Səhifə 2 / 4 · 25%

– Ey özündən xəbərsiz! Nə xeyirdən xəbərin var, nə də şərdən! O kəsin ki, eşq və əqli olmaya mənim onunla nə dostluğum? Ya eşq gərəkdir ki, mənim qədrimi bilsin, ya da əql lazımdır ki, məni saxlamağı bacarsın.

Hüsn Fərəhə çarə etmədiyinə görə Fərəh də xəcalətdən Ruhun xidmətinə qayıtmadı.

Sonra Məhəbbət Eşqin yanına çatdı, sifarişi yetirib kömək istədi. Eşq etinasızlıqla dilə gəlib o sifarişə belə cavab verdi:

– Ruh dünyaya aldanmışdır. Eşqdən bixəbər və Hüsnə qarşı etinasızdır. Mən elə bir yerə gəlmərəm. Hüsn harada isə mən də oradayam.

Məhəbbət də bir iş bacarmadı, xəcalətindən Ruhun yanına getmədi.

Daha sonra Ümid özünü Əqlin söhbətilə şərəfləndirdi və sözə belə başladı:

– Ruhun qarşısına çətin bir hadisə çıxıbdır. Köməksizlikdən təşvişdədir, səndən kömək istəyir. Ona kömək etmək yerində olar, inanıram ki, Ümid naümidliyə çevrilməz, onun cəmiyyəti dağılmaz.

Ümid çox yalvardı, onun bu yalvarması Əqlə təsir etdi. Gözəl əxlaqına görə hamı ona tabe idi, hamını o saat hazır etdi və Ürək şəhərinə gecə basqını düzəltdi, o şəhərdə (mühasirədə) qalanları Qəm torundan xilas etdi.

Elə ki, Əql ləşkəri Qəm qoşununu məğlub edib, Qəm və Qorxunu tutub əsir etdi, Ədavət bir bucaqdan qaçdı və başqa bir fitnə qaldırdı.

Mərəz (xəstəlik) ləqəbli bir amansız var idi. Səbəbsiz yerə hər kəsə ədavət bəslərdi. Ədavət onunla dostlaşdı, ürəyinin dərdini ona söylədi.

Mərəz ona dedi:

– Heç qorxma, özünü mənə təslim et! Bu yaxın zamanda bir hiylə qaldırıb, Ruhun qanını və səhhətin abrusını tökərəm.

Bunu da ağızdan-ağıza eşitmişdi ki, Ruh Əxlatı məzəmmət etmişdi. (Bədən mülkünü) vasitəsiz ələ keçirmək mümkün olmadığından, bu hadisəni (fürsət və) qənimət bildi və Ədavətdən soruşdu:

– Bədən ölkəsinə kim gedib-gəlir? Buranın əhalisi nəyə rəğbət edir?

Ədavət dedi:

– Qida cinsi onların hamısı ilə tanışdır. Bədən ölkəsinin abadlığı onun gediş-gəlişindən asılıdır. Bu ölkə əhalisi onu ələ keçirməklə məşğuldur.

Mərəz bu əhvalatı öyrəndikdə, dərhal Qidanın xidmətinə getdi, gördü ki, o, hərdən bir rəng dona girir. Əvvəlcə soyuq və quru Qidaya yanaşdı və özünü min hiylə ilə ona bağlayıb dedi:

– Ey həqiqətdə torpaq cövhəri olub, torpaq cövhəri kimi hər bir bulaşıqdan təmiz və uzaq olan! Məni Ruhun müvəkkillərdən gizli olaraq, Bədən ölkəsindəki Sevdaya çatdır ki, Sevda ilə bir alverim və vacib işim var.

Qida Mərəzin istədiyini yerinə yetirdi və onu Bədən (ölkəsinə) Sevdaya çatdırdı. Sevdanın rövnəqi Mərəzin sayəsində artıb, sair Əxlat zəifləşincə fitnə qapılarını açdı, Bədəndə pozğunluğa başladı. Baş ağrısını sərkərdə təyin etdi və Bədən ölkəsinə çaxnaşma saldı.

Səhhət bu hadisədən xəbər tutub, Ruhun hüzuruna tələsərək (ona dedi) ki, Sevda azğınlaşmağa başlayıb və padşahlıq mülkünün qəsdindədir.

Ruh bu əhvalatı Əqlə bildirdi. Əql Səhhətin tədbiri ilə işə başladı və anladı ki, Sevdanı hərəkətə gətirən Qidadır. (Buna görədə) öz yaxınlarından Pəhriz adlı birini həvass (hisslər) darvazalarını qorumağa təyin etdi. Belə qərar qoydu ki, Zaiqə (dadbilmə duyğusu) zeytun və buna bənzər şeylərin dadından və Samiə (eşitmə duyğusu) qanun səsi dinləməkdən həzz almasınlar. Basirə (görmə duyğusu) ənbər görməsin. Şammə (iy bilmə duyğusu) kafur qoxulamasın. Bu qayda üzrə Sevdanı zəifləşdirdi və Qanı tərbiyə etməyə başladı.

Mərəz gördü ki, Sevda zəifləşdi və Qanın şövkəti artdı, (bu zaman) Sevdadan üz çevirdi, Qanın xidmətinə yüyürdü. Ona da əfsanələr oxuyub pozğunluq dərəcəsinə çatdırdı. Qanın başına fəsad havası düşüncə, o, Qızdırmanı sərkərdə təyin edib hər tərəfə göndərdi.

Səhhət ikinci dəfə Əqlə pənah apardı və özünü onun tədbirinə təslim etdi. Əql hikməti rəhbər tutaraq başqa bir tədbir ilə o xəstəliyə çarə etdi və Pəhrizə dedi ki, Zaiqəni şərab kimi içkilərdən, Basirəni tər çiçəyə baxmaqdan saxlasın. Şamməni yeni göyərmiş otun qoxusundan və Samiəni sevinc gətirən ərğənun (orqan) nəğməsindən çəkindirsin.

(Beləliklə) Qanın üzünə qüdrət qapıları bağlanınca, Ruha qarşı durmaq qüvvəsi qalmadı.

Mərəz Bəlğəmə mürid oldu, Qandan əl çəkib onunla (Bəlğəmlə) həmdəm oldu. Onu qatılaşdırıb fəsada, pozğunluğa vadar etdi və bu vasitə ilə İstisqanı (susamağı) sərkərdə təyin edərək, pozğunluq yolu tutdu.

Bu əhvalat baş verdikdə Səhhət özünü Əql silsiləsinə bağladı. Əql üçüncü dəfə köməyə gəldi. Pəhrizə buyurdu ki, Bəlğəmin artma vəsaitini kəssin, xörəksizliklə (ac saxlamaqla) qüvvətdən salsın. Zairə xam (qaynanmamış) içkilərdən, Samiə üçtelli tənburdan həzz almasın. Basirə saf inciyə baxmaqdan, Şammə nilufər iyləməkdən özünü saxlasın.

Mərəz Bəlğəmi zavala uğradığını görüncə, Səfra ilə aşnalığa can atdı. Hər zaman bir nüktə söyləyib, ta onun təbiətini elə bir hala saldı ki, o, Yərəqan (Sarılıq) xəstəliyini Mərəz qoşununa sərkərdə seçib Bədən ölkəsini almağa təyin etdi.

Səhhət Əqldən kömək istədi. Dördüncü dəfə Əql Səhhətin köməyinə qalxıb Pəhrizə fərman verdi ki, Səfranın fayda büsatını yığışdırsın və ona müxalifət yolunu tutsun. Zaiqə şəkər kimi şeylərə, Samiə sızlayan kamançaya rəğbət etməsin. Basirəni xalis qızıla baxmağa və Şamməni tər çiçək-gül qoxulamağa qoymasın.

Səfranın gücü tükəndikcə Səhhət Mərəzə qalib gəldi. Mərəz qaçıb başqa yerdən fitnə qaldırmaq istərkən birdən-birə Mərəzin oğlu Zəf (zəiflik) qabağına çıxdı. O, qorxu bilməz bir yeniyetmə, zəif olsa da, çevik ruhlu və diribaş idi. Zəf dedi:

– Ey Mərəz, xeyli zamandır ki, yol gəlirəm, məqsədim xidmətinə yetməkdir. İndi ki, gəlmişəm (sənə məsləhətim budur ki), öz cəmiyyətini dağıtma, məni bu gəlməkdən peşman etmə.

Mərəz Zəfdən tam qüvvət aldı və qaçmaqdan daşındı. (Ruhdan) incimiş Əxlat da onunla ittifaq etdilər. Fitnə vəsaiti tamamlandı. Xülaseyi-kəlam, ümumi hücum başlandı.

Səhhətə çarə tapan və Ruhun hər bir dərdinə dərman edən Əql bu dəfə heç bir çarə tapmadı, özünü itirdi, yardımçıları olan duyğuları da pərişan gördü, çarəsizlikdən Qorxu və Qəmi götürüb bir küncdə oturdular və əzdadın (zidlərin) üzünə qapıları bağladılar.

Səhhət belə bir qövqanın içində köməksiz olaraq Ruhun xidmətində yalnız qaldı. Lakin Qorxu və Qəmin özlərinə yoldaş olmadığını və özünün hücuma qalxmalı olduğunu anladı. (Buna görə) Ruhdan hümmət istədi və özünü müharibə üçün silahlandırıb dedi:

– Ey Ruh! Əgər qalibiyyət bizimlə olsa, sənin səltənətin öz yerində baqi qalar, əgər düşmən əl taparsa, sənin çarən Vətəni tərk etməkdir.

Sonra qoşunun qarşısında durdu, o meydanda qəzavü qədərə təslim oldu. Mərəz şiddətlə, Səhhət də himmətlə müharibə məqsədilə bir-birinə qəsd etdilər.

Səhhətin anası olan Mizac Əxlat ilə irəlidən dost olduğundan Səhhətin düşkünlüyünə dözməyib şəfaətçi olaraq Əxlatın yanına gedib dedi:

– Mənim sizinlə qədimdən münasibətim var. İndi Mərəz də özünü sizə bağlamışdır. Mənim övladımın təhqir edilməsi insafdan uzaqdır, bu hal heç yerdə bəyənilməz.

Əxlat (bunu eşidincə) Mizacdan xəcalət çəkdilər, Mərəzdən dönüb Səhhətlə yoldaş oldular. Mərəz əhvalatdan xəbərdar olunca qaçmağı qərara aldı. Damarlar yolu ilə Tər ilə bərabər (Bədəndən) çıxıb getdi. Amma Zəf Bədən ölkəsini hələ görməmişdi və bura yenicə yetişmişdi. Buna görə özünü Mərəzə çatdıra bilmədi. Bu ölkədə sərgərdan qaldı.

Mərəzin qaçması xəbəri Ruhun qulağına çatdıqda, Əxlatın səfa keyfiyyətini və Səhhətə köməkliyini eşitdikdə, onda dövlət nişanəsi zahir oldu. Buna görə həmd və şükürlər etdi. (Sonra) Əqli yanına çağırdı və onu xəcalətdən qurtardı.

Dövlət itaətkar və düşmən təslim olunca Ədavətin işi tamam oldu; Pəhrizə buyurdu ki, bir müddət həvassın (hisslərin) qapılarından tərpənməsin, Qidanın ixtiyarını alsın ki, Zəf təkrar qüvvətlənib fitnə qaldırmasın. Axırda Zəf də məğlub olub Bədən ölkəsindən çəkildi.

Ruh kəmali-əzəmətlə yüksək bir dərəcəyə çatdı. Onun keyfiyyəti cövhərə, cövhəri cismə və cismi ərəzə tam bir lətafət verdi. Gözəlliyi, işvəsi, sevimliliyi həddən aşdı. Köhnə dostların da onunla müsahib (həmsöhbət, yoldaş) olmaq ləyaqəti qalmadı. Yalqız idi, yoldaş axtarırdı; mətaı vardı, müştəri arayırdı.

Fərəh Hüsn ilə yoldaş olmaqla onun dostluq nəqşini könül lövhəsinə yazırdı. Bir gün dedi:

– Ey könül açan Hüsn! Ey dünya yandıran şam! Xeyli müddətdi uzaq və Ruhun ayrılığından narahətəm. Vaxtdır ki, vəfa-yoldaşlardan sızlıq yolunu tərk edəm, qədim dostları xatırlayam.

Hüsn naz ilə söylədi:

– Ey könül oxşayan yoldaş! Ruhdan çox söz söylədin, onun tərifində incilər deşdin, mən onu görmək və onun mərifət bağçasından bir gül dərmək istəyirəm. Fəqət bir şərtlə ki, məndən xəbəri olmasın və məni tanımasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri