I

Qar yağır çiçək-çiçək,
Qar yağır qu tükü tək.
Qar sapa da bənzəyir,
Ağ saplar torpaqdakı
Kələ-kötür yerləri
Zərif-zərif közəyir.

II

Elə kövrəkdir ki, qar,
Tutsan əriyər, solar.
Bu nədəndir, görəsən?
Bir ovuc alıb əgər
Sıxsan buza çevrilər.
Bu nədəndir görəsən?

III

Birinci qar əriyər…
İkinci qar əriyər…
Torpağı soyudunca
Əriyər onuncu da.
Qurban gedər buludlar,
Ölər birinci dəstə.
İnad-inad yağan qar,
Sonradan rahat-rahat
Enər torpağın üstə.

IV

Küçə qarla döşəndi,
Necə gəzəsən indi,
Qarın şaxı sınmaya?
Ayaq altında çiçək,
Yerisən əziləcək.
Təbiətin haqqı yox
İnsanları qınaya.

Axı, torpağın altda
Əzizlərimiz yatır,
İnciməz qar da bizdən.
Qar yağır yerə dən-dən,
Qar yağır yerə bir-bir,
Qar da insan üçündür.

V

Cilaladı külək qarı,
Sürüşdü bir zərif qarı,
Daş kimiydi qarın üstü.
Həmin yerdə bir uşaq da,
Dəydi yerə, quş tək qalxdı,
Qu tüküydü qarın üstü.

VI

Günəş yarıb buludu
Bir anlığa göründü.
Qar ağ nura boyandı,
Qar günəşə büründü…
Oğrun təbəssümmüdür
Bunların bu görüşü.
Nə yaxşı ki, dünyada
Qar günəşlə görüşür.

VII

Qara baxıb
Qara demək
Ağ yalandır.
Daha ağı
Qara görmək
Qaralandı.

VIII

Şeir labirint deyil,
Hər döngədə çaşasan.
Məgər hökmdür, qara
Mübaligə qoşasan?

Qar şeiri aydın gərək,
Qar şeiri təmiz gərək,
Şeiri şişirtmək üçün
Qarı niyə şişirdək?

IX

Dalanı süpürdülər,
Səkidəki qarı da
Qazıyıb kürüdülər,
«Sürüşkəndir» – dedilər.
Qorxuram ki, şeirimin
Bəzi misraları da
Silinə nahaq yerə
Həmin bəhanə ilə.

Moskva, dekabr, 1965

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri