Hələ də şairlər doğulur
Qazax mahalında hələ də şairlər var – gördüm.
Bu qızın şeirində torpaq qarışıq qızıl misralar gördüm. Ara-bir xalis külçələrə də rast gəldim.
Şahinə Könül sonradan şair olmayıb. Özü deyir ki, şeiri anası bələyinə bələyib. Oxuduqca görürsən ki, doğru deyib. Mən dağlar haqqında minlərcə şeir oxumuşam. Aşıq Ələsgərdən tutmuş ta bu günün şairlərinədək. Heç kəs «Görən məni anam doğub, ya dağlar?» deməyib. Nə desən deyilib dağlara – ən gözəl təşbehlər, təriflər, gözəlləmələr. Amma bir kəsin də ağlına gəlməyib ki, dağlara Ana desin. Bu qız isə deyib. Şairlər torpağa, vətənə Ana torpaq deyiblər. Hətta Tanrıdağı da var. Amma dağa ayrıca Anadağ deməyiblər. Bunu bir zərif, kövrək qız uşağı deyib. Çünki anasına olan məhəbbətdən, çəkdiyi həsrətdən doğulub bu söz!
Bu söz ona göydən gəlib. Tanrı insanları dünyaya göndərəndə ələyib göndərir.
Kimini təmiz kəhraba un kimi,
Kimini kəpəkli un kimi,
Kimini də yalxı kəpək kimi.
Tanrı sonralar da bu adamlara bölündüyü kimi tale verir. Kim nə miqdardadırsa, o miqdar xoşbəxtlik göndərir ona. Bu gənc qızda birdən-birə əsl və böyük şairlərdə görünən bütün əlamətlər üzə çıxıb. Ana məhəbbəti, Ana Vətən məhəbbəti, insana sevgi, göylərə şükranlıq və dərdlər!
O dərdlər ki, qədim şeirimizdən nəsil-nəsil gəlib bu günə çıxıb – onda da var. O dərdlər ki, bu gün var, onlar da onda var. O dərdlər ki, sabah ola bilər, onları da gördüm onda. Şairlik də elə budur!
«Könül dağa Ana deyib
qaçarmış,
Görən məni Anam doğub,
ya dağlar?!»
Şahinənin bir adı Könüldür. Adam başdan-başa könül ola gərək ki, bu şeiri yaza. İstəyirəm bir neçə misal gətirim sözümün təsdiqi üçün.
«…Sözlərimdən asılmışam bu axşam,
Vurulacaq qara başım söz üstə»
Və ya:
«…Çevrilib özüm də
Vətən olmuşam»
Və ya:
«İçimdə həsrət var
Savalan boyda»
Yaxud:
«Yenə də göründü
bənövşə dərdim»
Yaxud:
«Sən demə, bir ömür
yuxu yatmışam,
Layladan başlayıb,
Qurana kimi».
Və bu cür misralar çoxdur, çox çoxdur, daha da çox olacaq. Qəribədir, bu gənc şairdə bir Dədə Qorqud nisgili var. Bir çox misralarında yada düşür babamız. Kökünə hörmət var onun dilində. Onun sözü Dədə Qorqudla güclüdür. O ərlərin-ərənlərin davamıdır onun şeiri, Şahinə Könülün – şeiri milliyyətcə türkdür. Birər-birər türk döyüşçüsüdür hər misrası.
Yoxsa, «Dilin var, dinmə» qanunu, «Gözün var, görmə» qanunu qanunlaşan məmləkətdə «niyə doğdun Anam məni?» soruşmazdı şair. Bütün şairlər (əlbəttə, əsl şairlər) haqsızlığa dözmür. Şahinə Könül də onların sırasında. Bu mənə çox böyük təsəllidir ki, hələ şeir var. Hələ də şairlər doğulur. İndən belə də doğulacaq. Mənim də ruhum şad olacaq!
Bu əl boyda yazı Şahinə Könülün «Çağırsam görən kim eşidər məni» kitabını görəndən sonra yazılıb. Mən səni eşitdim, qızım! Gördüm səni. Tanıdım səni. Bildim hardan gəlib, hara gedirsən, get, uğur olsun! Bu – bir baba xeyir-duasıdı, qəbul et!
«525-ci qəzet», 4 noyabr, 2009-cu il
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-hele-de-sairler-dogulur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Oğrun-oğrun daldalardanBaxmağı kimdən öyrəndin?
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Qız və nənə“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə*Qız nənəsinə deyir: