İnanma
Yalvarma, keçən deyiləm, inanmırsan, inanma,Mən ki and içən deyiləm, inanmırsan, inanma.
Dəyanətdə, etibarda mən dağlardan möhkəməm,Axı mənəm, sən deyiləm, inanmırsan, inanma.
Nə Məcnunam, nə Kərəm, mən də eşqin oğluyam,Dərdindən ölən deyiləm, inanmırsan, inanma.
Mən sənə olardım arxa, olsaydı etibarın,Arxanca gələn deyiləm, inanmırsan, inanma.
Öz eşqimi mən danmıram, alçalmıram mən sənə,Alçalsan gülən deyiləm, inanmırsan, inanma.
Sənin təmiz çağlarını səndən yaxşı saxlaram,Qəlbimdən silən deyiləm, inanmırsan, inanma.
Qoca Fikrət səni görüb dönə bilməz gəncliyə,İndi mən də mən deyiləm, inanmırsan, inanma...
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-inanma
← → düymələri ilə keçid, R — təsadüfi şeir