Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!

Amandır olma naxələf, tutub rəhi-cəhaləti,Mənim tək ad qazangilən, büruzə ver şücaəti.Çəkinmə cövrü zülmdən, demə ki, var qəbahəti,Özünə rağib etgilən hərasdən cəmaəti,Vurub yıx, öldür aləmi, hünərlər aşikar qıl!

Olurmu elmdən görək zəmanədə səmər, oğul?Qılıbmı elm bir kəsi cahanda bəxtəvər, oğul?İnanma, xeyri var sənə, tamamıdır hədər, oğul?Əbəsdi, vermə kəndinə bu qədr dərdüsər, oğul?Görəndə elmi, məktəbi, dayanma, tez fərar qıl!

Burax təriqi-məktəbi, yüyürmə rahi-sənətə,Çalış ki, salma başını bəlavü dərdümöhnətə,Məcaz ilə dolangilən, baxan hanı həqiqətə?Həmişə talib olginən cahanda qətlü qarətə,Əziyyət eylə xalqına, cəfayi-bişümar qıl!

Fəqirə töhmət eyləmək həmişə olsun adətin,Bir eylə zalım ol, sala cahana lərzə şöhrətin,Vur, öldür, arta günbəgün xəlaiq içrə hörmətin,Qəm etmə, olsa da əgər əsir qeyri millətin,Həmişə məsləkin kimi bu xalqı tarümar qıl!

Hər ol kəs ki dəhrdə xəyalın elmə ram edər,İşıq günün əbəs yerə özünə misli-şam edər,Çəkib qəmini millətin təəyyüşün həram edər,Saqınma, milləti-səfeh ona bir ehtiram edər,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale