Səhifə 1 / 3

Azərbaycan türkləri musiqini çox sevir və olduqca ona həvəc edirlər. Musiqi əməlinin şəriət tərəfindən günah hesab edilməsi bu həvəsi heç də söndürə bilmədisə də, fəqət musiqinin tərəqqi etməsinə qarşı böyük məmaniət təşkil etdi, o səbəbdəndir ki, Şərq musiqisi və o cümlədən Azərbaycan türklərinin musiqisi qədim zamandan ta indilərə kimi heç bir tərəqqi və inkişaf üzü görməyib, hənuz ata-babadan qalma bir halda davam etməkdə olduğu kimi, sazlarımız, yəni musiqi alətimiz dəxi bu gün ən ibtidai və naqis bir haldadır.

İslam aləminin mədəniyyət dövrü zamanındakı filosof və böyük alimləri musiqinin əvvəla, elmi əsaslara məbni mədəni bir sənət olduğunu və saniyən insanın əhval-ruhiyyəsində müxtəlif təsirlər buraxan və hətta bəzi əsəbi mərəzlərə qarşı əlac yerində qollanıla bilən ciddi bir fənn olduğunu gözəlcəsinə dərk edib, musiqi elmi üstündə bir xeylicə çalışmışlardı; bunların çalışmaları nəticəsindədir ki, bu gün Şərq musiqisi bugünkü Avropa musiqisindən əsrlərcə geridə qalmış olsa da, öz vaxtında müəyyən bir tərəqqi və mədəniyyət dərəcəsinə yetişmiş olduğunu bu gün elə mövcud olan müxtəlif təsirli muğam və dəsgahları ilə aşkar surətdə göstərməkdədir.

Fəqət o zamandan indiyə kimi onun dalınca düşən və bir kərrə başlanılmış və doğru bir tərəqqi yoluna qoyulmuş olan bir zərif sənətin meydanını genişləndirənlər olmayıb, biləks hər yerdə “həram” hesab edildiyinə görə min il bundan əvvəlki haman baği qalmışdır.

Musiqi tərəqqi etmədiyinə görə xalqın tərbiyə musiqisi və zövq musiqisi mütənasib dərəcədə olub mövcud musiqilərindən böyük bir məhdudiyyət hasil edirlər.

Azərbaycan türklərinin musiqiyə olan münasibətini nəzər tədqiqə aldıqda görünür ki, bir tərəfdən, musiqi ümumi iştirakilə icra edilən bir adət digər tərəfdən, tək-tək şəxslər tərəfindən işlənilən bir peşədir.

Məsəla, Azərbaycanın bir çox mahallarında toy və düyün zamanı, yaxud bayram və başqa bir şadlıq günlərində camaat hamısı bir yerə yığılıb ikitərəfli olaraq (“deyişmələr” oxuyarlar, “zopu”ya gedərlər, öz-özlərinə “çalıb-çağırarlar” və yaxud bir şəxs öldükdə “yas” qurub (baxüsus arvadlar) avaz ilə hamı birdən münasib məqam sözlər oxuyub (xor kimi), sonra ağlarlar; bu yerdə musiqi istemalı xalq adətlərindən biri hesabında olub hamılıqla icra edilir, yaxud yenə adət qəbilindən olmaq üzrə bir iş zamanı təklikdə də icra olunar; məsəla, əkin əkəndə, mal-qara otaranda, at suvaranda, qoyunları sayanda və ya başqa bir şey sayanda və eyni surətlə şəhərdə bənnalıq, ustalıq edəndə, mədrəsələrdə dərs oxuyanda, qəbiristanlıqda quran oxuyanda “zümzümə” etmək geniş bir adətdir.

Peşə və sənət məqamında isə musiqi icrası “ustad”ların işidir; bu ustadlar, qabiliyyət və ləyaqətlərinə görə iki zümrəyə ayrılırlar: biri şəhər və yaxud “məclis” musiqiçiləri ki, bunlara məlum olduğu üzrə “xanəndə və sazanda” dəstəsi deyilir; o biri zümrə “kənd” və ya “çöl” musiqarlarıdır ki, onlar da “aşiq (aşıq) və zurnaçı” dəstəsidir. Bunlardan birinci dəstəyə “mədəni” və ikinciyə “bədəvi” demək caiz hesab edilərsə, təfavütləri daha bəlli görünər.

Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olar ki, onlardan biri oxuyar, təğənni edər, digəri “tar” və üçüncüsü isə “kamança” çalar; bu dəstənin əhli bütün muğam və dəsgahları lazımınca bilməlidirlər; baxüsus xanəndə bir çox şeir, qəzəl və təsniflər hifzində saxlamalıdır; tarçalan dəxi dəsgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə “rəhbər”lik etsin, yəni xanəndə bir “guşə”ni oxuduqdan sonra onun dalınca gələn guşəni çalıb xanəndəni qızışdırsın, kamançaçı isə əksərən tarçalanın dalınca gedir; xanəndə gözəl səsə malik olub ustadanə təğənni etməkdən əlavə bir də “zərb” alətindən olan “qaval”ı da ustadlıqla çala bilməyə borcludur ki, “rəng” və “təsnif”lərə keçdikdə “bəhr” tuta bilsin.

Bu dəstə çox vaxt “arif”lər məclisinə düşdüklərinə görə, sənətlərində mahir və qabil olmaları lazım gəlir və illah “biyabır” ola bilərlər, yəni tərif, tövsif muzd əvəzinə föhş və söyüşə düçar olmaqdan əlavə “çörəkdən kəsilərlər”.

Şayan diqqətdir ki, xanəndə və sazəndələr belə “haram” bir əməli özlərinə peşə etdiklərinə görə “kəffareyi-günah” üçün məhərrəmlik zamanı məscidlərdə nöhə və mərsiyə oxuyarlar, yaxud ziyarətə gedib hacı və məşədi olarlar...

Aşıq dəstəsi dəxi əksərən üç nəfərdən olub, bunlardan biri həm oxuyar, həm də “saz” çalar, iki yerdə qalanı isə alət nəğmədən olan “balaban” çalar; balabançının ikisi “zü” tutan və yaxud “dəmkeş” deyirlər ki, bunun vəzifəsi hava çalmaq olmayıb yalnız bir sədanı uzatmaqdan ibarətdir; balaban çalanlar “tütək” və “zurna” dəxi çalarlar; bu halda bunların xanəndəsi dəf (təbil) çalmalıdır; aşıq dəstəsi çox vaxt muğamat və dəsgahlardan bixəbər olub “repertuar”ları xalq mahnılarından və nağıllardan əmələ gəlir; nağıl vaxtı aşıqlar otaq içində gəzişə-gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə şirin-şirin nağıllar söyləyib oxuyarlar.

Böyük toylara həm xanəndə və həm də aşıq dəstəsi çağırarlar və növbətlə oxudarlar.

Azərbaycanda məşhur xanəndələr, tarzənlər və habelə aşıqlar çox olmuşdur.

Oxunan və çalınan şeylər “şəkil” cəhətincə ümumiyyətlə, iki növdür: bəhrli havalar və bəhrsizlər; bunlardan bəhrlilərin həm havası və həm də şəkli müəyyən olub oxunan və çalınan zamanda zərb vurmağa ehtiyacı vardır; yəni onların çalğısında zərb alətləri dəxi iştirak edir. Bəhrsizlər çalğısında isə zərb aləti vurula bilməz. Belələrinə, yəni bəhrsizlərə Azərbaycanda (İranda dəxi) dəsgah deyirlər (osmanlılarda böylə şəkildə musiqiyə “təqsim” deyirlər).

Məncə, dəsgah sözünün bir mənası dəxi rusca “sooruşenie” deyilən bir təbirdir ki, musiqidə dəxi məcazən o mənada işlənilir, yəni müxtəlif muğam parçaları bir-birinə yaraşmaq və uyğun olmaq şərtilə cəm edilib bir dəsgah əmələ gəlir: məsəla, rast dəsgahını təşkil edən muğam parçaları müxtəsərən böylədir: rast, üşşaq, hüseyni, vilayəti, xocəstə (şikəstəyi-fars), əraq, pəncgah, gərayi, rast ki bunların hər parçasına bəzən şöbə, bəzən guşə və bəzən avaz deyilər.

Dəsgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış olmalıdır; barmaq hesabı yazılmış şeir və qəzəllər dəsgahlar üçün yaraşmaz, əruzla yazılmış qəzəlin vəzni dəsgahın musiqisi üçün dəxi vəzn məqamını tutur.

Dəsgah oxuyan xanəndə şerin qısa hecasını necə ki var qısaca tələffüz edib uzun hecasında avaz ilə növ-növ “zəngulə”lər, “kalaratur”lar edib istədiyi qədər uzadıb səsi işlədir; məsəla, “məfail” vəznindəki sözün mə-fa-il kimi üç hecası olsa da, dəsgahda “mə” hecası heç vaxt uzadılmaz, biləks “mə” hecası olduqca qısaca surətdə “fa” hecasına rəbt edilib “məfa” olar və bu yerdə, yəni “fa”da, xanəndə istədiyi kimi səsi uzadıb lazım gələn guşələri vura bilər: “mə” uzadılsa, bizcə, gülməli bir şey çıxar; əlhasil “məfail” iki hecaya bölünüb oxunar (osmanlı türkləri şeirdə hecaları başqa cür ayırıb oxuyarlar).

Deməli, dəsgah musiqisi vəzncə şerə tabe, bəhrsiz, havası qeyrimüəyyən, cümlələri qeyri-mütənasib bir növ musiqidir ki, hüsn icrası xanəndə və ya sazəndənin qabiliyyət və məharətinə bağlıdır.

Bəhri olmamaqlıq bu musiqini “not” üzrə yazmağı çətinləşdirir; bu xüsusda təşəbbüslərdə bulunanlar olmuşsa da, müvəffəqiyyət qazana bilməmişlər; dəsgahların nə növ ilə nota salına bilməsi məsələsi geniş bir təfsirə möhtac olan müxtəs və “spisiyal” bir məsələ olduğundan onun şərəfini xüsusi bir məqaləyə buraxırıq.

Dəsgahın hava, vəzn və bəhri qeyri-müəyyən olsa da, onun yolu, yəni pərdələri müsbət surətdə müəyyəndir və muğamla dəsgahları bir-birindən ayıran və hər birisinə xüsusi bir hüsn verən başlıca pərdələridir. Bu pərdələr sayəsindədir ki, məsələn, “Segah” “Şur”a, “Şur” da “Çahargah”a bənzəməyib hər birisinin də təsiri bambaşqadır.

Xanəndə üçün dəsgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, öz “fantaziya”sına geniş bir meydan açır və səsini “bəm”, “zil”, “meyxana” kimi müxtəlif “tessitura”larla işlədir.

Şərq musiqisinin gələcək tərəqqisi əmrində dəsgahların ən böyük əhəmiyyəti olacaqdır. Çünki hər bir mövcud xalq havalarının hamısı bilistisna dəsgahların pərdələrindən götürülmüşdür; deməli, dəsgah pərdələri xaricində bir dənə də olsa mahnı tapmaq olmaz.

Azərbaycan xanəndələri arasında oxunan dəsgahların məşhurları bunlardır: rast, şur, çahargah, segah, mahur, rəhab, hümayun, bayatışiraz, bayatı-kürd (şöbə surətilə dəxi) və sairə ki, onların hərəsinin müxtəlif şöbə və guşələri dəxi vardır.

Burasını da qeyd etməliyəm ki, bir para dəsgah və ya şöbələri bəhrsiz olaraq təğənni edilirkən musiqisi biləks bəhrli olub zərb aləti dəxi işlənir; məsələn, heyratı, kabili, mənsuriyyə, simayi-şəms; ovşarı (əfşarı) kimi; dəsgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümləsindən biri də “Şikəstə” və digəri “boyatı” (bayatı)dır.

Şikəstə və bayatıya aşıq dəstəsinin dəsgahı demək olar, çünki bu növ musiqi təğənnisi əsl onların sənətidir; şikəstə və bayatını çox vaxt çöllərdə, meşələrdə, qərəz, ev xaricində oxuyarlar; bunlardan şikəstə, segah, bayatı da “qatar” dəsgahları pərdələrindəndir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri