Muğamat və xalq mahnılarının ifası haqqında
Səhifə 2 / 2 · 50%
Bir dəfə mən radioya qulaq asırdım: “Rast” oxuyurdular. “Rast”ın “Zəminxara” yeri vardır; məlum oldu ki, onu yaddan çıxarıblar, onun yerinə “Şahnaz” oxuyurlar.
“Rast”ın dinləyiciyə təsiri böyükdür. O, insanda mərdanəlik hissi oyadır. Ancaq bu da yaddan çıxıb gedir. Sonra “Segah”ın özünü də sızıldayaraq oxuyurlar. Təkrar edirəm: sülh vaxtı olsa idi, zərər yoxdur, ancaq indi sızıldamaq yeri deyil; “Segah”ı biz necə oxumalıyıq? Bunu ən gözəl bir surətdə, heç bir sızıltı etməməklə elə oxumalıyıq ki, “Segah” segahlığında qalsın.
Ən pis müamilə “Bayatı-Şiraz”la olur. Onu bu gün heç bir hörmətə layiq olmayan şeyə döndərmək istəyirlər. Halbuki onun xüsusi təsiri vardır. Müharibə vaxtında ondan istifadə etmək olar. O, yerində işləndikdə bizə nə qədər kömək edə bilər! Yersiz işlətdikdə, o, ancaq zəhlə tökə bilər. Görürsən ki, çalanlar da “Bayatı-Şiraz” arasında başqa bir şey çaldı.
Keçən dəfə Əlövsətin çıxışında tar çalan (deyəsən Hacı idi) “Bayatı- Şiraz” arasında bir rus havası çaldı. Mən qorxdum ki, indi Əlövsət özünü itirəcək; yaxşı ki, tarzən sonra yenə “segaha” döndərdi və onunla qurtardı!..
Sonra, yoldaşlar, o gün bilmirəm kim isə deyirdi ki, filankəs 40 dəqiqə “Şur” oxudu. Halbuki 40 dəqiqə içərisində operanın bir aktı gedir. İş bundadır ki, muğamat çalanlar və yaxud oxuyanlar həmişə musiqini tamam etmək üçün vaxt istəyirlər. Nə qədər vaxt lazımdır? Hədsiz vaxt olmaz! Muğamatı istədikdə 4 saat da oxumaq olar, istədikdə 5 dəqiqə içərisində də oxumaq olar.
Məsələn, belə olur: ifaçı “Rast”ı başlayır, mayəsini çalır, sonra variantını üç dəfə çalır və keçir “Əraqa”, bunda da yenə təkrarlara yol verir. Çalğıçı gəzişir, axtarır və müəyyən variantlardan sonra gedib mətləbə çatır. Beləliklə, bunu nəinki 40 dəqiqə, 2 saat davam etdirmək olar. Halbuki bütün dəsgahı az vaxt içərisində qurtarmaq olar. Məsələn, özünüz görübsünüz, 10 dəqiqə içərisində operanın müəyyən bir aktı gedir, burada böyük və müəyyən bir hadisə olur, özü də cəmi 10 dəqiqə vaxt aparır. Bir muğamatı saatlarla oxuyan adama bir deyən yoxdur ki, nə üçün belə edirsən? Odur ki, o da istədiyini edir. Misal vardır deyərlər; “aşiqin sözü qurtaranda yarım-yarım deyər”, onlar da buna oxşayır.
Siz bilirsiniz ki, Azərbaycanda musiqi... get-gedə inkişaf edir. Əvvəllər musiqiyə qulaq asmaq çaxır içmək kimi bir iş hesab edilirdi. Ancaq indi musiqi mədəniyyətimiz yüksəlmiş və tələbatımız da artmışdır. Aktyor səhnəyə çıxan kimi öz rolunu necə ifa etdiyi o saat hiss olunur. Mədəniyyət artdıqca musiqiyə tələbat da artır. Bülbül oxuyanda onun ifasından camaat razı qalır; çünki o, düzgün və təsirli oxuyur. Səhnəyə gərək usta çıxasan; xam çıxdıqda camaat konsertdən narazı qalır. Buna görə də işdə olan nöqsanı burada qeyd etmək lazımdır; bir çox yeniyetmə qız və oğlan radioda öz bildikləri kimi oxuyur, maneraçılıq edir, sözləri dəyişdirirlər. Onlara deyilməlidir: niyə belə oxuyursan? Nədənsə üzərlərinə böyük vəzifələr düşən idarə rəhbərləri bu yolda heç bir iş görmürlər. Bunun nəticəsində istənilməyən hərəkətlər əmələ gəlir.
Mən bir misal da gətirmək istəyirəm. Yoldaş Sarabski əvvəllərdə çıxıb oxuyurdu, heç kəs də deməz ki, o pis oxuyurdu. Bununla belə o heç vaxt özünü öyməmişdir. Ancaq indi görürsən ki, bir dəfə birinin adı çıxıbdır ki, yaxşı oxuyur, o öz tərifini eşidən kimi o saat deyir ki, gərək mənim qonorarımı artırasınız. Bir sözlə “Arşın mal alan”da Soltan bəy dediyi kimi, “mənim adımı hamı əzbərdən bilir”. Çox təəssüflər olsun ki, belə adamları biz səhnəyə çıxarırıq; belə adamları səhnədən qovmaq lazımdır. Çünki əgər onda artist odu varsa, o gərək getgedə öz üzərində çalışsın və ifaçılıq mədəniyyətini yüksəltsin. Hərgah o başqa şey dalınca gedirsə, onu qovmaq lazımdır.
Bəzən görürsən ki, bir aktyor məşq zamanı tarın səsi ilə öz səsinin uyğun gəlib-gəlmədiyinə heç fikir vermir. Odur ki, öz hörmətini bilən aktyor camaatdan hörmət tələb etməzdən qabaq, öz-özünə hörmət etməlidir. Qədimdə belə idi: bir dəfə məclisdə zənguləni pis vurduqda xanəndə utanar, bir daha məclisə gəlməzdi. İndi isə biri pis oxuduqda buna fikir verilmir, camaatın tələbi də yaddan çıxıb gedir.
Aşıqları inqilabdan əvvəl elə hala salmışdılar ki, onlar ancaq kəndlərdə işləyirdilər. Ancaq bu gün aşıqlar musiqi təbliğatında bizə kömək edir və bu işdə böyük rol oynayırlar. Onların sənəti şəhər musiqisinə yenilik gətirir, onu zənginləşdirir. Axır vaxtlarda aşıq sənəti daha çox hiss olunur. Ölkəmizdə elə bir hadisə olmur ki, aşıq ona cavab verməsin.
...Cavan bəstəkarlarımız öz biliklərini artırır, məktəblərdə oxuyurlar. Biz onlardan böyük yaradıcılıq işləri gözləyirik. Bununla bərabər, onların içərisində öz sənətlərinə əhəmiyyət verməyənlər də vardır. Mən sizə çıxışımın əvvəlində dedim ki, mən tənqidi çıxış edəcəyəm.
Axır zamanlarda bir musiqi eşitdikdə heç bilməyirsən ki, bu haradandır. Bu barədə “Krokodil” jurnalında yaxşı bir şey yazmışlar: “Bəstəkar Volqakamski öz əsərinin mühüm hissəsini itirmişdi; onu axtarıb tapmaq üçün it gətirirlər, it də Çaykovskinin şəklinin qabağında durub “hürür”, yəni şəkildə onu göstərirlər ki, bəstəkar Volqakamskinin əsərinin mühüm hissəsini Y.Çaykovski “oğurlamışdır”. Bizdə də bir-birindən köçürmə, daha açıq desək, oğurlama yox deyildir.
Aramızda çox pis adət vardır: bəstəkar hazırca el havasını görüb, ora-burasını dəyişdirib, altında yazır ki, filankəsin əsəridir?! Bu yaxşı iş deyil.
Hər bir həşəratın özünü qorumaq üçün özünəməxsus bir müdafiə nişanı vardır. Məsələn, xoruzun özünü müdafiə üçün dimdiyi vardır, qoçun buynuzları vardır, bəzən bəstəkarların da özünü qorumaq üçün istədiyin qədər dikbaşlığı vardır. Belələrinə söz demə, yanından keçmə!
Görürsən ki, şair zəhmət çəkib şeir yazmış, bəstəkar onu musiqiyə salmaq istəyir, amma ondan istifadə etməyi bacarmır; o, şairin şerini qırıq-qırıq edir. Oxuduqda görürsən ki, söz yerində deyil. Məsələn, “Bizim” sözünü uzadılmış şəkildə başqa cür eşidirsən.
Radio konsertlərinə gəldikdə, ən əvvəl bilməlisiniz ki, radio konserti bütün rayonlar üçün verilir, odur ki, buraya daha artıq fikir verilməlidir, ələlxüsus müharibə vaxtında bütün fikrimiz düşməni məhv etmək olmalıdır. Belə bir zamanda cəbhə işlərinə radio necə kömək edir? Bu nöqteyi-nəzərlə baxdıqda deməliyik ki, son zamanlar radio verilişlərində müəyyən dönüş yaradılmışdır.
Bununla bərabər radio konsertləri nümunəvi olmalıdır. Hər bir çalan və oxuyan öz işinə məsuliyyətlə yanaşmalıdır.
Musiqi təbliğində intizam daha artıq tələb olunur. Hərgah bir yerdə epidemiya varsa, həkimlərimizdən tələb edirik ki, tezliklə bunun qarşısını alsınlar. Biz də onlar üçün elə musiqi yaratmalıyıq ki, onlar istirahət etsinlər.
Hamınızdan tələb olunur ki, musiqidə hamilik və radio işlərində tezliklə dönüş yaradaq. Söz yox ki, bu dönüş bu günə müvafiq olmalıdır.
Yoldaşlar, mən əminəm ki, biz düşməni məğlub və rədd edib, nəinki şəhərlərimizi, kəndlərimizi, kolxozlarımızı düşməndən müdafiə edəcəyik, habelə öz işimizdə böyük dönüş yaradacağıq. Bu gün biz düşməni tamamilə məhv etmək üçün öz işimizdə, sənətimizdə olduqca böyük məharət göstərməliyik.
Bakıda 1942-ci il sentyabrın 7-də
“Muğamat və xalq havalarının ifası”
mövzusunda müşavirədəki məruzə
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-mugamat-ve-xalq-mahnilarinin-ifasi-haqqinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.
Ordan-burdan 61Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
Ordan-burdan 62Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!
Ordan-burdan 63“Dərə xəlvət tülkü bəy”Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?
Başqa şairlərin şeirləri
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən