Salıbdır, dilbəra, zülfün üzündə sayə hər yanə,Görünmür taği-əbrulər, düşübdür bəs ki pünhanə.

Ki, sən mahi-münəvvərsən, sənə yoxdur zaval, ey şux,Görə ruyin əgər tərsa, gəlir din ilə imanə.

Məni Məcnun edib eşqin, salıb səhrayə sərgərdan,Olub abad olan könlüm sənin eşqində viranə.

Mənə rəhm eylə, ey məhru, mənim nazlı nigarımsan,Məni, Allah rizasına, bu qədər salma hicranə.

Fəraqi-həsrətin çəkməkdə, billah, zarü giryanam,Sənin bil, rahi-eşqindir, məni salmış biyabanə.

Tənuri-eşqdə üşşaqlar könlün kəbab etmə,Tərəhhüm qılmasan, ahım salar dünyanı tufanə.

Təmənna bəsdir, ey Vahid, bu qədri etmə dilbərdən,Gələr insafə məhrulər, səni salmazlar əfqanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq