Səhifə 1 / 2

Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.

Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.

Sizə məlumdur ki, arxada yaralı əsgərlərə verilən konsertlər nə qədər şən keçir, onları ruhlandırır. Cəbhə üçün çalışan fəhlə və kolxozçularımızın, ziyalılarımızın ruhla işləmək və istirahət etmək üçün musiqiyə qulaq asmağa ehtiyacı vardır. Deməli, musiqi xalqın bugünkü vəziyyəti ilə, müharibə ilə sıx əlaqədardır.

Biz hələ indiyə qədər istər cəbhədə, istər arxada verilən musiqi verilişlərinin tərtibi, onun yaxşılaşdırılması, bu işin nizama salınması haqqında xüsusi olaraq danışmamışıq. Məlumdur ki, konsertlər çox tez-tez verilir, odur ki, konsertdə iştirak edən yoldaşlar bir o qədər hazır olmur, onun nəticəsində bəzən lazım olan nəticə əldə edilmir. Hospitallarda verilən konsertlərdə elə musiqi çalınır ki, yaralının ağrısını azaltmaq əvəzinə onların əsəblərinə daha da pis təsir edir. Əlbəttə, belə musiqinin olmaması olmasından daha yaxşıdır. Konsertlərdə iştirak edən bədii kollektivlər və bu işin başında duran yoldaşlar öz vəzifələrini lazımi qədər başa düşməli və elə etməlidirlər ki, hospitallarda verilən konsertlər xəstələri razı salsın, onlara xoş gəlsin.

Səyyar briqadalardan başqa konsert verən bədii briqadalarımızın ən mühüm yeri filarmoniyadır. Konsertlər estradada və radio ilə də verilir. Bu təşkilatlar da öz işlərini yaxşı qurmalıdırlar.

Repertuarımız nədən ibarətdir? Bizim repertuarımız əsasən el mahnılarından qurulur. Xor kollektivləri və yaxud tək-tək oxuyan oğlan və qızlar el mahnıları və muğamat ifa edirlər. Bu gün el mahnılarına və muğamata daha artıq fikir verilməsi təbiidir. Lakin aşıq mahnıları və bəstəkarlarımızın əsərləri də repertuara daxil edilməlidir.

El mahnılarını seçmək lazımdır, çünki elə mahnılar vardır ki, bunları dinc vaxtında oxusaq zərər yoxdur, ancaq müharibə vaxtında, madam ki, bizim hər bir işimiz, hər bir çıxışımız cəbhəyə kömək etmək üçündür, onlara tənqidsiz yanaşmaq düzgün olmazdı. Hər bir şeyə tənqid nöqteyi-nəzərindən baxmaq lazımdır. Qeyd etməliyəm ki, radioda və filarmoniyada verilən konsertlərdən məlum olur ki, bu işə rəhbərlik zəifdir. Məsələn, belə olur: radioya bir nəfər oxuyan gəlir; ondan soruşurlar: “Nə oxuyacaqsan?” O da deyir ki, filan havanı oxuyacağam. Oxuyan hazırlıqsız oxuyur, çox vaxt səsini tarla uzlaşdıra bilmir, xaric oxuyur, yaxud çaşır, ümumiyyətlə, xaltura əmələ gəlir. Vəziyyətimizin ciddi bir vaxtında, cəbhə mübarizəmizin kəskinləşdiyi, müharibənin bizdən daha artıq səy tələb etdiyi bir zamanda radiodan “Dedim bir busə ver” və s. sözlər eşidilir. Halbuki el mahnılarının insana ruh verən gözəl nümunələri vardır. Onları oxumaq lazımdır, onlardan bəstəkarlarımız öz yaradıcılığında istifadə etməlidir.

Cəbhə üçün şeir yazan şairlərimiz çoxdur. Gözəl xalq havalarını indiki vəziyyətə münasib sözlərlə oxumaq olar. Şairlərimiz də bu cür havalara münasib yaxşı sözlər yaza bilərlər. Müharibənin gərgin bir vaxtında “Dedim bir busə ver, dedi vermərəm” çalınıb oxunması yersizdir.

Halbuki bizim sovet qızları müharibədə ciddi rol oynayır, bir çoxları hətta səngərlərdə vuruşur; belə olan vaxtda o hansı xanımdır ki, busə versin? Bu nəğmə görünür ki, ayrı bir vaxta aiddir. Busə keçmişdə çadra altında olan xanımlara qoşulan sözlərdir. İdarə başında duran, repertuar tərtib edən bir adam belə şeylərin oxunmasına icazə verirsə, deməli, o öz vəzifəsini yaxşı başa düşmür və yaxud vəzifəsini başa düşür, amma buna əməl etmir.

Bugünkü günlə səsləşməyən sözlərdən yenə də göstərmək olar: “Nə durmusan dağ başında qar kimi” və yaxud belə bir xalq havasını yada salaq: “Şirvanın yastı yolu, su gəldi basdı yolu”. İddia etmək olar ki, bu hava o sözlər üçün yaradılmışdır. Həmin sözlərin əvəzində Qaçaq Nəbi haqqında qoşulmuş gözəl sözlər vardır, onları oxumaq olar, həm də gözəl hava itməz və belə bir havadan cəbhədə əsgərlər ilham alarlar.

Bir daha qeyd etmək istəyirəm ki, el havaları çox gözəldir, ancaq onların bəzisinin sözləri işi korlayır. Odur ki, o havaları başqa sözlərlə əvəz etmək lazımdır.

Bununla bərabər bilirsiniz ki, hospitallarda bir çox yaralılar yatır; odur ki, onların yanında “Yaralıyam dəymə, dəymə” və s. oxumaq olmaz, çünki bu, yaralıya pis təsir edər. Dəfələrlə bu barədə ifaçılara tapşırılmışdır. Ancaq hələ bir yenilik yoxdur. Əlbəttə, bu işdə hamımızın təqsiri vardır. Bizə dəfələrlə göstəriş verilmişdir ki, radio konsertlərin proqramını nəzərdən keçirək. Lakin bu işə əməl edilmir.

Bir neçə söz muğamat haqqında! Dəfələrlə göstərmişik ki, “Qatar”ı oxumağın bu saat o qədər də əhəmiyyəti yoxdur, çünki düzgün və tamam oxumurlar. Bəs oxunan nədir? Görürsən ki, iki kəlmə söz deyir, dalısını ağlayır. Nədənsə bu havanı bütün oxuyanlar sevir. Əvvələn, muğamlar bir-birindən ayrılır. Məsələn, çahargahın bağışladığı təsir başqadır, o birisinin təsiri isə başqadır. Mən dəfələrlə demişəm ki, gərək bizim oxuyanlarımız muğamatın qədrini bilsinlər, elmi-təcrübi cəhətdən onları düzgün oxusunlar. Bunu bilməyənlər ya onun əhəmiyyətini başa düşmür, yaxud tənbəllikdən ürəklərində elə od yoxdur ki, onu öyrənsinlər və yaradıcılıq fantaziyasını bir az genişləndirsinlər.

Avropa musiqisində 24 qamma vardır, bunun əvəzində bizdə 120 qamma vardır. Bu cür zəngin irsə malik xalq öz musiqi yaradıcılığını inkişaf etdirir. Ancaq çox təəssüflər olsun ki, el mahnılarını bəzi sözlər korlayan kimi, muğamatı da bəzi oxuyanlar korlayır.

Bizdə muğamat oxuyanlar iki cürdür: biri – çoxdan oxuyanlar, o birisi – təzə oxuyanlardır. Təzə oxuyanlar elə bilirlər ki, hər nə oxusalar axırını gərək segah ilə qurtarsınlar. Axırda məlum olur ki, bu “Rast” oxuyur, “Bayatı-Şiraz” və yaxud başqa bir şey oxuyur.

Bir gün mən Əlövsətə qulaq asırdım. Əlövsət “Bayatı-Şiraz” oxuyurdu. Yollarını bilmədiyi üçün muğamatı düz oxumadı. Sonra mən soruşdum ki, o, nə qədər qonorar alır; məlum oldu ki, çox böyük qonorar alır. Mənim buna çox hayıfım gəldi. Mənim nəzərimcə, bu cinayətdir.

Bəzi oxuyanlar xalq mahnısını – “Apardı sellər Saranı” düzgün oxumur. Sonra “Segah” oxuyanlar da onu elə uzadırlar ki, camaat da yatır. Konsertlərin repertuarını tərtib edərkən biz gərək yaddan çıxarmayaq ki, biz düşmən ilə gərgin müharibə aparırıq; odur ki, biz iradəmizi gərək daha da möhkəmləndirək. Bununla da mən demək istəmirəm ki, “Segah” oxumaq lazım deyil; ancaq bu cür “Segah” oxumaq üslubuna qarşı mübarizə aparmaq lazımdır.

Köhnə oxuyanlardan bizim hörmətli xalq artistlərdən Cabbarı çox az eşidirik. Buna da çox təəssüf edirik.

Qədim xanəndələrin bəzisinin oxumaq üslubu xüsusi məktəb görmədiklərinə görə belə idi: ağzını açdıqda elə bil ki, kimsə ölüb, onu aparıb basdıracaqlar. Çünki oxumaq üslubunda mədəni vasitələrin heç birindən xəbəri yox idi. Ata-babalarından necə eşitmişsə, eləcə də oxuyurdu.

Bundan başqa, şeir oxuduqda onun daxili məzmunu ilə maraqlanmalıdır. Əvvələn, sizə məlumdur ki, şeir misralardan düzəlir, cümlənin yarısını o biri misra tamamlayır. Sözlər musiqiyə qoşulduqda, buna fikir verib, şerin tələbinə görə oxunmalıdır. Bir də görürsən ki, xanəndə şeri bir-birinin dalınca deyir: bir misra bu şeirdən, o biri misranı o biri şeirdən. Beləliklə, bütün şeir pozulur. Elə xanəndə olur ki, o, cümlələri layiqincə və öz yerində deməyə qadir deyil, ona görə də cümlələri bir-birinin dalınca deyir ki, tez qurtarsın. Bunların hamısı ondan irəli gəlir ki, indiyə qədər bizdə hələ elə bir məclis qurulmamışdır ki, orada bir nəfər muğamat oxusun və ona qulaq asılsın. Mən bunu əlbəttə ki, oxuyanları bir-biri ilə vuruşdurmaq üçün deyil, bir-birinə kömək etmək, bir-birindən öyrənmək məqsədilə deyirəm. Mənə belə gəlir ki, pis adətləri tərk etmək olar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 60

Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.

2 dəq
Ordan-burdan 61

Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..

1 dəq
Ordan-burdan 62

Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!

2 dəq
Ordan-burdan 63

“Dərə xəlvət tülkü bəy”Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?

1 dəq

Başqa şairlərin şeirləri