Üçüncü fəsil
Səhifə 2 / 7 · 14%
⎯ Salamməleyküm ⎯ dedi. ⎯ Əşi, məni qorxuzmuşdun lap. Dedim görəsən nə olub kişiyə? ⎯ Sonra əl verdi Paşaya və Paşanı həmişəki qırımında görməyib: ⎯ İki-üç gündü başım yaman qarışıqdı, canın üçün. Burdan bura gəlib sənə də dəyə bilmirəm, ⎯ dedi. ⎯ Elə indicə gəlmişəm, deyirdim ki, bir az çörəkdən-xörəkdən yeyim, gəlim sənə bir baş çəkim. Elə bunu ürəyimdən keçirmişdim ki, sən zəng çaldın. Paltarımı dəyişib qaçmışam. Nə isə səsin, danışığın xoşuma gəlmədi, Paşa. Sənə nə olub?
Paşa onu dinləyə-dinləyə kabinetinə gəldi, Qulubəy də arxasınca. Kişi divanda oturub qabağında ayaq üstə dayanan Qulubəyi sınayıcı baxışlarla nəzərdən keçirə-keçirə, xəstə və yorğun bir səslə:
⎯ Heç nə. ⎯ söylədi. Qulubəy yemək söhbəti salanda Paşa udqundu, az qaldı desin ki, mən üç gündü acam, get arvad nə bişiribsə, yığ qaba, gətir, burda ikimiz yeyək, ancaq özünü zorla saxladı, nəfsini boğdu. Çünki əgər üç gün ac qaldığını söyləsəydi, Qulubəy, şübhəsiz, səbəbini soruşacaqdı. Paşa isə bunu birbaşa özü demək istəmirdi, fikri Qulubəyin bu həngaməni eşidib-eşitməməsini bilmək idi: əgər eşidib gəlməmişdisə, o, bunu Qulubəyə ömründə bağışlaya bilməzdi. Yox, eşitməyibsə, onda başqa məsələ. Ancaq Paşa buna da inanmaq istəmirdi ki, onun işdən çıxarılması şəhərdə yayılmasın və o da bundan xəbər tutmasın. Odur ki, Qulubəyin geniş açılmış gözlərindəki təəccüb ifadəsini görüb izah elədi: ⎯ Nəsə, canından iraq, bir təhərəm. İştahım qətiyyən yoxdu. Ayaq üstə niyə durmusan, otur.
Qulubəy iki saat əvvəl o şıq geyinmiş, qaraqaş, cavan, eynən özünün cavanlığına oxşayan möcüzəli adamın əyləşdiyi kresloda rahatlanıb Paşanın sağ biləyini əlinə alaraq nəbzini yoxlayandan sonra:
⎯ Səsini eşidən kimi bildim ki, nasazlamısan. ⎯ dedi. ⎯ Qorxulu bir şey yoxdu. Soyuqlamısan bir az. Keçib gedər. ⎯ Sonra zarafat elədi: ⎯ Deyirəm gəl səni evləndirim, qol qoymursan. Onu bil ki, adama arvad qocalanda lazımdı. Cavanlıqda arvadsız da keçinmək olur. Hansı xanımın yanına qədəm bassan cavanlıqda, yedirdir də, içirdir də, cavansan çünki. Amma qocalıb əldən düşəndə adamın üzünə ancaq öz halal arvadından başqa bir köpək qızı baxmır. Sözümə qulaq asmadın. İndi budey, qalmısan tək-tənha. Bircə qızın var, o da heylə…
⎯ Ta keçmiş ola, Qulu. Ələyim ələnib, xəlbirim də göydə fırlanır.
⎯ Yox, əşi. Maşallah, sən məndən cavan qalmısan. Məndən on üç yaş böyüksən, amma heç deməzsən… Ürəyin də cavan oğlan ürəyidi, maşallah. Adın-sanın düzü-dünyanı tutub, pulunu da balta kəsməz, maşallah. Hansı cavan qızın qolundan tutsan, göydə razı olar. İndi də dəbdi: cavan qızlar yaşdı kişilərə can-başnan ərə gedirlər.
⎯ Hə, evinə, puluna sahib olmaq üçün. Bilirəm bunları, Qulu, bilirəm. Məni o qədər də avam hesab eləmə. Sən duza gedəndə, mən duzdan qayıdırdım, Qulu. ⎯ Paşanın gözü Qulubəydəydi: çox təmkinliydi, deyirdi, danışırdı, hətta zarafat eləmək həvəsi də var idi. Xasiyyətinə bələd idi: söz saxlayan deyildi o qədər də. Əgər istəsəydin ki, o, sənin bir sirrini ürəyində saxlasın, kimsəyə açıb deməsin, gərək üç-dörd dəfə ən çox sevdiyi anasının goruna and içdirəydin, bəlkə onda Qulubəy sənin o məhrəm sirrini heç kəsə ağzından qaçırtmazdı. Yoxsa ordan eşitdiyini burda sənin ovcuna qoymalı idi və bundan xüsusi bir ləzzət alırdı. Əgər indi içəri girən kimi Qulubəy, nazik qaşlarını çatıb sarsıldığını bildirən bir ifadə ilə Paşanın qəzavü qədərini dilinə gətirmirdisə, deməli, heç nə eşitməmişdi. Ancaq daxili bir hiss Paşanı buna inanmaqdan çəkindirirdi: buna görə də o, sınayıcı baxışlarını onun xırda gözlərindən çəkməyərək:
⎯ İki gündü evdən çıxmamışam. Şəhərdə, dünyada nə var, nə yox? ⎯ deyə xəbər alanda Qulubəy bircə an, cəmisi bircə an duruxub:
⎯ Sağlığın. Şəhərdi də. Hər kəs öz hayında, kəsbkarlığında. Nə olasıydı ki? ⎯ söylədi.
⎯ Öləndən, itəndən, çıxarılandan, tutulandan?
⎯ Heç nə eşitməmişəm. Səhər girirəm klinikaya, bir də axşam çıxıram. Turac gedəndən işim xeyli çoxalıb.
⎯ Çoxmu qalır Turacın gəlməyinə, Qulu? Mənnən danışıb-dindirməsə də, yenə xeyli dayaq imiş, balam.
⎯ Bə nə bilmişdin? Qoy təkmilləşdirməsini qurtarıb gəlsin, gərək sizi – ata-balanı barışdıram. Belə şey olmaz. Biabırçılıqdı. Harda görünüb ki, ata qızı dindirməsin, qız atanı danışdırmasın. O, uşaqdı, cavandı, başa düşmür, bəs sənə nə olub? Yekə kişisən, dünyanın hər üzünü görübsən. Məgər sənə yaraşar ki, bir qarış qız uşağıynan prinsip aparırsan? Özü də kimnən? Öz doğma balannan.
⎯ Elə də deyil, ay Qulu, ⎯ deyə Paşa divanda qurcuxdu. ⎯ Sən onu tanımırsan məgər? Neçə ildi əlinin altında işləyir, görmürsən necə tərs qızı tərsdi? Mən barışmaq istəyirəm ey, başa düş, o istəmir. Nə illah eləyirəm, daşı ətəyindən töküb bircə dəfə üzümə gülmür. Düzdü, mən evdə olmayanda gəlir, xörəyimi-yeməyimi bişirib-düşürür, palımı-paltarımı yuyub gedir. Nə olsun? Bunu mən başqasına da elətdirərəm. Mənə onun ürəyi, məhəbbəti lazımdı, övlad ürəyi, övlad məhəbbəti.
⎯ Özü yıxılan ağlamaz. Özün günahkarsan.
⎯ …
Paşa dillənmədi.
Qəribə, üstüörtülü oyun gedirdi iki dostun arasında. Paşa onu bu sözləri eşitmək üçün çağırmamışdı. Qulubəy keçən həftənin beş axşamını burada, Paşanın yanında keçirmişdi və o görüşlərinin heç birində buna bənzər söz-söhbət olmamışdı. Məgər indi dediklərini Qulubəy onda bilmirdi? Bilirdi, çoxdan bilirdi. Lap əvvəllər, dörd-beş il bundan qabaq bu və buna bənzər sözlər demişdi Paşaya. Ancaq bir nəticəsi olmadığını görüb daha bu məsələlərin üstünə qayıtmamışdı. İndi… birdən-birə… Paşa sərraf fəhmiylə qəlbinin dərinliklərində buna xüsusi məna verirdi, lakin səbəbini, Qulubəyin niyə bu boyda məsələni eşitdiyi halda, üstünü vurmamasını, açıb-ağartmamasını heç cür yozub bir yana çıxarda bilmirdi. Bəlkə utandırmaq istəmirdi? Bəlkə yadına salıb qanını qaraldacağından qorxurdu? Bəs onun Paşanın cavanlığı, ürəyi barədə söylədiyi sözləri necə başa düşməliydi Paşa? Axı Qulubəy bir həkim kimi çoxdan bilirdi ki, Paşanın ürəyi pisdi, qulaqcıqları kirəcləşib, aritmiyası var? Neçə dəfə elə institutda, öz kabinetində yıxıldığından da, üstünə «Təcili yardım» gəldiyindən də xəbərdar idi Qulubəy? Bir sözlə, niyə o, bu gün, öz əziz dostunun, «çörək verəni»nin bu ağır və müsibətli günündə hətərən-pətərən danışır, ancaq bir kəlmə də olsa, o boyda bədbəxtliyi haqqında söz demir? Bəs bayaq Paşa ondan soruşanda ki, «Şəhərdə, dünyada nə var, nə yox?» ⎯ o, niyə bircə anlığa duruxub sonra cavab verdi? Bu, nə demək idi? Bəs Paşanın «Nasazam» ⎯ deməsinə niyə elə yüngül, ötəri bir şey kimi baxdı? Axı Qulubəy qabaqlar Paşanın yanından yel keçəndə, dərhal əl-ayağa düşərdi, qan təzyiqini yoxlardı, finandeskopla ürəyinə, ciyərlərinə qulaq asardı, dava-dərman yazardı, saatlarla yanından çəkilib getməzdi, hətta işdən də zəng eləyib «əhvali-şərifini» soruşardı? İndi isə Qulubəy yalnız nəbzini yoxlamaqla kifayətləndi, vəssalam. Qulubəyi, əslində, çağırmışdı ki, dərdini danışsın, birlikdə papaqlarını qabaqlarına qoyub ona dəyən o ağır daşın hardan, kim tərəfindən atıldığını, yaxud atıla biləcəyini müəyyənləşdirsin. İki baş bir başdan daha yaxşı nəticəyə gələ bilər. Bayaqdan Qulubəy allah bilir kimdən, nədən, hansı xəstəsindən danışırdı, ancaq Paşa bu sualların əlində çırpınıb çapalayırdı, az qala ürəyi partlamaq dərəcəsinə gəlirdi, qabağındakının sözlərini eşitsə də, heç nə başa düşmürdü. Bu axmaq fikir hardan onun beyninə axıb dolmuşdu axı? Bayaq bu barədə heç nə düşünmürdü? Bilir? Bilmir? Sən allah, heç gör bu da sözdü? «Əşi, görünür, yazıq, bilmir də. Bilsəydi, eşitsəydi, niyə, nəyin xatirinə gizləməliydi axı? Neçə ilin dostuyuq, qonşusuyuq, həmkarıyıq? Yox, Paşa, sənin başın xarab olur. Buna sənin heç şübhən olmasın».
Amma insan ürəyi qəribədi: gözü hardasa aldada bilərsən, ağlı da aldatmaq mümkündü. Lakin ürəyi yox. Yazıq Paşanın yazıq ürəyi daş dəyən yerini düzgün duymuşdu, ona görə bayaqdan beləcə çırpınırdı və Paşanı da dağa-daşa salıb sürüyürdü. Ürək neyləsin, dili yox, səsi yoxdu ⎯ ancaq görən və eyni zamanda görünməz gözü var ürəyin. Dili olsaydı, Paşanın içindən bağıra-bağıra, səsini bütün aləmə yaya-yaya qışqırardı ki, bax, budu, bax, sənin qabağında əyləşən, sənə dağdan-arandan danışan bu namərddi düşmənin, evini yıxan, səni o zirvədən bir göz qırpımında çəkib ayaqlar altına atan, Paşa. Bayaqdan gör artist kimi necə oynayır qabağında? Gör necə dillər tökür? Sən də içində çırpına-çırpına ona qulaq asırsan. Hayıf, ürək deyə bilmir. Sən də içini gəmirən o şübhəni qovmağa, özündən uzaqlaşdırmağa çalışırsan. Qov, qov, bəlkə belə yaxşıdı. İndi hər şeyi bilsən, yəqin elə buradaca, divanının üstündəcə bağrın çatlar, ölərsən. İnsana bəzən dostu, sevgilisi, qadını, övladı elə xəyanətlər eləyir ki, onu ömrü boyu, hətta ölənəcən bilmir və arın-arxayın yaşayır: bunda onun günahı yoxdu. Günah ⎯ xəyanətkarın boynundadı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-yandirilmis-adam-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,