üçün, nəğmə üçün ölürəm desəm, inan.

Təəssüf ki, Bünyad nə oxuyan idi, nə çalmağı bacarırdı, nə də şer, nəğmə dəlisi idi. Amma sevmişdim.

… Biz ayrılanda sən yenə dedin:

⎯ Xoşbəxt ol, Nərgiz.

⎯ Mən xoşbəxt olacağam, Toğrul – dedim. – Ancaq istəyirəm ki, sən də xoşbəxt olasan. Bunu ürəkdən arzulayıram, lap ürəkdən, Toğrul, inanırsan?

Üzünə qəmli bir təbəssüm qondu:

⎯ İnanıram, Nərgiz – dedin.

… «Səadət sarayı»nın böyük salonu ağzına qədər adamla dolu idi. İki ailənin qohum-əqrəbası, Bünyadın adamları, mənim rəfiqələrim məclisdə idilər. Nəşriyyatdan işçi yoldaşlarımız gəlmişdilər. Təkcə sən yox idin, Toğrul. Nə qədər qəribə olsa da, adamların arasında gözüm səni axtarırdı. Gəlməyəcəyini söyləsən də, anlaşılmaz bir istəklə sənin yolunu gözləyirdim. Elə bilirdim toyda nəsə çox qiymətli bir şey çatmır və bunu heç nə ilə əvəz etmək olmaz.

Məclis başlanmışdı. Masabəyi seçilmiş dazbaş şair təzə ailə həyatı quran bizim – Bünyadın və mənim sağlığımıza badə qaldırırkən birdən salonun aşağı başından sənin gəldiyini gördüm. Sağ əlində çəlik, sol əlində iri, uzaqdan alışıb-yanan qızıl gül dəstəsi vardı. Onu sinənə sıxmışdın. Ürəyinin üstünə. Gözlərimə elə bil işıq gəldi. Çil-çiraqban zal sanki daha da nurlandı. Sandım ki, toy bax indicə, sən salona daxil olan dəqiqə başlandı. Bütün vücudumu qeyri-adi bir sevinc hissi bürüdü. Bünyadın böyrünə toxundum və ona da, mənim özümə də qəribə görünən bir şadlıq içində:

⎯ Toğrul gəldi – dedim.

Bünyad təəccüblə üzümə baxdı:

⎯ Kim gəldi? – deyə dönüb salona göz gəzdirdi.

⎯ Toğrul – dedim.

Bünyad salonun aşağı başına göz gəzdirdi, səni görüb gümrahlıqla:

⎯ Afərin – dedi. – Özünü çatdırdı.

Sən axsaya-axsaya bizə sarı gəlirdin: zal uzun idi – elə bildim ki, sən dünyanın o başından, uzun, yorucu bir yol keçib bizə tərəf gəlirsən. Nəhayət, gəlib çatdın. Əvvəl Bünyada, sonra mənə nəzər saldın, gülümsünə-gülümsünə bizi salamladın. Əlindəki gül dəmətini gizli bir hərəkətlə iylədin və əyilib stolun üstünə, düz mənim qabağıma qoydun. Hər şey yadımdan çıxmışdı, sənə fikir verirdim. Sol yanağında çapığın yeri qızarırdı. Özünü şad göstərməyə çalışsan da gözlərində pünhani bir kədər duyurdum. Çox istərdim ki, baxışlarını dolandırıb mənə baxasan, ancaq elə bil, mənə baxmaqdan çəkinirdin, ya da baxmaq istəmirdin.

Asta addımlarla geri çəkildin. Bizim qənşərimizdəki uzun stolun hər iki tərəfində əyləşmiş yoldaşlarımız sənə öz yanlarında yer verdilər, oturdun.

Gəlişin məni çox sevindirmişdi, Toğrul. Gəlməsəydin, toy gecəsi duyacağım, xatirimdə saxlaya biləcəyim səadət bəlkə də naqis olacaqdı. Mən hərdən oturub keçdiyim ömür yoluma nəzər salanda xatirəyə dönmüş acılı-şirinli günlərimin içində o toy gecəsini də xatırlayıram və mənə elə gəlir ki: toyum ona görə yadımda qalıb ki, sən orda olubsan. O zaman keçirdiyim hissləri saf-çürük eləyəndə qəlbim sənə qarşı minnətdarlıq hissi ilə dolur.

Mən lap uşaqlıq illərindən nəsə qeyri-adi şeyləri çox xoşlamışam: insanın qeyri-adisi, məhəbbətin qeyri-adisi, lap toyun da qeyri-adisi, Toğrul. Adilik mənim ən acığım gələn şeydir. Sən adisənsə, demək, sən heç kəsdən seçilmirsən. Sənin sevgin adidirsə, demək o, minlərlə başqa məhəbbətlərə oxşayır. Gözəlliyin də qeyri-adisi, ürəyin də qeyri-adisi yaxşıdır, Toğrul. Hətta ölümün də qeyri-adisi gözəldir. İstəyirəm ki, öləndə də, başqaları kimi, qolunu-qıçını uzadıb rahatca ölməyəsən, nəsə qeyri-adi bir ölümlə dünyadan köçəsən. Onda insanların yadında daha çox, bəlkə həmişəlik qalırsan

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 dəq
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 dəq
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 dəq
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 dəq

Başqa şairlərin şeirləri