Ey mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım, gecələr, əğyar tənindən saqın,Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Padişahım, zülm edib aşiq sana zalim demiş,Xubrulardan yaman gəlməz, bu böhtandır sana.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, xubrulardan təğafüldür yaman,Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq