Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.

Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

Qəzetə oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

Qəzetə oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının giriftar olduğu müsibət və bəlanı qəzet sütunlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətdən xəbərdar olur. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

Qəzetə oxuyan müsəlman qəzetə sütunlarında dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

Qəzetə oxuyan müsəlman qəzetədən təsəlliyab olur, qəm və kədəri dağılır, qəmabad könlünü kəskinlik tapır. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar, ürəklərini deşən qəm və ələmdən xilas olub, təsəlliyab olmasınlar. “Bunlar hamısı həlaldır!”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Erməni-müsəlman sülh məclisinə dair

Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

2 dəq
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.

9 dəq
Biz hamımız Qafqazlı balalarıyıq

Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.

3 dəq
Mərəzlərimizdən biri

Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.

3 dəq

Başqa şairlərin şeirləri · Satira