Təmənna et, gülüm, verrəm, yolunda nəqd canım var,Əgər bülbül deyilsəm, ondan artıq min fəğanım var.

Qara gözlər səni aldatmasın, bimaram eşqində,Əlacım qıl, sənə, ey gül, mənim təkcə gümanım var.

Qəbul etsən, yolunda canımı yüz yol fəda qıllam,Əsiri-eşqinəm, sənsiz bu aləmdə xəzanım var.

Əmanət saxla qəlbində ölüncə eşqimin sirrin,Həqiqi aşiqəm, eşqində çeşmi-xunfəşanım var.

Alıb bu canımı, birdəfəlik qurtar əziyyətdən,Baxılsa könlümə, eşqində min sirri-nihanım var.

Səni hər şeydən artıq sevmişəm aləmdə, ey zalim!Qəza gəlsin də qaçmam, rahi-eşqində təvanım var.

Məni hər bivəfaya, Vahidəm, tutma bərabər kim,Mənim də eşq mülkündə, əzizim, adü sanım var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq