Bu adda iki şerim var,
Bu bambaşqa, bambaşqadı.
Bu şerə başqadan başqa,
Başqa bir ad yaraşmadı.

Gördüm, Qırat uçub gəlib,
Qaçaq Nəbinin vaxtına.
Gördüm, Bozat uçub gəlib,
Qoç Koroğlunun vaxtına.

Qırat da baxıb, mat qalıb,
Boz at da baxıb, mat qalıb.
Qırat tüfəng görməmişdi,
Bozat şeşpər,
Belə-belə işlər!

Baxa-baxa qaldı atlar,
Tanımadılar yiyələrini.
Hər şey başqa, hər şey yeni.
Bir kimsənin əlindən
Su alıb içmədilər.
Kişmiş alıb yemədilər.
Gözlərinin ucu ilə də
Baxmadılar arpa-samana.
Sonradan sonraya
Bildilər ki, düşüblər
Tamam başqa zamana.

Hər gülün öz məqamı,
Hər səsin öz muğamı,
Hər igidin öz atı,
Hər atın öz igidi var.

(Bu da bir divar, bu da bir divar.
Eləyər iki divar.
Nə qədər şişirtsələr
İki dönüb dörd olmaz.
Bu şişirtmə olmasa
Dünyada heç dərd olmaz).

Gəlib çıxdıq bu günə,
Bugünün – gözünə dönüm,
budu ha!
Gələn tankdı – «dəmir atdı»,
Nə Bozatdı, nə Qıratdı.
Üstümüzə göydən yağan
Nə yağışdı, nə doludu,
Ölüm dolu, yanğın dolu – «qrad»dı.
Erməniyə qəhmər çıxan
Fars – əmioğludu, rus – «brat»dı.
Bu gör-götür dünyada
Görüb də götürdüyün,
Qəlbinə həkk etdiyin
Qalın yaddaşın hanı?
Dostu-düşməni tanı!
Başın daşdan-daşa dəydi,
Bəsdir, ayıl! Arif ol!
Tükü tükdən seç, ayır,
Türkü türkdən ayırma!
Bütöv ol! Qayım ol!
Özünə qayıt!
İki yüz il sürünən
Süstlüyün daşını at!
Bir az Qoç Koroğlu,
Bir az da Qaçaq Nəbi olanda,
Bir az da dön, Həzi ol!
Həzi olmaq da azdır,
Cəsarətin özü ol!
Civə kimi zərrə-zərrə
Səpələnib, dağılmışıq.
Bir yerə yığışmaq gərək!
Çay olub, lal axmışıq,
Sel olub, daşmaq gərək!
Cıdır düzünə bir daha
qayıtmaq üçün.

Xəznə dərəsinin
ab-havasını
ciyər dolusu udmaq üçün.
Doğma yerləri yenidən
Göz bəbəklərimizə yığıb,
lal olmaq üçün.
Elə-belə qalmaq üçün.
daha müdrik, daha ayıq,
daha da sərt olmalıyıq.
Mərd olmuşuq, yenə mərdik,
Daha da mərd olmalıyıq!
Keçməliyik bir də oddan
Amma, amma kömək umma,
Nə Bozatdan, nə Qıratdan,
Özün silaha sarıl, özün atlan!


Avropa – laqeyd, soyuq!
Asiyanın vaxtı yox!
Hər qitə öz hayında
Yalnız özünə inan,
özün alış, özün yan!
Daha azad olmaq üçün,
Daha güclü olmaq üçün,
Gələcəyə qalmaq üçün
Yıxıb köhnə adətləri,
Yandırıb çox millətləri,
Sökülüb, sümük-sümük
Təzədən yığılmalıyıq.
Bambaşqa olmalıyıq!
Tam başqa olmalıyıq!
Tamam başqa olmalıyıq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri