Biz gəldik üz-üzə, qərara gəldik
Biz gəldik üz-üzə, qərara gəldikHay-küysüz evləndik bir yaz səhəri.Ən çətin günlərə kədərlə güldükQoşa qarşıladıq gələn günləri.Var-dövlət yerinə, sərvət yerinəQayğılar qalmışdı atamdan mənə.O da evlərindən cehiz yerinəQayğı gətirmişdi əri evinə.Buna da çox şükür dedik biz yenəMən çörək qazandım, o uşaq doğdu.Sevirəm deməyə tapmadım macalNeçə yol yaxamdan yapışdı əcəlO da öz sözünü dilində boğdu.Həkimlər özünü verdi qabağa.Ölümdən qaçmışam mən ömrüm boyuQara saçlarıma qar yağa-yağa.Uşaq qamış kimi uzanır, qalxırZaman da bir ucdan axır su kimi.O indi üzümə kədərlə baxırQəlbimin soyuyan arzusu kimi.Qəmli gülüş oldu sözüm, gileyimƏr-arvad başımız elə qarışdıNə mən bir vaxt tapdım “sevirəm” deyimNə də arvad mənə qəlbini açdı.Bizim elə belə ömrümüz keçdiİndi də yanaşı durub susuruqDaha nə deyəsən? Ayıbdı, gecdi.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-biz-geldik-uz-uze-qerara-geldik
← → düymələri ilə keçid, R — təsadüfi şeir