Səhifə 9 / 20 · 40%

Sonralar dərk etdim ki, sənsiz mənim rahatlığım olmayacaq. Sənsiz həyatım boş və mənasızdı. Uzun-uzadı götür-qoy eləyəndən sonra sən işləyən idarəyə – nəşriyyata dəyişilməyi qərara aldım. Səni tez-tez görüm deyə. Sənə doyunca baxım deyə.

Nəşriyyata işə girəndə arzuma çatmışdım. Sənə yaxınlaşmışdım. Yaxınlaşmışdım və… Uzaqlaşdım. Elə uzaqlaşdım ki, bir daha sənə çatacağıma zərrəcə ümidim qalmadı. Toy gecəsi isə səni həmişəlik itirdim, Nərgizim. Sənin həyatım üçün nə demək olduğunu o gecə anladım və büsbütün sarsıldım. Sən əlimdən uçmuşdun, həmişəlik uçmuşdun. Sən yenə bura qayıdacaqdın. Ancaq mənim üçün yox, Nərgizim.

NƏRGİZİN SƏSİ: ⎯ Sentyabrın 3-də işə çıxdım. Yaxşı istirahət etmişdim, bal ayımız əla keçmişdi. Moskvada, Riqada, qayıdan baş isə Yaltada olduq. Ailə həyatımızın ilk günləri məndə unudulmaz və xoş təəssürat buraxmışdı. Bünyad da bu günləri tam bəxtiyarlıq içində yaşamışdı. Mən də. Ata-ana öz körpəsinə qarşı necə qayğıkeş və diqqətli olursa, o da mənə elə münasibət bəsləmişdi. Bir sözümü iki eləməzdi. Ürəyimdən nə keçsə idi, dilimdən nə çıxsa idi, o da olmalı idi. Bu mənə ləzzət verirdi. Mən evdə də belə böyümüşdüm. Ata-anam məni uşaqlarının hamısından çox istəyirdi.

Nə danım, toy gecəsi yadımdan çıxmırdı. Sənin oturuşun, baxışın, dalbadal içməyin yadımdan çıxmırdı. Xəstəxanadan çıxıb axsaya-axsaya, çəliyini yerə döyə-döyə mənim toyuma gül gətirməyini unuda bilmirdim. Doğma Bakımızdan uzaqlarda da elə sanırdım ki, sən əlində bir dəstə qızıl gül, yenə axsaya-axsaya, çəliyini asfalt döşəmələrə vura-vura kölgəm kimi dalımca gəlirsən. Olub ki, neçə dəfə dönüb geri baxmışam, olub ki, burnuma qızıl gül ətri gəlib. Sonra özüm-özümə gülmüşəm. Danlamışam özümü. Sənin haqqında düşünməyəcəyimə söz vermişəm. Azca keçmiş hiss etmişəm ki, Bakıdan sarı darıxıram, şöbəmizi, iş yoldaşlarımızı görmək istəyirəm. Onların arasında əlbəttə, səni də. Dərk etmişəm ki, əslində səndən ötrü darıxmışam. Niyə? Özüm də bilmirdim. Mən başqasının qadını idim artıq. Sənin haqqında belə təlaşla, canfəşanlıqla düşünməyə haqqım yox idi. Qətiyyən yox idi. Amma o qəribə baxışların, dəniz suyu kimi mavi gözlərin həmişə məni təqib edirdi. Hər yerdə. Mən o baxışlardan qaçmaq, uzaqlaşmaq istəyirdim, amma bacarmırdım. Hərəkətlərində azad və sərbəst olan mən indi sehirlənmişdim sanki. Mən o adam idim ki, ailəmiz məni Bünyada vermək istəməyəndə atamla, anamla üz-üzə gəlmişdim, onları inandırmışdım, mübarizə aparmışdım və dediyimi yeritmişdim. Bəli, mən o adam idim. Lakin indi mənə nə olmuşdu? Dəyişmişdimmi? Bünyadı daha sevmirdimmi? Yox, belə demək olmazdı. Özümə təskinlik verirdim ki, bu, sənə qarşı olan adicə maraqdı. Onda elə sanırdım ki, sənin mənə bəslədiyin münasibət də sevgi deyil, adicə maraqdı. Hər ikisi ötüb keçəcək. O zaman mən də nə isə bu maraqla oynamaq, əylənmək, səni yoxlamaq, sənə əzab vermək istəyirdim. Və mən qayğısız bir uşaq kimi sənin hisslərinlə bir növ əylənmək arzusunda idim. Çünki mən özümə arxayın idim, məni heç kəs öz yolumdan döndərə bilməz, kimsə mənim dəmir iradəmi qıra bilməz – zənnində idim. Bünyadı mən incitməmişdim. O, heç bir fövqəladə səy və inad göstərmədən məni özünə ram edə bilmişdi. Yenə deyirəm, çünki onu sevmişdim.

… Mən içəri girəndə hamınız oturub işləyirdiniz. Gəldiyimi görən kimi sevindiniz. Sən də. Ancaq sən qızlar kimi ayağa qalxıb mənimlə görüşmədin. Adicə salamlaşdın. Qızlar məni dövrəyə alıb öpürdülər, kənara çəkilib baxırdılar.

⎯ Maşallah, nə qəşəngləşmisən, ay Nərgiz – Solmaz dedi.

Rəfiqə cavab qaytardı:

⎯ O elə əvvəldən də qəşəng idi, ağəz. Deginən kökəlib, deyim hə.

Səyyarə məftunluqla məni təpədən-dırnağa süzdü:

⎯ Kuklaya oxşayırsan, maşallah. Bünyadın neftçi olmağına baxmayın, zövqü yaxşı imiş, evlənmədi, evlənmədi, axırda su sonası kimi qızımızı çırpışdırdı.

Səyyarə dedi:

⎯ Niyə, Bünyad özü də pis oğlan deyil. Ağıllı, səliqəli, təmizkar…

Rəfiqə dilləndi:

⎯ Hər halda Nərgizin tayı deyil.

Solmaz onun çiynindən vurdu:

⎯ Səni istəsəydi getməzdin?

⎯ Kim? Mən?

⎯ Hə, sən.

⎯ Yox.

⎯ Niyə?

Rəfiqə mənə göz vurub gülə-gülə cavab verdi:

⎯ Çünki mənim kök kişilərdən zəhləm gedir. Kök kişi görəndə elə bil, yumurtlamamış toyuq görürəm.

Solmaz söylədi:

⎯ Arıqladardın də.

Rəfiqə söz altında qalmadı.

⎯ Arıqlatsın onu görək Nərgiz necə arıqladır.

Mən şəhadət barmağımı gülə-gülə qızlara silkələdim və: ⎯ Ey, mənim ərimə sataşmayın ha, - dedim. – Tükünüzü bircə-bircə yolaram. – İlk dəfə idi ki, mən Bünyada ərim deyirdim: nədənsə çimçəşən kimi oldum və utandım.

Musa bu sözü eşidib dedi:

⎯ Görürsən, Nərgiz Bünyadı necə müdafiə eləyir? Amma sən eləməzdin.

Rəfiqə güldü:

⎯ Əlbəttə, eləməzdim.

Xeyli danışıb güldük: ordan-burdan söhbət elədik, idarədə olan yeniliklərdən danışdılar.

Sən bu müddət ərzində danışmadın: başını aşağı salıb nəsə oxuyurdun. Ancaq mənə elə gəlirdi ki, o dəqiqə heç nə oxumurdun, sadəcə, səhifəyə baxıb ayrı-ayrı şey haqqında fikirləşirdin. Nigaran idim: görəsən çəliyi atıbsan, ya yox? Yoldaşların yanında soruşmaq istəmirdim. Sən isə ayağa durmurdun. Bu dəm ürəyimdən keçəni duymuş kimi, qalxdın, siqaret götürüb bayıra çıxdın. Axsamadığını, çəliksiz gəzdiyini görüb bilsən nə qədər sevindim. Rahat oldu ürəyim, Toğrul. Buna baxmayaraq, soruşdum:

⎯ Qıçın necədir, Toğrul?

Ortalıqda dayanıb mənə sarı döndün və asta, sanki könülsüz bir tərzdə:

⎯ Çox sağ ol, Nərgiz, yaxşıdı – söylədin.

⎯ Çəliyi atmısan deyəsən?

⎯ Hə, beş-on gün olar.

Qeyri-iradi olaraq sevincimi gizləyə bilmədim və:

⎯ Şükür – dedim.

Qapıdan çıxanda Musa səni saxladı:

⎯ Yazı-pozu aləmində təzə nə var, nə yox, Toğrul?

Yaralı yerinə toxunmuş kimi kədərlə gülümsündün:

⎯ Heç nə. Elə bir yenilik yoxdur.

Musa sənin yazılarını çox sevirdi, elə indi də çox sevir. ⎯ Gözümə bikef dəyirsən, nə olub sənə?

⎯ Heç nə.

⎯ Yenə?

⎯ Vallah, heç nə.

⎯ Sınıqsan, əzginsən. Elə bil, illərdi ki, yatmırsan. Nəyin fikrini çəkirsən? Subay oğlansan, ye, iç, kefini çək. Evlənəndən sonra əlin-ayağın bağlanacaq.

Barmaqların arasında tutduğun siqareti yumşalda-yumşalda baxışlarını dolandırıb mənə baxaraq hamı eşitsin deyə ucadan söylədin:

⎯ Əl-qolumu bağlamasınlar deyə mən heç vaxt evlənməyəcəyəm. Bilirdim: bu sözləri mənə eşitdirirdin. Onda ürəyim sıxıldı, Toğrul. Çünki sən o sözləri adi tərzdə yox, and içirmiş kimi qətiyyətlə dedin.

Səyyarə ağzını büzüb gözlərini süzə-süzə söylədi:

⎯ Sözdü də deyir, o dedi, siz də inandınız. Arvad ərsiz yaşaya bilər, kişi arvadsız çətin.

⎯ Mən yaşayaram. Sağlıq olar, görərsiniz.

Sağlıq oldu, gördük. Sən evlənmədin. İndi mən sənin qarşında özümü günahkar hesab eləyirəm, Toğrul. Sən yaxşı həyat qura bilərdin, gözəl ailə başçısı, oğul-uşaq sahibi ola bilərdin. Amma olmadın, inadından dönmədin. İstəmədin. Mənəm günahkar və buna görə həmişə, ömrümün axırına qədər əzab çəkəcəyəm. İndi saçların ağarıb. Yaşın iki-üç gündən sonra qırxı adlayacaq. Sən bir də on iki il bundan qabaqkı Toğrul olmayacaqsan, saçların bir də qaralmayacaq, gəncliyin geri qayıtmayacaq. Sən indi təksən. Mənimləsən, amma mənsizsən. Səninləyəm, amma sənsizəm. Sən çıxandan sonra qızlardan soruşdum:

⎯ O niyə belə kədərli görünür, qızlar?

⎯ Qəzaya uğrayandan sonra dəyişdi. Dinib-danışmır. Həmişə fikirlidir. Kölgəyə dönüb. Elə bil, bu dünyada yaşamır, özü burda, fikri, düşüncəsi başqa aləmdədi – deyə Solmaz mənə təfsilatı ilə məlumat verdi. «Qəzaya uğrayandan sonra»… Onlar sənin dəyişməyinin səbəbini belə yozurdular. Əsl məsələdən, sənin ürəyindən onların xəbəri yox idi. Bunu bir sən, bir də mən bilirdim.

O gün səninlə təklikdə danışmağa fürsət olmadı. Heç kəs otaqdan çıxmadı. O biri gün şöbədə ikimiz qalanda sənin kədərini dağıtmaq üçün:

⎯ Mənim qayıdıb gəlməyimə sevinmirsən, Toğrul? – deyə soruşdum.

Başını ağır-ağır qaldırdın, qəmli gözlərini mənə zilləyib həsrətlə baxa-baxa dilləndin:

⎯ Çox sevinirəm, Nərgiz.

⎯ Bəs niyə sevincini gizləyirsən, Toğrul?

⎯ Mənimki belə yazılıbmış, görünür. Mən məhəbbətimi də gizli saxlamalı imişəm, sevincimi də.

⎯ Ona görə çıxart bu fikirləri başından. Özünü də üzmə, məni də öldürmə, Toğrul. Biz yaxşı dost ola bilərik. Sənin bu münasibətin məni qorxudur, sənin kimi yoldaşı itirməkdən qorxuram…

⎯ Mən səndən heç nə istəmirəm, Nərgiz. Mən səni görmək, səninlə bir otaqda oturmaq istəyirəm, çünki bu özü böyük səadətdir. Səni görməyən gün mən yaşamıram, Nərgiz. Bu boyda şəhərdə özümə yer tapa bilmirəm. Yata bilmirəm, yeyə bilmirəm, işləyə bilmirəm.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 dəq
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 dəq
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 dəq
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 dəq

Başqa şairlərin şeirləri