Şair Vaqif Hüseynovun xatirəsinə

Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.

Sonra uzun illər görüşmədik. Amma səsi-sorağı gəlirdi. Bilirdim ordadır, yazıb-yaradır. Əyilmir, sınmır. Mərd-mərdanə zamanla üz-üzə durur.

İkinci görüşümü bir az dumanlı xatırlayıram. Krım dağlarının üstünü duman aldığı kimi, mənim də başım onda çox dumanlı idi. Deyəsən, 80-ci illərin əvvəlləri idi. Biz Yaltaya yaradıcılıq evinə getmişdik. Mən və Əhəd Muxtar. Əhəd dedi ki, burda yaxınlıqda bir sanatoriya var. Şəkər Aslan ordadır. Yerin adını ya Misxor dedi, ya Simeiz dedi, unutmuşam. Gedək onu tapaq. Getdik tapdıq. Şəkər Aslana dünyanı bağışladılar elə bil. dedi, Vaqif də burdadır. Burda bir «Qaragöl» restoranı var, sabah orda görüşərik. «Qaragöl» (restoran yox, əsl göl) dünyanın möcüzəsidir. Hardasa buralarda Krım Gərayxanlarının paytaxt şəhəri Baxça-saray var. O şəhərin altından, başımızın üstündən Uçansu (şəlalə) özünü Qaragölə atan yerdə görüşdük. Şəlalə – Uçansu uça-uça yerə enirdi. Biz də fərəhdən göyə uçurduq. O gün bizim ömrümüzə yazıldı. Şəkər Aslan Vaqif Hüseynovla zaraftlaşa-zarafatlaşa o günü vurduq başa.

Çox-çox sonralar ya mən hərdənbir Lənkərana gedərdim, ya o Bakıya gələrdi. Bakıya gələ bilməyəndə səsi, sözü, şeiri gəlirdi. Vaqif anadangəlmə şair idi. Hazırcavab və cəsarətli adam idi. İstədiyi sözü istədiyi adama deyərdi. Lap istəmədiyi adama da deyərdi, çox papiros çəkərdi, içərdi. Dərdi çaşdırmaq, əzabı azdırmaq istəyirdi. Bəzən pis adamları görməmək üçün bir güşəyə çəkilib, ürək sözlərini radio ilə səsləndirərdi. Vaqif əgər heç nə yazmasaydı, təkcə «Orda nəhəng vardır» şerini yazsaydı, elə bəs idi. Şeirimizdə qalacaq idi.

…Mən taqətsiz, düşmən güclü,
Əlində həm tüfəng vardır.
Su qarşımda, özüm təşnə,
Fəqət orda nəhəng vardır.

O, nəhəng kimdir? Bu suala özü cavab verir:

Vətənimi çalıb-çapır.
Bir göygözlü sarı iblis.
…Azad gəzə bilərəmmi
Əsir olan torpağımda?

Bu şeir böyük Füzulinin:

Dust bipərva, fələk birəhim, dövran bisükun.
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

– misraları ilə səsləşir.

Epiqrafı «Kəlilə və Dimnə»dən gələn, vəzni, üslubu, şəkli klassik şeirimizdən su içib, müasirləşən, fikri, məzmunu yerlə-göylə əlləşən, ucqar Lənkərandan uzaq Moskvaya meydan oxuyan, zalıma zalım deyən –azadlıq təşnəsi olan bir şairin fəryadı, üsyanıdır bu şeir.

Başqa bir şeirində – «Ala-bəzək misralar» içində bir misra var. Zor misradır: «Allah necə tək yaşayır qana bilmirəm». Bu sualı tənhalığın sərt üzünü görən şair verə bilər ancaq. Dostlarının, zəmanənin və taleyin unutduğu bu adam Vaqif Hüseynov idi. O qədər tək qalıb darıxdı ki, oturub «Dirilmək qorxusu»nu yazdı. Bir də bu dünyaya gəlmək istəmədi. Doymuşdu bu dünyadan. Vaqifin müasiri Arif Abdullazadə də bu cür – əlacsız qalanda demişdi: «Tövbə, bu dünyaya gəlməyə tövbə!»

Bu şeirə fikir verin:

Ney niyə fəryad eləyir – bilmirəm,
Göy niyə gürşad eləyir – bilmirəm.
Ah, niyə gah mürgü vurur zəlzələ,
Gah niyə bərbad eləyir – bilmirəm.
…Söz niyə gah bağrımızı qan edir,
Bəs niyə gah şad eləyir – bilmirəm.
Dəm niyə yaddan çıxarıb bizləri,
Qəm niyə bəs yad eləyir – bilmirəm,
Sel gücüdür – söylədilər – el gücü,
El niyə bəs dad eləyir – bilmirəm.
Xar ikiqat əydi yazıq Vaqifi,
Yar niyə dördqat eləyir – bilmirəm.

Bütün şairlər eyhamla danışmağı sevirlər. Burda «bilmirəm» bilirəm – deməkdir.

Onun bildiyini biz də bilirik.

İndi Vaqifin Vaqif adlı nəvəsi var (Vaqif Sani). Zəncir qırılmadı. Övladlarında onun düzlüyü, cəsarəti yaşayacaq. Vaqif baba ilə fəxr etmək olar. Təkcə onun nəvələrimi fəxr etməlidir? Yox! Külli-Lənkəran mahalı və bütün Azərbaycan fəxr etməlidir ki, onun Vaqif kimi bir şair oğlu var. Nakam şairlərdəndir Vaqif. Şəhidlərimizdəndir Vaqif. Çox sözünü deyə bilib şair, çox sözünü də deyə bilməyib şair. Deyə bilmədikləri daş olub asıldı ürəyindən. Bu gün şairin ruhu da burdadır, o da görür ki, bilir ki, kim millət üçün yanıbsa, millət də onun üçün yanır. Əcəl qıymasaydı, indi 70 yaşı olacaqdı. Vaqifin adı ölməz şairlərin sırasındadır. Vaqif bu gün də dostlarının arasındadır.

«Ədəbiyyat» qəzeti, 12 may, 2006

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri