Yeddi vur on iki
I
Sən sallanıb enmisən,
Günəşin bir telindən.
Günəşin zəri qalıb,
Ayağında, əlində.
Niyə gecikdin, bala? –
Gözüm yolda qalmışdı.
Gəldin, nur topu kimi –
Gördüm gözüm qamaşdı.
Sənsiz bu dünyada mən,
Səndən nigaran idim.
Gəldin ağlaya-gülə:
«Baba, gəlmişəm!» dedin.
II
Tınqır-mınqır yellənir,
Çəhrayı nənnin sənin.
Nənninin baş ucunda
Söylənir ninnin sənin.
Sənə ana dilində
Ninnini nənə söylər,
Dayanıb sənə baxar,
Qayıdıb, yenə söylər.
Ninni göylərə çatar,
Ay yatar, ulduz yatar.
Ay-ulduzun altında
Körpəcə bir qız yatar.
III
Allah, eşitdin duamı,
Dağıtdın qatı dumanı.
Bir nəvə göndərdin mənə,
Həqiqət oldu gümanım.
Üzü Ayın bir parçası,
Barmaqları saman çöpu.
Bir yerdə öpsəm, az olar,
Bir-bir aç-yum, bir-bir öpüm.
Allah, biz aciz bəndəyik,
Sən verdin, sən – qoru onu!
Sərt küləkdən, mor günəşdən,
Bəd nəzərdən qoru onu!
IV
Gec də olsa mənim duam,
Haqqın dərgahına çatıb.
Bir qızılgül qönçə açıb,
Bir pöhrə qol-budaq atıb.
Quru budağı göyərdib,
Bir səhraya bulaq verib.
İllərcə intizar qalan
Bir anaya uşaq verib.
Günəş – işıq əlləriylə,
Bələyibdir bu uşağı.
Dümağ buludlar bələyi,
Bələkbağı – göy qurşağı!
V
Bir ümiddən gör nə kövrək
Təsəlli doğulub bu gün.
Nənə – Sevil fərəhindən,
Nəvə – Sevil olub bu gün.
Ata məsud, ana məsud,
Çiçək açıbdı divarlar.
Bir körpə gəlib bu evə,
Bundan böyük sevincmi var?!
Gəldi gül qədəmləriylə
Gülüstan eylədi evi,
Ay bu evin şahzadəsi,
Atalı-analı böyü!
VI
Elə, indidən bil, qızım,
Şirin olur ana südü.
Qıza nə lazımdı, daha,
Bir də ki, ata öyüdü.
Qız ki, ana südü əmdi –
Gündə bir arpa böyüdü,
Hər dərddən-bəladan onu
Qorudu ata öyüdü.
Ata-ana mehri ilə,
Bu dünya onun evidi.
Bu Yer də onun yeridi,
Bu Göy də onun göyüdü.
VII
Bu gün fələk öz çarxını,
İşıqlı yola döndərib.
Yerə bəla göndərməyib,
Bu dəfə bala göndərib.
O vaxtdan yeddi il keçir,
Məndə Əyyub səbri varmış.
Şükürlər olsun ki, axır,
Səsim Allaha çatarmış.
Allah öz adına layiq,
Ağırlayıb yer oğlunu.
Göydən Yerə nazil edib,
Baba-nəvə nağılını.
10.07.2005
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-yeddi-vur-on-iki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şirvannəşr – 2006*Ələkbər Salahzadə. «Xocalı xəcilləri».*
Orda nəhəng vardırŞair Vaqif Hüseynovun xatirəsinə*Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.
Hələ də şairlər doğulurQazax mahalında hələ də şairlər var – gördüm.Bu qızın şeirində torpaq qarışıq qızıl misralar gördüm. Ara-bir xalis külçələrə də rast gəldim.
Sərsəng – başımın daşı…Ürəkdə bir neçə sözüm paslanıb,Xatirəm ağlayıb, gözüm islanıb.
Başqa şairlərin şeirləri
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Yadıma düşdüXatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.
GözəlinBoyu sürahidi, gərdəni mina,Nəsrin tək lətifdir buxağı gözəlin,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.