Mağara – balıq – insan
I
Türkan.
Çimərlik.
İrigözlü bir uşaq.
Üç şəkil çəkib,
Qumda yana-yana –
Mağara, balıq, insan.
Qəribə gəlir
yaxından baxana.
Mağara eynən
balığa oxşayır.
Balıq da insana.
«Əmilər, xalalar!
Yığışın başıma,
Baxmayın mənim
uşaq yaşıma.
Yığışın başıma,
Sizə nağıl danışım.
Əvvəllər, lap əvvəllər,
Bu dünyada
Dağda, qayada
Xeyli mağara olub.
İllərlə, yüzillərlə
Bu daş evlər, kahalar
boş qalıb.
Günlərin bir günü
Ayaq açıb yeriyiblər.
«Yerdə durduğumuz bəsdir», deyiblər.
İki bir, üç bir, beş bir, tək-tək,
Dayana-dayana, yüyürərək,
Böyrü üstə, dizin-dizin,
Yıxıla-yıxıla axışıblar
Çaylara, dənizlərə.
Balığa dönüblər.
Bacalarına su dolub,
Bir cüt göz olub.
Mağaranın ağzı
Balığa ağız olub.
Daş evlərin,
Kələ-kötür divarları
Pul-pul dəri olub.
Daşdandönmə balıqların
Yuxusu çox dərin olub.
Yola salıblar,
yüz illəri, min illəri
lal-dinməz yaşayıblar.
Elə hey çaylara
kürü daşıyıblar.
Sonra balıqlar
cana doyub, durublar üzə,
üzə-üzə
gəldikləri sahillərə sürünüblər,
Gah orda, gah burda görünüblər.
Dərilərinin pulunu çırpıb,
Ürəklərində təpər tapıb
Dönüb olublar insan.
Nəfəs almaq da olub asan.
Hava da ki, havayı.
Dil açıb danışıblar,
Biliblər ətin dadını,
Ayırıblar otdan buğdanı.
Daş mağaralar dada çatıb,
Daşlar yada düşüb,
Ev tikiblər,
Şəhər salıblar.
Yol çəkiblər,
təkər kəşf eləyiblər,
gəzib dolanıblar dünyanı.
İndi də Göyə
göz dikiblər.
İndi də
quş olmaq istəyirlər,
ulduza dönmək istəyirlər bu dəfə».
Uşaq susur…
Nağıl burda sona çatır.
Dəniz qulaq asıb
Birdən
qəzəbli bir pəncə atıb,
qarışdırır şəkilləri.
Uşaq yenə, şəkil çəkir,
qazıq-qazıq edir yeri.
Biri-birinə sıxılır
minillik qum zərrələri.
«Bu – mağara!»
«Bu – balıq!»
«Bu – insan!»
Bu mağaranın ağzı!
Bu balığın ağzı!
Bu da insanın ağzı!
«Əmilər, xalalar!
Yığışın başıma,
Baxmayın mənim
uşaq yaşıma.
Yığışın başıma,
Sizə nağıl danışım».
Bakı, 1982
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-magara-baliq-insan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mat qalmışam,mən bu işə.
EynənSevinc aşdı-daşdı eynən sel kimi,Eynən qanad açdı quş kimi fərəh.
Adımı çəkmə(Şeirimizin beşillik mənzərəsini çəkib, mənim adımı çəkməyənə)*Qumbaraya bərkitmişəm – mən adımı,
70 yaş və pillələr«İllər və pillələr» şeirinin müəllifixalq şairi Rəsul Rzanın xatirəsinə
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
DanışaqAşıq, bağrına bas sədəfli sazı,Min cavablı bir sualdan danışaq;
Dəf ilə söhbətMən bir gecə olduqca gözəl bəzm düzəltdim,Şadlıq evini orda qurub bərqərar etdim.